Gələcəyin kodunu yazanlar: Hakatondan REPORTAJ

2 Dekabr, 2025 - 16:03
Gələcəyin kodunu yazanlar: Hakatondan REPORTAJ

Azərbaycan məktəbliləri öz ideyalarını kodlaşdıraraq hazırladıqları rəqəmsal məhsullarını Heydər Əliyev Mərkəzində nümayiş etdiriblər.

Söhbət noyabrın 28-dən start götürən Elm və Təhsil Nazirliyinin dəstəyi və “Alqoritmika” beynəlxalq proqramlaşdırma və riyaziyyat məktəbinin təşkilatçılığı ilə keçirilən Məktəblilərarası Milli Hakaton – 2025 müsabiqəsindən gedir. Yarışın final mərhələsi bu həftə yekunlaşıb. Dekabrın 1-də keçirilən mükafatlandırma mərasiminə elm və təhsil nazirinin müavini Həsən Həsənli, millət vəkilləri, ayrı-ayrı qurumların rəhbərləri, müəllimlər, şagirdlər və kütləvi informasiya vasitələrinin nümayəndələri də qatılıblar.

Məktəblilərarası Milli Hakaton – 2025 müsabiqəsinə ölkənin 63 regionundan 350 mindən çox məktəbli qatılıb. 16 min şagird seçim mərhələsində uğur qazanıb, onlardan 1600 şagird olimpiada mərhələsinə yüksəlib, 300 şagird 70 komandada birləşərək finalda mübarizə aparıb. Hazırlıq prosesində 25 mentor, 5 mütəxəssis iştirakçılara təlimlər keçib. 

Finalda komandalar turizm, ekologiya, maliyyə, mədəniyyət və incəsənət sahələri üzrə hazırladıqları veb-sayt, mobil tətbiq və oyun formatlı layihələrlə çıxış ediblər.

Məktəblilər rəqəmsal texnologiyalar dövrünə hazırlanır

Mükafatlandırılma tədbirində çıxış edən Məkəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Keyfiyyət təminatı və nəzarət şöbəsinin müdiri Nilüfər Rəhimova bildirib ki, təhsil sisteminin prioritetlərindən biri məktəbliləri rəqəmsal texnologiyalar dövrünə hazırlamaqdır. Ona görə də şagirdlərə rəqəmsal bacarıqların aşılanmasına aşağı siniflərdən başlanılır. Şagirdlərin yüksək səviyyədə təhsil almaq imkanlarının genişləndirilməsi məqsədi ilə bir sıra innovativ islahatlar həyata keçirilir. 

N.Rəhimovanın sözlərinə görə, Hakaton çərçivəsində rəqəmsal bacarıqların ölçülməsi, alqoritmik düşüncə, süni intellekt və informasiya təhlükəsizliyi üzrə 4 kütləvi açıq mərhələ təşkil olunub. İlk mərhələdə rəqəmsal bacarıqlar yoxlanılıb. Növbəti mərhələlərdə alqoritmik düşüncə, süni intellekt, informasiya təhlükəsizliyi üzrə müxtlif mövzularda təşkil edilən sesiyalarda şagirdlər müxtəlif tapşırıqları həll ediblər: “Bu mərhələlər vasitəsi ilə Hakaton, sadəcə bir yarış deyil, eyni zamanda təhsil prosesində aktuallığını artıran geniş kompetensiyalar  toplusu formalaşdıran təlim və inkişaf platformasına çevrilib”.

Hakatonda bərabər imkanlar

Bu il ilk dəfə müxtəlif bölgələrdə 147  Hakaton Mərkəzi yaradılıb. Mərkəzlərin fəaliyyəti şagirlərin müsabiqədə bərabər iştirakını təmin etməyə, texniki imkanlardan asılılığı azaltmağa xidmət edib.

Yüksək iştirakçılıq

Bu da öz nəticəsini verib. Ölkənin bütün iqtisadi rayonları üzrə yüksək iştirak göstəriciləri qeydə alınıb. N.Rəhimovanın sözlərinə görə, müsabiqənin mərhələlərinin hər birində iştirak faizi yüksək olub: “Statistik təhlillərə əsasən deyə bilərik ki, layihə gözlənildiyindən daha geniş miqyasda baş tutub. Müsabiqəyə cəlb olunan iştirakçı sayı, mərhələrə keçid faizi və finala yüksələn komandaların sayı ümumi ortalama baxımından yüksəkdir”.

