Fərqli mədəniyyətlər ADA-da bir araya gəldi: Beynəlxalq Festivaldan REPORTAJ
ADA Universitetinin həyətinə addım atan kimi elə bir təəssürat yarandı ki, sanki bir neçə addımla bir ölkədən digərinə keçirsən. Pasporta və vizaya ehtiyac da yoxdur. Bir stendin qarşısında Latın Amerikasının ritmlərini eşidir, bir az irəlidə isə Asiya ədviyyatlarının qoxusunu duyursan.
Universitetin ənənəvi 14-cü Beynəlxalq Festivalı bu il də fərqli xalqları və mədəniyyətləri bir araya gətirib. Məqsəd həm mədəni müxtəlifliyi tərənnüm etmək, həm beynəlxalq əməkdaşlığı təşviq etməkdir. Geniş iştirakçı kütləsi ilə seçilən tədbirdə xarici ölkələrin səfirləri, diplomatlar, universitet rəhbərlikləri, tələbələr və məzunlar iştirak edirdilər. Qonaqlar gün ərzində 40-dan çox ölkənin mədəniyyəti, milli mətbəxi və musiqisi ilə yaxından tanış olmaq imkanı qazandılar.
Mən də bir müxbir kimi bu rəngarəng izdihama qoşulub fərqli ölkələrin nümayəndələri ilə həmsöhbət olub, onların ölkəmiz və festival haqqındakı maraqlı təəssüratlarını öyrəndim.
İlk olaraq gözoxşayan milli geyimləri ilə diqqət çəkən Rusiya stendinə yaxınlaşırıq. Rusiyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi Mariya Zolotaryova Dağıstan və Tatarıstan respublikalarının təmsilçiləri ilə birgə qonaqları salamlayır. Rusiyada 2026-cı ilin “Xalqların Birliyi İli” elan olunduğunu və ölkələrindəki çoxmədəniyyətliliyi vurğulayan Mariya xanım söhbətimiz zamanı Azərbaycan dilinin Dağıstan Respublikasının dövlət dillərindən biri kimi Konstitusiyada təsbit edildiyini fəxrlə qeyd edir.
Xalqlarımızın bir-birini hər zaman səmimi anladığını bildirən həmsöhbətimiz Azərbaycan mətbəxini dünyanın ən dadlılarından biri hesab etdiyini də söylədi: “Mentalitet baxımından bir-birimizi yaxşı anlayırıq və ortaq mədəni kodu paylaşırıq. Azərbaycanda xüsusilə məşhur qonaqpərvərliyi çox bəyənirik. Burada insanların hər zaman dəstək göstərməsi, fərqli mədəniyyətlərə hörmətlə münasibət bəsləməsi diqqətimizi cəlb edir”.
Rus təamlarının dadına baxan qonaqların arasından keçib dağlar diyarı İsveçrənin stendinə yaxınlaşdıq. İsveçrə Konfederasiyasının Azərbaycandakı səfirinin müavini Gi Bonvin (Guy Bonvin) ziyarətçilərə səyahət və təhsil imkanları barədə məlumat verirdi.
Söhbətimiz zamanı ölkələrimiz arasındakı oxşar və fərqli cəhətlərə diqqəti çəkməyi unutmayan diplomat Azərbaycan və İsveçrə arasındakı bağlı bənzərliyi coğrafiyada tapıb. Artıq iki ildir ki, Bakıda yaşayan diplomat festivalın önəmini belə vurğulayır: “Azərbaycanda da İsveçrədə olduğu kimi, dağlıq ərazilər çoxdur və bu, turizmin inkişafı üçün geniş imkanlar yaradır. Belə festivalların keçirilməsi olduqca vacibdir, çünki fərqli mədəniyyətlərin bir araya gəlməsinə və dialoqa şərait yaradır”.
Həyətdə irəlilədikcə festivalın əsas hərəkətverici qüvvəsi olan gənclərin səs-küyünə qarışırıq. Elə onların da festival barəsində fikirləri bizim üçün maraqlıdır.

ADA Universitetinin “Kommunikasiya və rəqəmsal media” ixtisasının IV kurs tələbəsi Təranə Muxtarnejad bu kimi layihələrin gənclərin dünyagörüşünə və beynəlxalq əlaqələrin möhkəmlənməsinə böyük töhfə verdiyini deyir: “Belə tədbirlərin tez-tez təşkil olunması möhtəşəmdir. Məhz bu sayədə müxtəlif ölkələrdən olan insanlarla əlaqə qurur və onların mədəniyyəti ilə tanış oluruq”.

