Gələcəyin dərsliyi necə olmalıdır?

9 Aprel, 2026 - 09:42
Gələcəyin dərsliyi necə olmalıdır?

Uzun illərdir ki, dərsliklər təhsil sisteminin əsas sütunlarından biri hesab olunur. Məktəb və universitet auditoriyalarında biliklərin sistemli şəkildə ötürülməsi üçün hazırlanmış bu kitablar müəllim və şagird arasında əsas vasitəyə çevrilmişdir. Bir çox ölkələrdə dərslik yalnız tədris materialı deyil, həm də proqramın məzmununu müəyyən edən əsas mənbə kimi qəbul edilməkdədir. Müəllimlərin dərs planları, şagirdlərin gündəlik hazırlığı və imtahanların məzmunu çox vaxt məhz dərsliklər üzərində qurulur.

Lakin son illərdə təhsil mühitində baş verən texnoloji və metodoloji dəyişikliklər mütəxəssisləri bu ənənəvi model haqqında yenidən düşünməyə vadar edir. İndi internetin sürətlə yayılması, elektron resursların çoxalması və interaktiv öyrənmə metodlarının inkişafı nəticəsində dərsliyin rolu əvvəlki kimi dəyişməz və mütləq hesab edilmir. Müasir təhsil müzakirələrində getdikcə daha çox belə bir sual səslənir: görəsən, gələcəyin məktəbində ənənəvi dərslik əvvəlki rolunu qoruyub saxlaya biləcəkmi?

Təhsil fəlsəfəsinin tanınmış nümayəndələrindən biri olan Con Devi hələ XX əsrin əvvəllərində qeyd edirdi ki, təhsil yalnız hazır biliklərin ötürülməsi deyil, həm də şagirdin fəaliyyəti və topladığı təcrübə vasitəsilə öyrənmə prosesidir. Onun fikrincə, təlim prosesi həyatla sıx bağlı olmalı və şagirdləri passiv dinləyici deyil, aktiv iştirakçıya çevirməlidir.

HAŞİYƏ. Con Devi (1859-1952) XIX-XX əsrlərin ən məşhur pedaqoqlarından və filosoflarından biridir. O, müasir təhsilin inkişafında böyük rol oynamış və təhsilin yalnız nəzəri biliklərin ötürülməsi deyil, həm də şagirdin həyat təcrübəsi ilə bağlı olması fikrini irəli sürmüşdür. Con Devinin pedaqoji ideyaları demokratik cəmiyyət və fəal öyrənmə prinsiplərinə əsaslanır. O yazdığı pedaqoji əsərlərindən birində - “Mənim pedaqoji etiqadım” (“My Pedagogic Creed” (1897) əsərində təhsilin məqsədi, müəllimin rolu və məktəbin cəmiyyətdəki funksiyası haqqında öz baxışlarını izah edir. O hesab edirdi ki, müəllim sadəcə məlumat verən şəxs deyil, şagirdin inkişafına istiqamət verən və onu düşünməyə təşviq edən bələdçidir.

Belə təhsil alanlara yönəlmiş yanaşmalar müasir pedaqogikanı bir çox istiqamətlərində inkişaf etdirmiş və nəticədə dərsliklərin funksiyası barədə yeni müzakirələr ortaya çıxmışdır. Artıq bugünkü təhsil mühitində dərsliklərə yeganə bilik mənbəyi kimi yanaşılmır. Onlar daha geniş və çoxşaxəli öyrənmə sisteminin yalnız bir hissəsi kimi qiymətləndirilir. Təhsil alanlarda tədqiqatçılıq bacarıqlarının inkişaf etdirilməsinə xidmət göstərir.

Ənənəvi dərslik  modelinin xüsusiyyətləri

Uzun müddət təhsil sistemi müəllim və dərslik mərkəzli model üzərində qurulmuşdur. Bu modeldə dərslik tədris prosesinin əsas istiqamətləndirici vasitəsi hesab edilirdi. Mövzuların ardıcıllığı, verilən məlumatın həcmi və hətta müəllimin izah üsulu çox vaxt dərsliyin strukturu ilə müəyyən olunurdu. Şagirdlərin əsas vəzifəsi isə dərslikdə təqdim olunan məlumatı oxumaq, yadda saxlamaq və imtahanlarda onu təkrar etməkdən ibarət idi. Təəssüflər olsun ki, bu ənənə hələ də  bəzi məktəblərimizdə qalmaqdadır.
Belə bir yanaşma uzun müddət təhsil sistemində səmərəli vasitə kimi qəbul edilsə də, sonradan bu modelin müəyyən məhdudiyyətlərə malik olması haqqında fikirlər meydana çıxmışdır. Tədqiqatçılar qeyd edirlər ki, yalnız dərsliyə əsaslanan təlim prosesində şagirdlərin yaradıcılığı və müstəqil düşünmə bacarıqları bəzən kifayət qədər inkişaf etmir. Bu vəziyyət şagirdlərin passiv öyrənənə çevrilməsi riskini yaradır.