Hakatonda ilk

Bu il Hakatonun olimpiada mərhələsinin mərkəzləşdirilmiş imtahan formatında təşkili yenilik olub. Bu yanaşma şagirdlərin bilik və bacarıqlarının bütün bölgələrdə eyni meyarlarla qiymətləndirilməsinə və nəticələrin obyektivliyinin artırılmasına şərait yaradıb: “Mərkəzləşdirilmiş imtahan mexanizmi gələcəkdə bu tip müsabiqələrin idarə olunması və qiymətləndirilməsi üçün metodik yanaşmaların təkmilləşdirilməsi baxımından yeni imkanlar açır”.

Layihədə əməkdaşlıq

N.Rəhimova layihədə qurumlarla qarşılıqlı əlaqələrdən də danışıb. Onun sözlərinə görə, əməkdaşlıq çərçivəsində şagirdlər üçün ekskursiyalar təşkil edilib, maarifləndirmə proqramları həyata keçirilib. O, xüsusilə informasiya təhlükəsizliyi mərhələsində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası ilə əməkdaşlığı qeyd edib. Şöbə müdirinin fikrincə, bu əməkdaşlıq təhlükəsiz rəqəmsal davranış mədəniyyətinin formalaşmasına mühüm dəstək olub. 

Nazir müavini: “175 mərkəzdə kompüter əsaslı imtahan keçirmək imkanımız var”

Elm və təhsil nazirinin müavini Həsən Həsənli şagirdlərin rəqəmsal bacarıqlarının inkişafı sahəsində aparılan genişmiqyaslı işlərlə bağlı məlumat verib. Nəticədə məktəblərdə rəqəmsal infrastruktur gücləndirilib, internet təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb: ”Bu gün 175 mərkəzdə kompüter əsaslı imtahan keçirmək imkanımız var. İnsan kapitalının formalaşdırılması ən vacib istiqamətlərdəndir və bu məqsədlə Prezident İlham Əliyevin təsdiqlədiyi strategiya çərçivəsində işlərə başlanılıb və artıq ilk uğurlarımızdan danışa bilərik”. 

Onun sözlərinə görə “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” 2022-ci ildə təsdiq olunanda məktəblərdə kompüter və internetlə təminat istənilən səviyyədə deyildi: “Bu gün artıq məktəblərdə şagird-kompüter nisbəti 1:6 səviyyəsinə çatıb. Bu isə o deməkdir ki, şagirdlər öz layihələri, öyrənmə ehtiyacları əsasında məktəblərin kompüter laboratoriyalarında səmərəli fəaliyyət göstərə bilirlər”.
Nazir müavininin fikrincə, ölkə üzrə 175 mərkəzin olması gələcəkdə müsabiqə, imtahan təşkil etmək imkanının artırılması deməkdir. Belə ki, bu əlçatanlıq növbəti illərdə müxtəlif növ qiymətləndirmələrin, müsabiqələrin keçirilməsinə imkan verəcək. Eyni zamanda, ali təhsil müəssisələrinə qəbulla bağlı işlərin daha təkmil, zamanın tələbinə uyğun formada icrasına imkan yaradacaq. 

Əmək bazarında rəqabət aparma qabiliyyətləri yüksək olan nəsil yetişir

Həsən Həsənli qeyd edib ki, müsabiqələrdə yüksək nəticələrin əldə edilməsi məktəbdə məzmunun dəyişməsi ilə bağlıdır: “600 min şagirdə informatika ddan əlavə “Rəqəmsal bacarıqlar” dərsi də keçirik və çalışırıq ki, şagirdin öz ehtiyaclarına uyğun komputer əsaslı, rəqəmsal qiymətləndirməni mümkün edən alətlərdən istifadə edək. 300 mindən çox şagird STEAM-a cəlb edilib. Bu da o deməkdir ki, şagirdlərin öz layihələrini təqdim etmək, komanda şəkilində işləmək, inandırma, əmək bazarında rəqabət aparma qabiliyyətləri daha yüksək olacaq”. 

H.Həsənli şagirdlərin yaratdığı startaplardan gəlir götürmək imkanına da diqqət çəkib: “Ayrı sualdır ki, məktəblilər hüquqi şəxs yarada bilərlərmi, ödəniş qəbul edə bilərlərmi? Bunun üzərində də növbəti illərdə çalışmaq imkanı olacaq. Ən önəmlisi odur ki, şagirdlərimizin uğurlarını gözlə görmək mümkündür və bu bizi sevindirir. Ən önəmli siqnal isə bundan ibarətdir ki, şagirdlər öz ideyalarını reallaşdırmağa başlayıblar”.
Gələcəkdə bu istiqamətdə işlərin daha da genişlənəcəyini deyən nazir müavini məktəblilərə tövsiyə verib: “Tarix də sübut edir ki, milli ideya əsasında əzmlə çalışmaq və təslim olmamaq şərtilə istənilən missiyanın, tapşırığın, istənilən çətinliyin öhdəsindən gəlmək mümkündür”.