Bir az kənarda isə BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsində təhsil alan türkmənistanlı tələbə Əhməd Buriyevlə rastlaşırıq. Azərbaycanın zəngin mədəniyyətinə və yüksək təşkilatçılıq səviyyəsinə heyran qalan Əhməd xalqlarımızın tarixi bağlarından söz açır: “Xalqlarımız tarixən bir-biri ilə sıx bağlı olub. Buna görə də ölkələrimiz arasında dostluq münasibətlərini yüksək qiymətləndiririk. Hesab edirəm ki, diplomatik münasibətlərin ən mühüm təməllərindən biri məhz mədəni mübadilədir”.
Buradan isə birbaşa ABŞ stendinin qurulduğu nöqtəyə yönəlirik. Tələbələr burada daha çox Amerika tarixinə aid müxtəlif nəşrlər və bukletlərə maraq göstərirdilər.
ABŞ-nin Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri Rendi Koul (Randy Cole) stendə yaxınlaşan ziyarətçilərin daha çox ölkəsinin təhsil və yaşayışı ilə maraqlandığını bildirir:
“Festival çox rəngarəngdir, bizə yaxınlaşan ziyarətçilər daha çox Amerikada təhsillə maraqlanır, ABŞ-də həyat və oranın mədəniyyəti haqqında məlumat əldə etmək istəyirlər. Budəfəki stenddəki sərgimiz xüsusi bir hadisəyə – ABŞ-nin yaranmasının 250 illik yubileyinə və qurucu şəxslərinə həsr olunub”, – deyə o bildirir.
Festivalın ən izdihamlı, sözün əsl mənasında addım atmağa yer tapılmayan hissəsi isə Asiya ölkələrinin stendləri idi. Çin stendindəki xəttatlıq fırçaları, rəngli yelpiklər, panda fiqurları və balqabaq fleytası hər kəsin diqqətini çəkirdi.
Bakı Dövlət Universitetində çalışan ipək geyimli çin dili müəllimləri Çjao Yulin və He Yuçin Azərbaycan xalqının səmimiyyətinə və qonaqpərvərliyinə heyran olduqlarını xüsusi qeyd edirlər. İki xalqın ailə dəyərlərinə verdiyi önəmdən danışan He Yuçin iki ölkə arasında oxşar və fərqli cəhətlərə də toxunur: “Hesab edirəm ki, Azərbaycanın mədəniyyəti çox zəngin və gözəldir. Burada insanlar son dərəcə mehriban və səmimidirlər. Hər iki xalq ailə dəyərlərinə və dostluq münasibətlərinə böyük önəm verir. Bu bizi bir-birimizə yaxınlaşdıran mühüm ortaq cəhətlərdən biridir”.
Eyni izdiham və uzun növbələr Yaponiya stendində də yaşanırdı. Üç ildir ki, ölkəmizdə səfirlikdə çalışan Kazuki Kiquçi (Kazuki Kiguchi) bizə yapon mədəniyyətinə aid nümunələri, toy mərasimlərində geyinilən ənənəvi kimononu və Daruma fiqurlarını göstərir.
Azərbaycanın bölgələrini gəzdiyini deyən yapon nümayəndə xüsusilə Şəkini və onun məşhur piti yeməyini çox sevdiyini bildirir: “Bu tədbirə ilk dəfə qatılıram və təəssüratlarım olduqca müsbətdir. Düşünürəm ki, müxtəlif ölkələrin öz mədəniyyətlərini təqdim edə bildiyi bu cür festivallar çox vacibdir. Azərbaycanı çox sevirəm. Burada yaşamaq rahatdır, insanlar mehribandır və mətbəxiniz çox dadlıdır. Təkcə Bakıda deyil, Şəkidə, Qubada və digər rayonlarda da olmuşam. Şəkini çox bəyəndim, təbiəti gözəldir, xüsusilə piti yeməyini çox sevirəm”.
Hər stenddə təkrarladığım o məlum sualı – ölkələrimiz arasındakı bənzərlik və fərqləri yaponiyalı müsahibimdən də soruşuram. Açığı desəm, aldığım cavab məni həm güldürdü, həm də acı bir həqiqətlə üz-üzə qoydu: “Oxşarlıqlardan danışsaq, həm yaponlar, həm də azərbaycanlılar ailə dəyərlərinə böyük önəm verirlər. Fərqlərə gəldikdə isə ən nəzərəçarpan məqamlardan biri yol hərəkəti və sürücülük mədəniyyətidir”.
Bu incə eyhama qarşı sadəcə təbəssüm etdim, çünki bizi birləşdirən dəyərlər olsa da, bəzi məsələlərdə nə qədər fərqləndiyimizi hər ikimiz yaxşı anlayırdıq.
Dünya turumuzu əsl doğmalıq və qardaşlıq ab-havası yayan Qazaxıstan stendində tamamlayırıq. Səfirliyin təmsilçisi Malika Batalova üzərində milli ornamentlər olan parlaq geyimdə bizi qarşılayır. Stenddə keçədən bəzək əşyaları, məşhur qazax şokoladları ilə yanaşı, köçəri mədəniyyətinin simvolu olan qımız və onun saxlanılması üçün istifadə edilən xüsusi dəri qablar nümayiş etdirilir.

Üç ildir ki, Bakıda yaşayan Malika xanım Azərbaycana uğurlar arzulayaraq qardaşlıq bağlarımızı belə ifadə edir: “Azərbaycan mədəniyyətinə böyük hörmət və sevgi bəsləyirik, çünki Azərbaycan bizim üçün yaxın və qardaş ölkədir. Türk xalqları olaraq dillərimiz, adət-ənənələrimiz birdir. Dostlarımız və qardaşlarımız inkişaf etdikcə, biz də bundan məmnunluq duyuruq”.
Saat irəlilədikcə ADA-nın həyətindəki rəngarəng izdiham yavaş-yavaş seyrəlsə də, festivalın yaratdığı xoş ovqat hələ uzun müddət yaddaşlarda qalacaq.
Foto: Kənan Qafarov



