Gələcəyin prestijli ixtisasları hansılardır? – AÇIQLAMA

7 Avqust, 2026 - 15:19
Gələcəyin prestijli ixtisasları hansılardır?

“Texnologiyanın sürətli inkişafı, rəqəmsallaşma və yaşıl iqtisadiyyata keçid əmək bazarını tamamilə dəyişir. Nəticədə gələcəyin prestij anlayışı da dəyişir. Artıq prestij yalnız yüksək keçid balı ilə deyil, əmək bazarında tələb və yaradılan əlavə dəyərlə ölçülür”.

Bunu “Azərbaycan müəllimi”nə açıqlamasında təhsil mütəxəssisi Əlmusa Atamalıyev deyib.

O bildirib ki, yaxın illərdə proqram mühəndisliyi, süni intellekt, kibertəhlükəsizlik, məlumat analitikası, biotexnologiya, bərpa olunan enerji mühəndisliyi, robototexnika, səhiyyə texnologiyaları istiqamətləri daha da aktuallaşacaq: “Məsələn, bir neçə il əvvəl "Data analitiki” peşəsi Azərbaycanda geniş tanınmırdı. Hazırda isə banklar, telekommunikasiya şirkətləri, dövlət qurumları və iri biznes strukturları bu sahə üzrə mütəxəssislərə ciddi ehtiyac duyurlar. Bu tendensiya gələcəkdə daha da güclənəcək".

Mütəxəssis onu da əlavə edib ki, valideynlər və abituriyentlər çox vaxt belə düşünürlər ki, yüksək maaş yalnız yüksək keçid balı olan ixtisaslarda mümkündür. Bu fikir reallığı tam əks etdirmir: “Məsələn, logistika, elektrik mühəndisliyi, qida mühəndisliyi, aqrar mühəndislik, satış və marketinq, maliyyə, dizayn, informasiya texnologiyaları və peşə təhsili əsasında texniki ixtisaslar bəzi ali məktəblərdə nisbətən aşağı keçid balları ilə qəbul aparsa da, bu sahələrdə peşəkarlaşan şəxslər yüksək gəlir əldə edə bilirlər.Bunun əsas səbəbi odur ki, müasir əmək bazarında işəgötürən diplomdan daha çox bacarıq və nəticəyə qiymət verir. Sertifikatlar, xarici dil bilikləri, rəqəmsal bacarıqlar və real layihələrdə iştirak məzunun əmək bazarındakı dəyərini əhəmiyyətli dərəcədə artırır.

Son olaraq bütün abituriyentlərə tövsiyə edirəm ki, ixtisas seçərkən yalnız bugünkü keçid balına deyil, 5–10 il sonrakı əmək bazarını, şəxsi maraqlarını və peşəkar inkişaf imkanlarını da nəzərə alsınlar. Çünki düzgün seçilmiş ixtisas sadəcə universitet diplomu deyil, insanın gələcək həyat keyfiyyətini, maddi rifahını və cəmiyyətə verəcəyi töhfəni müəyyən edən strateji qərardır. Bu yanaşma həm fərdi uğura, həm də ölkənin insan kapitalının güclənməsinə xidmət edir”.