3 dildə hazırladıqları sayt istifadəçilərinə bir çox imkanlar yaratdı, amma onları qalib edə bilmədi

Müxtəlif kateqoriyalar üzrə qaliblər mükafatlandırıldıqdan sonra layihələrlə tanışlıq məqsədilə infotur təşkil edilib. 

“Azərbaycan müəllimi” finaldakı komandaların bir neçəsinin kodlaşdırmağa nail olduqları ideyalarla, şagirdlərin təqdimatları ilə tanış olub. İnfoturumuza qalib olmayan və bu məğlubiyyətdən təsirlənərək gözünün yaşını saxlaya bilməyən Zəhra ilə tanışlıqdan başlayaq.

Zəhra Əhmədova İ.Əfəndiyev adına Elitar gimnaziyanın, Səlim İbrahimli Humanitar fənlər təmayüllü məktəb-liseyin, Yusif Hacıyev 30 nömrəli tam orta məktəbin, Zöhrab Qurbanov Həbib bəy Mahmudbəyov adına 2 nömrəli Texniki-humanitar liseyin şagirdləridir. İndiyədək hər hansı müsabiqə və yarışa qatılmayan məktəblilər Hakatonun finalında bir komandada birləşiblər. Bir-birini anlayaraq birgə işləyiblər. Amma qaliblər sırasına qatıla bilməyiblər. Onlar deyir ki, 3 dildə hazırladıqları sayt istifadəçilərinə bir çox imkanlar yaradır.

Qalib komandalar 

9-cuların “9_32” şəklində kodlaşdırılmış “Zirvə layihəsi” isə qaliblərdəndir. Həm yerli, həm xarici turistlər üçün Azərbaycanı daha rahat gəzmək imkanı yaradan tətbiq III yerə layiq görülüb.
Tuncay Paşayev, Münəvvər  Zeynallı, Musa Səttarzadədən ibarət komanda iş bölgüsünü də, vaxt bölgüsünü də düzgün aparıb. İlk dəfə bu yarışda bir araya gələn uşaqlar elə Hakatonda da ilk dəfə iştirak ediblər. Eyni işi görən məktəbli dostlarından fərqlərini belə izah edirlər: “Əslində eyni iş kimi görünə bilər. Lakin kiçik detalları gözdən qaçırmaq kiçik fərq yaratsa da, iştirakçını qələbədən uzaqlaşdırır. Bizdə Üzeyir QA Tester kimi kiçik detallara diqqət etdi və buna görə qiymətləndirmədə nəticələrimiz yüksək oldu”.

Məktəblilər deyir ki, saytlarının işlək vəziyyətə gəlməsi, turistlərin ixtiyarına verilməsi üçün bir az pul, bir az da dəstək lazımdır. Bunlar olarsa, saytları nəinki Azərbaycanda istifadə edilər, hətta dünyaya da açıla bilər.  Bu məqsədlə hərəkətə keçməyə, təqdimatla turizm şirkətləri qarşısında çıxış edib onları inandırmağa da hazırdırlar.

X-XI siniflər üzrə III yerə layiq görülən komanda yarışda 1011_15 rəqəmi ilə kodlaşdırılıb. Komanda üzvləri - Davud Əliyev 211 nömrəli tam orta məktəbin, Samir Ağalarov Tərtər rayon 1 nömrəli tam orta məktəbin, Aliyə Döyüşova Qusar rayonundakı 3 nömrəli tam orta məktəbin X sinif, Rəna Qasımova 160 nömrəli Klassik Gimnaziyanın XI sinif şagirdləridir.

Hazırladıqları tətbiq təbiətə yürüş etmək istəyənlər üçün təsadüfi və təhlükəsiz marşrutlar yaradır. Dağ turizminin inkişafına səbəb ola biləcək mobil tətbiqi təqdim edən komanda istifadəçini dağlarda təhlükəsiz yollarla, görməli yerlərlə istədiyi ünvana aparır.

Samir deyir ki, uğurlarının başlıca səbəbi sərgilədikləri komanda işi olub: “Qiymətləndirmə zamanı komanda işinə çox diqqət edilirdi. Biz də bir komanda olaraq çıxış etdik və uğur qazandıq”. 