Bu məsələyə tənqidi yanaşan pedaqoqlardan biri Paulo Freire “Məzlumların pedaqogikası” (“Pedagogy of the Oppressed”) (1970) adlı məşhur əsərində ənənəvi təhsil modelini “bank modeli” adlandırmışdır. Freire bu modeli belə təsvir edir ki, müəllim və dərslik bilikləri “depozit” kimi təqdim edir, şagird isə həmin məlumatları sadəcə qəbul edir və yadda saxlayır. Onun fikrincə, bu yanaşma şagirdlərin tənqidi düşünmə qabiliyyətini və yaradıcı potensialını məhdudlaşdıra bilər.

HAŞİYƏ. Paulo Freire (1921-1997) braziliyalı pedaqoq və filosofdur. O, tənqidi pedaqogika sahəsinin ən məşhur nümayəndələrindən biridir və təhsilin cəmiyyətdə azadlıq və şüurun inkişafı üçün mühüm vasitə olduğunu vurğulamışdır. Freire ən çox “Pedagogy of the Oppressed” əsəri ilə tanınır. Bu kitabda o, ənənəvi “bank tipli təhsil” modelini tənqid edir və müəllimlə şagird arasında dialoqa əsaslanan, düşünməyi və sual verməyi təşviq edən təhsil modelini müdafiə edir. Freiryə görə, təhsil insanlara öz sosial vəziyyətlərini anlamağa və dəyişdirməyə kömək etməlidir. Onun ideyaları bu gün də dünyada təhsil, sosial ədalət və demokratiya mövzularında böyük təsirə malikdir.

Freire hesab edirdi ki, təhsil prosesində müəllim və şagird arasında dialoq olmalı, biliklər birgə müzakirə və araşdırma yolu ilə əldə edilməlidir. Bu baxımdan dərslik yalnız məlumat mənbəyi kimi deyil, həm də müzakirə və tədqiqat üçün başlanğıc nöqtəsi kimi istifadə olunmalıdır.

Müasir pedaqogika da bu fikri müəyyən dərəcədə dəstəkləyir. Bir çox alimlərin fikrincə, təhsil sistemi dəyişən dünyaya uyğunlaşmalı və şagirdlərin yalnız faktları yadda saxlamasına deyil, həm də problemləri analiz etmə və yeni biliklər yaratma bacarığına diqqət yetirməlidir. Bu isə dərsliklərin təhsil prosesindəki rolunun yenidən qiymətləndirilməsinə gətirib çıxarır.

Rəqəmsal texnologiyaların təsiri

Bu  gün XXI əsrdə informasiya texnologiyalarının sürətli inkişafı təhsil sisteminə də ciddi təsir göstərmişdir. İnternetin geniş yayılması, elektron kitabların, onlayn kursların və interaktiv tədris platformalarının yaranması nəticəsində bilik əldə etməyin yolları xeyli genişlənmişdir. Əgər əvvəllər şagird və tələbələr üçün əsas məlumat mənbəyi dərslik idisə, bu gün müxtəlif rəqəmsal resurslar həmin rolu qismən oynamaqdadır.

Müasir şagird artıq məlumatı yalnız kitabdan deyil, müxtəlif mənbələrdən əldə edə bilir. Artıq onlayn məqalələr, video dərslər, virtual laboratoriyalar və interaktiv platformalar tədris prosesinin ayrılmaz hissəsinə çevrilmişdir. Bu isə dərsliyin əvvəlki kimi yeganə və dəyişməz bilik mənbəyi olaraq qəbul edilməsini sual altına alır.

