Füzulidə böyüyən GƏLƏCƏK - REPORTAJ

17 Oktyabr, 2026 - 10:07
Füzulidə böyüyən GƏLƏCƏK

"Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İlanlı, İşıqlı, Dadaşlı kəndləri və Füzuli şəhəri işğaldan azad edilmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!" 44 günlük Vətən müharibəsi dövründə,  2020-ci ilin 17 oktyabrında Müzəffər Ali Baş Komandan Azərbaycan Prezidenti İlham Əliyevin X hesabında bəyan edilən bu xəbər Füzulinin azadlıq günü kimi tarixə yazıldı. Ölkə başçısının 2023-cü ilin 31 iyul tarixində imzaladığı Sərəncama əsasən 17 Oktyabr Füzuli Şəhəri Günü kimi qeyd edilir. 

Azad edilmiş digər ərazilərimiz kimi Füzuli də "Böyük Qayıdış"ın sevincini və tarixi günlərini yaşayır. Yenidən qurulan infrastruktur 30 ilə yaxın müddətdə viran edilən torpaqlara dirçəliş gətirir. Yenilənən şəhərdə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin, 240 yerlik 1 nömrəli körpələr evi-uşaq bağçasının fəaliyyətə başlaması digər sahələrlə yanaşı təhsilin inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsidir. 

Körpə səsləri ilə bəzənən yurd

"Azərbaycan müəllimi" olaraq Füzuli şəhəri günündə 1 nömrəli körpələr evi-uşaq bağçasına baş çəkməyi qərara aldıq. 
Məlumat üçün qeyd edək ki, yeni inşa olunan məktəbəqədər təhsil müəssisəsi cari ilin aprelin 24-də fəaliyyətə başlayıb. Müasir avadanlıqlarla təchiz edilən bağçada uşaqların hərtərəfli inkişafı, öyrənməsi, əylənməsi və təhlükəsiz mühitdə böyüməsi üçün lazımi şərait yaradılıb. 

Saat 8-dir. Körpə fidanların gəlişi üçün səbirsizlənirik. Üzü bağçaya tərəf gələn valideynlər övladları ilə söhbətləşə-söhbətləşə həyətə yaxınlaşırlar.  Bir azdan həyətə şən, bir az yuxulu, bir az da dəcəl uşaqların səsi yayılır. Bu səslər təkcə bağçanı deyil, sanki bütün Füzulini bəzəyir. İllərlə sükuta qərq olmuş yurdda indi uşaqların gülüşü eşidilir, həyətləri körpə addımları canlandırır. Bu mənzərə doğma torpağın yenidən həyata qayıdışının ən gözəl ifadəsidir. Məktəbəqədər təhsil müəssisəsinə gələn valideynlər övladları ilə söhbətləşə-söhbətləşə həyətə daxil olurlar. Füzuli sakini olan Günay  Məmmədova oğlu Əliəsgəri gətirib. Günay  bu torpaqların dəyərindən, onlar üçün doğmalığından danışır. 3 yaşlı oğlunu da Füzulidə böyütməyin sevincini yaşayır. Deyir övladı da bağçaya sevgi və istəklə gəlir: "Əliəsgərin bağçaya çox böyük marağı var. Əvvəllər evdən çıxmaq istəməyən, bizdən ayrılmayan övladım indi böyük həvəslə bağçaya gedir. Füzulidə belə müasir bağçanın fəaliyyət göstərməsi bizi sevindirir. Övladlarımızın doğma şəhərimizdə, rahat və müasir şəraitdə böyüməsini görmək bizim üçün çox dəyərlidir. Uşaqların yaşıdları ilə ünsiyyət qurması, müxtəlif məşğələlərdə iştirak etməsi, yeni bilik və bacarıqlar qazanması onların gələcəyi üçün vacibdir. İstəyimiz budur ki, övladlarımız öz yurdlarında xoşbəxt uşaqlıq yaşasınlar”.

Digər valideyn Nilufər Hətəmova da razılığını dilə gətirir."Yanvarın 18-dən  Füzuli şəhərinə köçmüşük. Buradakı şəraitdən çox razıyıq. Qızım  Xalidənin müsbət inkişafına görə bu məktəbəqədər təhsil müəssisəsinə borcluyuq. O, bağçaya gedəndən sərbəst şəkildə danışmağı, kollektivdə rəftarı  öyrənib. Müəllim-tərbiyəçinin  təşkil etdiyi interaktiv oyunlar uşaqların inkişafına böyük təsir göstərir. 

Füzulinin gündən-günə dəyişdiyini, yeni binaların tikildiyini, yolların salındığını, məktəb və bağçanın fəaliyyət göstərdiyini görmək insana qürur verir. Burada uşaqlarımız üçün yaradılan şərait gələcəyə inamımızı artırır. Ən böyük arzumuz onların doğma torpaqda böyümələri, təhsil almaları, Vətəninə bağlı və savadlı insanlar kimi yetişmələridir”.