Doqquzuncular üzrə II yerə layiq görülən “ 9_31” komandasında da məktəblilər vaxtı düzgün idarə edib, işlərini dəqiq bölüblər. Dediklərinə görə, bunun üçün xüsusi bir cəhdə ehtiyac qalmayıb. Hər kəs bildiyi işin qulpundan yapışıb: “Sinerjimiz tutdu. Uğurumuzda ən böyük pay ortaya qoyduğumuz komanda işidir”.
Rəvan Cahangirli 16 nömrəli Texniki humanitar liseyin, Tuncay Cəfərli 280 nömrəli tam orta məktəbin, Naim Əhmədov Bakı şəhəri 6 nömrəli məktəbin,  Tunar Hacızadə 5 nömrəli Qəbələ şəhər tam orta məktəbin şagirdləridir. Hakatonda birləşərək komanda yaradıb və turizm mövzusunda ikihissəli layihə hazırlayıblar. 
Ölkədaxili dağ turizmi ilə bağlı mərhələləri keçərək bonuslar əldə edir və bu bonusları hesabına tur paketlərinə endirim imkanı qazanırlar. Onların yaratdıqları sayt həm maarifləndirmə, həm də real turizm təcrübəsini birləşdirir.

XI sinif şagirdlərindən ibarət “1011_10” komandası II yerdə qərar tutub. Kənan Kərimzadə Xırdalan 3 nömrəli tam orta məktəbin, Yunis Qədirli Bakıdakı 18 nömrəli, Hüseyn Verdiyev 95 nömrəli tam orta məktəbin, Nihat Nadirli Quba rayonu şəhid Zəki Kərimov adına Birinci Nügədi kənd tam orta məktəbinin şagirdləridir. Onlar kiçik və orta biznes, həmçinin gənclər üçün faydalı ola biləcək sayt hazırlayıblar. Sayt biznesmen olmaq istəyənlər üçün əhəmiyyət kəsb edir.

Yunis deyir ki, onları qaliblər sırasına qatan saytı o hazırlayıb: “Kənan ideyasını, dizaynı Hüseynlə Yusif verdi, Nihat isə dizayna və təqdimata kömək etdi”.  

X-XI siniflər üzrə I yerin sahibi “1011_20” komandasıdır. Onlar ekologiya sahəsində innovativ İKT məhsulu hazırlayıblar.  Platforma istifadəçilərə gündəlik və həftəlik ekoloji missiyalar yerinə yetirərək bonus qazanma imkanı verir. Sosial şəbəkə funksiyası ilə dünyadakı digər istifadəşilərlə əlaqə yaradır. Sayt vasitəsi ilə aksiyalar və yenilikləri izləmək mümkün olur.

Həsən Həsənli: “Məktəblilərin hazırladıqları layihələr peşəkarların hazırladıqları startaplar səviyyəsindədir”

“Kodlaşdırma, proqramlaşdırma, layihələr üzərində iş, komanda ilə iş sayəsində şagirdlər qalib olduqları layihələri ortaya qoyublar. Sevindirici hal odur ki, məktəblilərin hazırladıqları layihələr peşəkarların hazırladıqları startaplar səviyyəsindədir. Onların kommersiyalaşdırılması sözsüz ki, növbəti mərhələnin işidir. Amma bizi sevindirən odur ki, uşaqlar öz bacarıqları, kreativ düşüncələri ilə məhsul yaratmağa başlayıblar. Bu da illərlə məktəblərimizdə aparılan məzmun islahatlarının nəticəsidir. İnanırıq ki, bu uşaqlar məzun olandan sonra əmək bazarında daha peşəkar, hazırlıqlı nəsil görəcəyik və ölkənin iqtisadi inkişafı üçün daha böyük töhfələr verəcək kadrlar hazırlaya biləcəyik”. 

Bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli deyib.

Onun sözlərinə görə, nazirlik ali təhsil müəssisələrində İKT ixtisaslarının artırılmasına xüsusi diqqət yetirir:
"Azərbaycanın aparıcı universitetlərində bu ixtisasa böyük maraq var. Gələcəkdə həmin mütəxəssislər iqtisadiyyatımızın güclənməsinə xidmət edəcək. Bu sahənin inkişafı ölkənin iqtisadi-coğrafi məkanda öz sözünü deməsinə gətirib çıxaracaq".

Nazir müavini həmçinin xeyli sayda məktəbin internet və kompüterlə təmin olunmasını vacib dəyişikliklər adlandırıb:
“Bu gün Azərbaycan məktəblərində kompüter, internet problemi yoxdur. Müəllimlərin işə qəbul və sertifikasiya imtahanları zamanı bu da bizə böyük kömək edir”.

Həsən Həsənli hesab edir ki, Hakatonun keçirildiyi 5-ci ildə 350 min şagirdi əhatə etməsi bu sahəyə böyük marağın göstəricisidir. 

Xatırladaq ki, Məktəblilərarası Milli Hakaton – 2025-in əsas məqsədi məktəblilər arasında proqramlaşdırma və rəqəmsal bacarıqların inkişafına dəstək olmaq, yaradıcı və istedadlı şagirdləri üzə çıxarmaq, eləcə də onların gələcək inkişaf imkanlarını genişləndirməkdir.

FOTO: Kənan Qafarov