Bu dəyişikliklərin elmi əsaslarından biri də Richard E.Mayer tərəfindən irəli sürülmüş multimedia öyrənmə nəzəriyyəsi ilə bağlıdır. Mayer öz tədqiqatlarında göstərir ki, insanlar məlumatı yalnız mətn vasitəsilə deyil, mətn, şəkil, qrafik və animasiyanın birlikdə təqdim edildiyi zaman daha yaxşı mənimsəyirlər.  Bu yanaşma müasir tədris materiallarının hazırlanmasında geniş tətbiq olunur.
HAŞİYƏ. Richard E. Mayer (1941) ABŞ-li təhsil psixoloqudur və insanların necə öyrəndiyini araşdıran məşhur alimlərdən biridir. O, xüsusilə tədrisdə şəkil, mətn və səs kimi müxtəlif vasitələrin birlikdə istifadəsinin öyrənməyə təsirini tədqiq etmişdir. Mayer uzun illər Kaliforniya Universitetində, Santa Barbara Universitetində professor kimi çalışmış və təhsil psixologiyası sahəsində çoxsaylı elmi əsərlər yazmışdır. Onun ən məşhur əsərlərindən biri olan “Multimediya təlimi” (“Multimedia Learning”) kitabı 2001-ci ildə nəşr olunmuşdur. Bu kitabda müəllif insanların şəkil, mətn və səs kimi müxtəlif informasiya kanallarından istifadə edərək necə daha effektiv öyrəndiyini izah edir. 

Son illərdə bir çox ölkələrdə elektron dərsliklər və rəqəmsal təhsil platformaları inkişaf etdirilmişdir. Elektron dərsliklər ənənəvi kitablarla müqayisədə daha dinamik və çevikdir. Onlar videolar, animasiyalar, interaktiv tapşırıqlar və əlavə resurslarla zənginləşdirilə bilər. Bu xüsusiyyətlər şagirdlərin mövzunu daha dərindən başa düşməsinə və öyrənmə prosesində daha fəal iştirak etməsinə imkan yaradar.

Bununla belə, tədqiqatçılar qeyd edirlər ki, rəqəmsal texnologiyalar dərslikləri tamamilə əvəz etməkdən çox onların funksiyasını dəyişdirir. Müasir təhsil sistemində dərslik artıq yalnız məlumat kitabı deyil, müxtəlif elektron resurslarla birlikdə istifadə olunan kompleks tədris vasitəsinin bir hissəsinə çevrilir.

Müasir alimlərin dərsliyin gələcəyi haqqında fikirləri

Artıq müasir təhsil müzakirələrində dərsliklərin gələcəyi ilə bağlı müxtəlif fikirlər irəli sürülür. Bir çox alimlər hesab edirlər ki, informasiya texnologiyalarının inkişafı nəticəsində dərsliklər artıq əvvəlki kimi təhsil prosesinin yeganə əsas mənbəyi ola bilməz. Bunun əsas səbəbi informasiya mənbələrinin sürətlə artması və bilik əldə etməyin yeni yollarının meydana çıxmasıdır.
Təhsil sahəsində tanınmış tədqiqatçılardan biri olan Neil Postman qeyd edirdi ki, müasir dövrdə məktəbin əsas vəzifəsi yalnız məlumat vermək deyil. Onun fikrincə, informasiya bolluğu şəraitində əsas məsələ şagirdlərə məlumatı seçmək, analiz etmək və düzgün istifadə etmək bacarığını öyrətməkdir. Bu yanaşma dərsliyin rolunun dəyişməsinə də təsir edir. Artıq əsas məqsəd məlumatı sadəcə təqdim etmək deyil, şagirdin düşünmə və araşdırma bacarıqlarını inkişaf etdirməkdir.

HAŞİYƏ. Neil Postman (1931-2003) amerikalı media nəzəriyyəçisi, pedaqoq və yazıçı idi. O, xüsusilə media, təhsil və mədəniyyətin cəmiyyətə təsiri barədə yazıları ilə tanınmışdır. Postman uzun illər Nyu-York Universitetində dərs demiş və kommunikasiya sahəsində tanınmış alimlərdən biri olmuşdur.