Uşaqların bağçada qazandıqları bacarıqlar, gündəlik məşğələlərdə göstərdikləri fəallıq və kollektivə uyğunlaşmaları valideynlər üçün də xüsusi əhəmiyyət daşıyır. Çünki övladının təhlükəsiz, rahat və qayğı ilə əhatə olunan mühitdə böyüməsi hər bir valideynin arzusudur.

Füzulidə yeni inşa edilən  məktəbəqədər təhsil müəssisəsi şəhərin bərpası ilə yanaşı, burada məskunlaşan ailələrin gündəlik həyatının yaxşılaşdırılması baxımından da əhəmiyyətlidir. Müasir bağçanın fəaliyyəti valideynlərə övladlarının təlim-tərbiyəsi üçün yaradılan şəraitdən yararlanmaq, onların yaşıdları ilə ünsiyyət qurmasına və müxtəlif bacarıqlar qazanmasına imkan verir.
Valideynlərlə söhbətimizi bitiririk. Həyətdən binaya tələsən uşaqları tərbiyəçi-müəllimi Kəmalə Muradova mehribanlıqla salamlayaraq onları məşğələ otaqlarına yola salır. Onun üzündəki təbəssümdə həm müəllim qayğısı, həm də doğma yurda qayıdışın yaratdığı xüsusi bir sevinc duyulur.

Kəmalə müəllim 1991-ci ildə burada doğulub. Ancaq məlum hadisələr səbəbindən ailəsi ilə birlikdə Bakıya köçmək məcburiyyətində qalıb. 2 yaşında tərk etdiyi və 31 il sonra yenidən qayıtdığı yurdunda körpələrin təlim-tərbiyəsi ilə məşğul olur. Bir vaxtlar özünün yaşaya bilmədiyi uşaqlıq illərinin sevincini bu gün körpələrin gülüşündə, oyunlarında və öyrənmək həvəsində görür.
Kəmalə Muradova duyğularını belə ifadə edir:“İllər sonra doğma torpağımıza qayıtmışıq. Həyəcanımızı, sevincimizi, qürurumuzu bir arada yaşayırıq. Uşaqlığımı, yeniyetməliyimi yaşamadığım doğma Füzulimdə bu gün gələcəyimiz olan uşaqlarımızın, övladlarımızın Vətənə layiq əsl şəxsiyyət kimi yetişməsi üçün çalışırıq. Bunlar sözlə ifadə edilməsi çətin olan, insana qürur və xoşbəxtlik bəxş edən hisslərdir”.

“Bura mənim üçün yarım qalmış uşaqlığımdır”

Kəmalə Muradova deyir ki, Füzuliyə qayıtdıqdan sonra burada həyata tez uyğunlaşıb, sakinlərlə doğmalaşıb. Bu doğmalıq hissini uşaqlarla birlikdə yaşayır. Onun üçün Füzulidə hər gün həm yeni başlanğıc, həm də illər əvvəl yarımçıq qalmış xatirələrə qayıdışdır. “31 il Bakıda yaşamışam. Füzuli mənim üçün yarım qalmış uşaqlığımdır. Burada yeni bir səhifə, yeni insanlar, yeni ətraf mühitlə bərabər yarım qalan xatirələrim də canlandı”, – deyə müsahibimiz bildirir.

“Bu “çiçəklərlə” heç darıxmaq olar?”

Məşğələ otaqlarında qayğısız uşaqların  şən gülüşləri eşidilir. Bir uşaq müəllimindən ayrılmaq istəmir, digəri oyuncaqlarını heç kimlə bölüşmək həvəsində deyil. Başqa bir balaca isə sevimli oyuncağını özü ilə gətirib. Hər birinin öz dünyası, öz istəyi, öz kiçik qayğısı var. Müəllim isə bütün bu fərqli xarakterlərə sevgi və səbir göstərərək uşaqları ümumi fəaliyyətə cəlb etməyə çalışır.
Ardınca idman hərəkətlərinə başlanılır. Balaca əllər havaya qalxır, uşaqlar müəllimin hərəkətlərini təkrarlamağa çalışırlar. Bəziləri hərəkətləri həvəslə yerinə yetirir, bəziləri isə ətrafdakıları izləyərək onlara qoşulur. Bu sadə hərəkətlərin arxasında uşaqların fiziki inkişafı, diqqətinin formalaşması və günə xoş əhvali-ruhiyyə ilə başlaması dayanır.

Tərbiyəçi-müəllim bildirir ki,  idman uşaqların bədən fəallığının artırılması ilə yanaşı, onların gün ərzində keçirilən məşğələlərə daha enerjili və həvəslə qoşulmasına da kömək edir.