Postmanın 1995-ci ildə nəşr olunan “The End of Education”: “Məktəbin dəyərinin yenidən müəyyənləşdirilməsi” (“Redefining the Value of School”) adlı kitabı təhsilin məqsədi haqqında yeni düşüncə tərzi təklif edir. Müəllif hesab edir ki, məktəblər yalnız məlumat ötürən yer deyil, həm də cəmiyyətin dəyərlərini formalaşdıran mühüm institutdur. Postman kitabda təhsilin mənasının itirilməsinin səbəblərini araşdırır və məktəblərin şagirdlərə yalnız bilik deyil, həm də mənəvi və mədəni istiqamət verməli olduğunu vurğulayır. Onun fikrincə, güclü və mənalı “Böyük hekayələr” təhsil sisteminə məqsəd qazandırır. Bu əsər təhsil fəlsəfəsi sahəsində mühüm müzakirələrə səbəb olmuşdur.

Təhsil texnologiyaları sahəsində aparılan araşdırmalar da bu fikri müəyyən dərəcədə təsdiqləyir. Məsələn, Suqata Mitra tərəfindən aparılmış məşhur “Divartdakı dəlik” (“Hole in the Wall”) eksperimentləri göstərmişdir ki, uşaqlar bəzən müəllimin və ya dərsliyin birbaşa müdaxiləsi olmadan da texnologiya vasitəsilə yeni biliklər əldə edə bilirlər. Bu tədqiqatlar göstərir ki, öyrənmə prosesi yalnız ənənəvi tədris vasitələri ilə məhdudlaşmır.

HAŞİYƏ. Suqata Mitra (1952) hindistanlı təhsil texnoloqu və tədqiqatçıdır. O, texnologiyanın uşaqların öz-özünə öyrənməsinə necə kömək etdiyini araşdırması ilə tanınır. Mitra xüsusilə Hindistanda həyata keçirdiyi “Divardakı dəlik” (Hole in the Wall) eksperiment layihəsi ilə məşhurlaşmışdır. Bu layihədə küçədə yerləşdirilən kompüterlər vasitəsilə uşaqların müəllim olmadan yeni biliklər öyrənə bilmələri göstərilmişdir. Onun 2012-ci ildə nəşr olunan “Divardakı dəlikdən o tərəfdə” (“Beyond the Hole in the Wall”) adlı əsəri bu təcrübələrin nəticələrini və müasir təhsildə texnologiyanın rolunu izah edir. Kitabda müəllif bildirir ki, maraq və sərbəst araşdırma uşaqların öyrənməsində çox mühüm rol oynayır. 

Bununla yanaşı, bəzi mütəxəssislər hesab edir ki, dərsliklər tamamilə aradan qalxmayacaq. Əksinə, onlar yeni təhsil mühitinə uyğunlaşaraq fərqli funksiyalar yerinə yetirəcək. Dərsliklər biliklərin sistemləşdirilməsi və əsas anlayışların təqdim edilməsi üçün hələ də mühüm vasitə kimi qalır. Lakin onların rolu getdikcə dəyişir və daha çox bələdçi və istiqamətləndirici resurs kimi qəbul olunur.

Bunlar onu göstərir ki, müasir pedaqoji fikirdə dərsliklərin tamamilə sıradan çıxması deyil, onların funksional transformasiyası haqqında danışmaq daha düzgün hesab edilir. Dərsliklərin yeni texnologiyalara uyğunlaşdırılmasından bəhs olunur.

Dərsliklərin transformasiyası və yeni modellər

Bütün bunlar onu göstərir ki, müasir təhsil sistemi dərsliklərin funksiyasını tədricən dəyişdirir və onları ənənəvi kağız kitab rolundan çıxarıb, daha çevik və interaktiv resurslara çevirir. Bu transformasiya bir neçə istiqamətdə baş verir.
Əvvəla, rəqəmsal platformaların tətbiqi dərsliklərin mövcud strukturunu zənginləşdirir. Elektron dərsliklər interaktiv animasiyalar, videolar, testlər və layihə tapşırıqları ilə təchiz olunaraq şagirdin öyrənmə prosesini daha fəal və vizual edir. Bu isə, öz növbəsində, yalnız məlumatın ötürülməsi ilə kifayətlənməyib, eyni zamanda şagirdin problemləri və mənbələri analiz etməsinə, müqayisələr aparmasına və nəticələr çıxarmasına imkan yaradır.

İkincisi, açıq təhsil resurslarının inkişafı dərsliklərin rolunu dəyişdirən başqa bir amildir. UNESCO bu resursları dəstəkləyir və hesab edir ki, açıq resurslar müəllim və şagirdlərə müxtəlif materiallardan sərbəst istifadə etməyə imkan verir. Dərsliklər isə artıq tək və dəyişməz mənbə kimi deyil, daha çevik və mütəhərrik vasitəyə çevrilir. Belə yanaşma tədris prosesini daha adaptiv etməklə öyrənənlərin tələbatına uyğunlaşdırır.