Kəmalə müəllim uşaqlarla işləməkdən zövq aldığını söyləyir: “Bu “çiçəklərlə” heç darıxmaq olar? Onların çoxu kiçikyaşlı uşaqlardır. İlk dəfə bağçaya gələndə üzlərində təəccüb var idi. Bağçanın nə olduğunu, burada nə edəcəklərini soruşur, özləri üçün yeni olan mühiti anlamağa çalışırdılar. Təbii ki, bu uyğunlaşma dövrünü valideynlərlə əməkdaşlıq edərək uğurla keçməyə çalışdıq. Valideynlərə məsləhət görürdüm ki, övladlarının ən çox sevdikləri oyuncaqları özləri ilə gətirsinlər. İstəyirdik ki, uşaqlar burada özlərini evlərindəki kimi rahat hiss etsinlər. Bir müddət belə davam etdi. Zaman keçdikcə onlar bağçaya daha böyük həvəs və sevinclə gəlməyə başladılar”.

Oyunla öyrənən, sevgi ilə böyüyən balacalar

Bağçanın məşğələ otaqlarında hərəkətlilik bir an belə səngimirdi. Balacalar topları götürüb çadırların içərisindən keçir və onları halqalara yerləşdirmək üçün qaçırlar. Kimsə tapşırığı həvəslə yerinə yetirir, kimsə halqanı başqa cür istifadə etməyə çalışır, digəri isə topunu qucağından yerə qoymaq istəmir. Uşaqların hər biri oyuna özünəməxsus yanaşır. Müəllimlərinin köməyi ilə məşğələni başa çatdırırlar.

Oyun zamanı müəlliminin yanından ayrılmayan Yusif, danışmağı çox sevməyən Məryəm və dəcəlliyindən qalmayan Xalid artıq rəsm çəkmək üçün yerlərini tutublar. Növbəti qrup işi başlayır. Balacalar rəngli şəkillərdən istifadə edərək hazırlayacaqları maketi tamamlamağa çalışırlar. Kimi diqqətlə seçdiyi şəkli maketə yerləşdirir, kimi işini tez bitirmək istəyir, kimi isə rənglərlə işləməyin özündən zövq alır. Hətta bəziləri rəsm çəkmək həvəsinə o qədər qapılır ki, əllərini də rəngləməyi unutmurlar.

Rəsmini tamamlayıb sevinənlər də var, işini bitirmək üçün tələsənlər də. Hamısı həvəslidir, hamısı öz kiçik uğuruna sevinir. Müəllimlərinin onları həyətə çıxaracağını söyləməsi isə uşaqların sevincini daha da artırır.


Bağçada yaradılan müasir şərait balacaların maraqlı və səmərəli vaxt keçirməsinə imkan verir. Qeyd etdiyimiz kimi, məktəbəqədər təhsil müəssisəsi  müasir avadanlıqlarla təchiz olunub. Böyük monitor vasitəsilə müxtəlif öyrədici videoçarxlar nümayiş etdirilir, uşaqların yaş xüsusiyyətlərinə uyğun məşğələlər təşkil olunur, onlar cizgi filmləri izləyirlər. Bu imkanlar ənənəvi oyun və məşğələləri tamamlayaraq uşaqların dünyagörüşünün genişlənməsinə, yeni biliklər əldə etməsinə kömək edir.

Əlbəttə, məktəbəqədər təhsil yalnız öyrətməkdən ibarət deyil. Burada uşaqlar ünsiyyət qurmağı, paylaşmağı, növbə gözləməyi, dostlarına münasibətdə diqqətli olmağı və birgə fəaliyyət göstərməyi də öyrənirlər. Hər bir oyun, hər bir məşğələ onların gələcək inkişafı üçün kiçik, lakin əhəmiyyətli addımdır.

Füzuli bu gün azadlığın bəxş etdiyi sevinci yaşayır

Füzulinin günəşli, arabir buludlanan havasında bağçanın həyətini yenidən uşaqların səsləri bürüyür. Müəllim-tərbiyəçinin qayğıkeş çağırışları eşidilir: “Uşaqlar, yavaş! Bir-birinizi incitməyin! Ehtiyatlı olun! Əllərinizdən tutun!”.

Balacalar bir tərəfdən oynayır, digər tərəfdən tərbiyəçinin göstərişlərinə əməl etməyə çalışırlar. Həyətdəki bu mənzərə adi bir gündəlik həyat epizodu təəssüratı yaratsa da, əslində, böyük bir qayıdışın mənəvi mənasını özündə ehtiva edir.

Bir vaxtlar doğmalarından ayrı düşən insanların yenidən öz yurdlarına qayıtması, burada evlərin, məktəblərin, bağçaların tikilməsi, küçələrin uşaqların səsi ilə canlanması Füzulinin yeni tarixini yazır. Şəhərin bərpası yalnız infrastrukturun yenilənməsi deyil, burada yaşayan insanların həyatının, arzularının və ümidlərinin yenidən qurulmasıdır.

Füzuli bu gün azadlığın bəxş etdiyi sevinci yaşayır. Körpə səsləri ilə bəzənən bağçalar, uşaqların gülüşü ilə canlanan həyətlər, yeni məktəblər və quruculuq işləri şəhərin sabaha inamını daha da gücləndirir.

Azadlığın, qayıdışın və yeni həyatın mübarək Füzuli!