Üçüncüsü, müasir pedaqoji modellər dərslikdən istifadənin kooperativ və layihə əsaslı öyrənmə çərçivəsində yenidən qurulmasını tələb edir. Tərsinə sinif (“Flipped classroom”) modelində olduğu kimi. (Bu model üzrə şagird evdə elektron dərslik və digər resurslardan istifadə edərək mövzunu öyrənir, sinifdə isə müəllimlə birlikdə müzakirə və praktiki fəaliyyət aparır. Bu yanaşma dərsliyin passiv bilik mənbəyi deyil, təlim prosesini dəstəkləyən vasitə rolunu gücləndirir).

Nəticədə müasir dərsliklər yalnız məlumat ötürən vasitə deyil, təlimin bütün elementləri ilə əlaqələndirilmiş interaktiv və çoxşaxəli resurs olaraq çıxış edir. Bu transformasiya dərsliyin sıradan çıxması deyil, onun funksional və metodoloji inkişafını göstərir.

Dərsliklərin gələcək rolu

Müasir pedaqoji və texnoloji inkişaflar göstərir ki, dərsliklər sıradan çıxmır, onların funksiyası və forması əhəmiyyətli dərəcədə dəyişir. Ənənəvi kağız kitablar hələ də biliklərin sistemləşdirilməsi və əsas anlayışların təqdimatı üçün mühüm vasitə kimi qalır, amma tədrisin tək və dominant mənbəyi olmur.

Dərsliklər bu gün elektron və multimedia formatlarında təqdim olunur, interaktiv tapşırıqlar və layihə fəaliyyətləri ilə zənginləşdirilir, müəllim və şagird arasında dialoq və əməkdaşlığı təşviq edir, müxtəlif rəqəmsal və açıq təhsil resursları ilə inteqrasiya olunur.
Müasir tədqiqatlar və alimlərin fikirləri göstərir ki, dərsliklər daha çox bələdçi və dəstəkçi rolunu oynayır, şagirdləri tənqidi düşünməyə və müstəqil öyrənməyə yönəldir. Təhsil yalnız məlumatın ötürülməsi deyil, şagirdin fəal iştirakı və təcrübəsi üzərində qurulmalıdır. Şagirdlər texnologiya və müasir resurslar vasitəsilə öz biliklərini müstəqil olaraq inkişaf etdirə bilirlər. Bu isə o deməkdir ki, dərsliklər artıq yeganə mənbə deyildir.

Buna görə də gələcəyin təhsil sistemi hibrid model üzərində qurulacaq. Ənənəvi və elektron dərsliklər, interaktiv resurslar və müəllim rəhbərliyi birlikdə şagirdlərin həm bilik, həm bacarıq, həm də tənqidi düşünmə qabiliyyətini inkişaf etdirəcək. Bu dəyişiklik dərsliklərin sıradan çıxması deyil, onların təhsil prosesinə uyğunlaşması və yenidən formalaşması ilə nəticələnəcəkdir.

Beləliklə, dərsliklər hələ də müasir təhsil sistemində əvəzolunmaz vasitə olaraq qalır, lakin onların rolu daha çevik, interaktiv və şagirdyönümlü (tələbəyönümlü) şəkildə yenidən qurulur. Gələcəkdə də bu ənənə davam edəcək, dərsliklər yalnız məlumat kitabı deyil, həm də öyrənmə prosesini zənginləşdirən kompleks resurs kimi inkişaf edəcəkdir.

Odur ki, təhsil tədqiqatları ilə bağlı araşdırmaların sistemində təlimin məzmunu ilə əlaqədar məsələlər ayrıca yer tutmalı, xüsusilə standartlara uyğun yeni dərsliklərin didaktik əsaslarının - prinsiplərin, məzmun komponentlərinin müəyyənləşməsi, kreativ, hissi-emosional bacarıqların formalaşmasına yönəlmiş sistemin qurulması və s. ön planda dayanmalıdır. Gələcəyin şəxsiyyətyönümlü dərslik modellərinin hazırlanması istiqamətində həm elmi, təşkilati-metodik, həm də maarifləndirici işlər aparılmalıdır.

Ənvər Abbasov,
Bakı Slavyan Universitetində rektorun məsləhətçisi, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim