Gəlin uşaqlığı yenidən uşaqlara qaytaraq – Avropa Komissiyası
Danimarkada keçirilən Avropa Süni İntellekt və Uşaqlar sammitində (European Summit on Artificial Intelligence and Children) çıxış edən Avropa Komissiyasının sədri Ursula von der Lyayen bildirib ki, Avropa İttifaqında sosial şəbəkələrin istifadəsinə yaş məhdudiyyətinin artırılması məsələsi nəzərdən keçirilir və müvafiq təklif artıq bu yay irəli sürülə bilər. Onun sözlərinə görə, Aİ ekspertləri iyul ayına qədər azyaşlıların internetdə necə qorunmalı olduğuna dair tədbirlər planı hazırlayacaq.
U.Lyayen qeyd edib ki, uşaqların rəqəmsal dünyada qorunması mövzusu Avropanın hər yerində valideynləri narahat edən məsələdir və hər kəsi düşündürür. “Texnoloji dəyişikliklərin sürətindən qorxmayan, lakin uşaqlarımızın azad və təhlükəsiz şəkildə böyüyə biləcəyi, Avropanın dəyərləri ilə qorunan rəqəmsal dünya qurmalı olduğumuzu anlayan insanların liderliyi vacibdir. Bu gün burada bizi yönləndirən əsas prinsip də budur. Hamımız bu texnoloji inqilabın yaratdığı fövqəladə imkanları görürük. Gənclərin çoxu texnologiyanın onlara aidiyyət hissi verdiyini böyük həvəslə dilə gətirir. Bunlar gözəl məqamlardır. Bunlar rəqəmsal dünyanın ən yaxşı tərəflərini göstərir: biliyə çıxış imkanı, məsləhət və dəstək tapmaq üçün məkan, ünsiyyət, yaradıcılıq və yumor üçün yeni yollar yaradan bir mühit. İmkanlar sonsuzdur”.
Azyaşlıların sosial mediada gördüyü məzmunun təxminən yarısı reklamdır
O qeyd edib ki, müasir rəqəmsal dövrdə təhlükələr də eyni dərəcədə böyükdür. “Çünki uşaqların zehni həssasdır, psixoloji zəiflikləri isə çox dərindir, mənəvi yaralar həyatboyu təsir göstərə bilər. Onlar rəqəmsal dünyaya nə qədər çox məruz qalırsa, risklər də bir o qədər artır. “Like”lar, paylaşımlar, retvitlər, bağlantılar və sair sosial medianın təsdiqləri getdikcə onların necə düşündüyünü və hiss etdiyini müəyyənləşdirir. Daimi mühakimə, daimi müqayisə və kifayət qədər yaxşı olmamaq qorxusu. Bu təzyiq dözülməz ola bilər. Və onlar bu təsirlərlə hələ dözümlülüklərinin yeni formalaşdığı bir dövrdə üzləşirlər, çünki onlar hələ uşaqdırlar. Hamımız nəticələri bilirik: yuxusuzluq, depressiya, təşviş, özünə zərər vermə, asılılıq yaradan davranışlar, kibertəqib, manipulyasiya, istismar və intihar. Süni intellektin sürətli inkişafı ilə bu risklər daha da artır”.
Onun sözlərinə görə, bütün bunlar rəqəmsal dünyanın reallığıdır. “Və açıq demək istəyirəm: bunlar təsadüfi deyil. Bunlar uşaqlarımızın diqqətini bir məhsul kimi görən biznes modellərinin nəticəsidir. Nə qədər çox diqqət, bir o qədər çox qazanc. Danimarkalı uşaq hüquqları təşkilatının araşdırmasına görə, azyaşlıların sosial mediada gördüyü məzmunun təxminən yarısı reklamdır”.
Uşaqlar məhsul deyil…
Avropa komissarı rəqəmsal asılılığın ciddi təhlükələrindən danışıb: “Gənc oğlanlar onları daha çox pul xərcləməyə sövq etmək üçün hazırlanmış oyunlara aludə edilirlər. Gənc qızlar isə bir şəkildən öz etiketlərini silən kimi gözəllik məhsulları reklamlarının hədəfinə çevrilirlər. Bunlar texnologiya şirkətlərinin şüurlu seçimləridir, uşaqların zəifliklərindən, qorxularından və özünə inamsızlıq anlarından qazanc əldə etmək üçün edilən seçimlər. Təsadüfi deyil ki, bəziləri bunu “bəşər tarixinin ən böyük beyin manipulyasiyası” adlandırır”.
Onun sözlərinə görə, bu məsələ sadəcə texniki media istifadəsi məsələsi deyil. Bu, uşaqlığın özü ilə bağlıdır, uşaqların bizim üçün nə ifadə etdiyi ilə bağlıdır. Uşaqlar məhsul deyil və dünyada heç bir texnologiya şirkətinə onlarla belə davranmağa icazə verilməməlidir. “Bir çoxları iri texnologiya korporasiyalarının gücünü həddən artıq böyük və qarşısıalınmaz hesab edir. Mən bununla razı deyiləm. Biz asılılıq yaradan sosial media dizaynlarını qəbul etməyə məcbur deyilik. Uşaqların getdikcə daha ekstremal məzmunlara yönləndirilməsini qəbul etməyə məcbur deyilik. Qızların və qadınların fotolarının süni intellekt vasitəsilə seksual görüntülərə çevrilməsini qəbul etməyə məcbur deyilik”.
Qaydaları texnologiya şirkətləri deyil, biz müəyyən edirik
Komissiya sədri qeyd edib ki, Avropanın hərəkət etmək gücü var: “Qaydaları texnologiya şirkətləri deyil, biz müəyyən edirik. Biz TikTok-a qarşı onun asılılıq yaradan dizaynına görə tədbirlər görürük, sonsuz sürüşdürmə, avtomatik oynatma və bildirişlər kimi funksiyalara görə. Eyni şey Meta üçün də keçərlidir, çünki hesab edirik ki, Instagram və Facebook öz minimum 13 yaş qaydalarını tətbiq etməkdə uğursuz olurlar. Biz Grok vasitəsilə uşaqlara qarşı cinsi istismar materiallarının yaradılması və yayılması səbəbilə X platformasına qarşı da araşdırma başladıq, Həmçinin uşaqları zərərli məzmun “tunellərinə” aparan platformaları araşdırırıq, məsələn, yemək pozuntularını və ya özünə zərər verməni təşviq edən videoları”.
Ursula von der Leyen qeyd edib ki, bütün bunlar bizim Rəqəmsal Xidmətlər Aktı kimi güclü bir alət yaratmağımız sayəsində mümkündür. Bundan əlavə, platformaların bazar gücündən sui-istifadəsinin qarşısını almaq üçün Rəqəmsal Bazarlar Aktı da yaradılıb. “Biz artıq Apple və Meta ilə bəzi işləri yekunlaşdırmışıq, Google ilə bağlı araşdırmalar isə davam edir. Biz göstərdik ki, qarşımıza çıxan çətinliklərə baxmayaraq irəliləməyə davam edəcəyik. Qaydaları biz müəyyən etmişik, bunlar qanundur və onları pozanlar cavabdeh tutulacaq. Amma biz bilirik ki, daha çox iş görülməlidir. Buna görə də “İnternetdə Uşaq Təhlükəsizliyi üzrə Xüsusi Ekspert Paneli” yaratdıq. Panelin nəticələrini qabaqlamadan deyə bilərəm ki, sosial media gecikdirilməsi ideyasını nəzərdən keçirməliyik. Nəticələrdən asılı olaraq, bu yay hüquqi təkliflə çıxış edə bilərik”.
O, əlavə edib ki, biz texnologiyanın necə ildırım sürəti ilə inkişaf etdiyini və uşaqlıqla yeniyetməlik dövrünün hər sahəsinə necə nüfuz etdiyini görürük. Sosial media üçün minimum yaş həddi ilə bağlı müzakirələr artıq gözardı edilə bilməz. Aİ üzv dövlətlərinin demək olar ki, hamısı bunun zəruriliyinin qiymətləndirilməsini istəyir. Hazırda Danimarka və daha doqquz üzv dövlət belə bir hədd tətbiq etmək niyyətindədir. Avropa Parlamenti də eyni nəticəyə gəlib.
AB komissarı hesab edir ki, məsələ gənclərin sosial mediaya çıxış əldə edib-etməməsi deyil. Məsələ sosial medianın gənclərə çıxış əldə edib-etməməsidir. Uşaqlıq və erkən yeniyetməlik formalaşdırıcı illərdir. “Mən hesab edirəm ki, uşaqlarımıza bu həssas dövrdə daha dözümlü olmaq üçün vaxt verməliyik. İzləyici toplamaq, alqoritmlərin yönləndirməsi ilə deyil, həqiqi dostlarla oynamaq, futbol meydançasında və ya musiqi qrupunda vaxt keçirmək, öz fikirlərini formalaşdırmaq, reallıqla yalanı ayırd etməyi öyrənmək üçün vaxt verməliyik. Gəlin uşaqlığı yenidən uşaqlara qaytaraq. Təcrübə etmək azadlığı olan bir uşaqlıq — çünki uşaqlığın mahiyyəti budur. Məhz bu, uşaqların yetkinləşməsinə, təzyiqlə necə davranmağı, sosial münasibətləri necə idarə etməyi və özünəinam qurmağı öyrənməsinə imkan verir”.
Davamlı dəyişiklik bir gecədə baş vermir
O, valideynlərə də bu çətin inkişaf mərhələsini idarə etməkdə kömək etməli olduqlarını ifadə edib. Əmin olduğunu bildirib ki, bir çox valideyn uşaqları internetdə qorumaqla onları dostlarının dünyasından uzaq salmamaq arasında balans tapmağa çalışıb. “Valideynlərin üzərində onsuz da böyük məsuliyyət var, gəlin bu əlavə yükü onların çiyinlərindən götürək”.
O qeyd edib ki, biz bu məsələdə sosial media məhdudiyyətini ilk olaraq tətbiq edən Avstraliyadan öyrənə bilərik: “Avstraliya artıq bu addımı atıb və minimum yaş həddini 16 olaraq müəyyən edib. Biz bunun nəticələrini görürük, daha az uşaq və yeniyetmə sosial media hesabına malikdir. Amma, əlbəttə ki, ciddi problemlər də mövcuddur. Bəzi platformalar istifadəçiləri məlumatlandırıb hesabları deaktiv etdiyi halda, digərləri bunun əksini edir. Hətta bəziləri yeniyetmələri bu qoruyucu tədbirləri aşmağa təşviq edir. Hamımız bilirik ki, davamlı dəyişiklik bir gecədə baş vermir. Amma əgər biz yavaş və tərəddüdlü olsaq, bunun bədəlini yenə də bütöv bir nəsil uşaq ödəyəcək. Buna görə diqqətli, sürətli olmalı və Avropa üçün sosial media gecikdirilməsinin necə qurulacağına dair aydın qaydalar müəyyən etməliyik”.
Biz yaş təsdiqləmə tətbiqi hazırlamışıq
U.Lyayen hesab edir ki, nəhayət, hər hansı yaş məhdudiyyəti modeli etibarlı yaş təsdiqləmə sistemindən asılıdır. “Burada yaxşı xəbərimiz var: biz tezliklə istifadəyə veriləcək yaş təsdiqləmə tətbiqi hazırlamışıq. Bu tətbiq bütün tələblərə cavab verir, dünyanın ən yüksək məxfilik standartları, istənilən cihazda işləmə, istifadənin sadəliyi və tam açıq mənbəli olması. Danimarkada, bu tətbiq yay aylarında istifadəyə veriləcək. O, Avropa COVID tətbiqinin uğuru əsasında hazırlanıb. Həmin tətbiq 4 qitədə 78 ölkədə istifadə olunub və özünü etibarlı model kimi sübut edib. Birliyimiz üzv dövlətlərlə birlikdə onu rəqəmsal cüzdan sistemlərinə inteqrasiya etmək üzərində işləyir. Texnologiyanı açıq mənbəli etdik ki, onlayn platformalar onu asanlıqla tətbiq edə bilsin. Başqa sözlə, artıq bəhanə yoxdur, yaş təsdiqləmə texnologiyası mövcuddur”.
Onun sözlərinə görə, yaş məhdudiyyəti texnologiya şirkətlərinin platformalarındakı məzmuna görə məsuliyyətdən azad olunması demək deyil. Avropada məhsul hazırlayan hər kəs onun təhlükəsizliyinə cavabdehdir. Avtomobil istehsalçıları maşınlarını təhlükəsiz etməlidir. Biz uşaqlardan öz təhlükəsizlik kəmərlərini hazırlamağı, valideynlərdən evdə hava yastığı quraşdırmağı da gözləmirik. Eyni prinsip sosial mediaya da aid edilməlidir. Texnologiya təminatçıları məhsullarının təhlükəsizliyi və təhlükəsiz istifadəsinə görə məsuliyyət daşıyırlar. Bu, Avropa prinsipidir və Rəqəmsal Xidmətlər Aktının əsasını təşkil edir. Məxfilik, təhlükəsizlik və azyaşlıların qorunması ilə bağlı yüksək standartlar məcburidir. Asılılıq yaradan modellərə, zərərli məzmuna və arzuolunmaz əlaqələrə qarşı qaydalar mövcuddur.
Bu, “təhlükəsizlik dizaynı” prinsipidir və bu müdafiə tədbirləri daha da gücləndirilməlidir. Buna görə uşaqların hüquqlarını süni intellektin inkişafı və istifadəsi ilə bağlı qaydalarımızda prioritet etmişik. Avropada təhlükəsizlik əvvəldən mövcud olmalıdır, sonradan əlavə edilən bir detal kimi yox.
O, qeyd edib ki, uşaqlarımıza daha dözümlü olmaq üçün vaxt verməliyik. “Onların həm onlayn, həm də oflayn müstəqil davranmaq bacarıqlarını inkişaf etdirməsi üçün imkan yaratmalıyıq. Sosial medianın məntiqini başa düşməli, mənfi təsirlərdən necə qorunmağı və eyni zamanda müsbət tərəflərindən necə faydalanmağı öyrənməlidirlər. Bu, hər kəsin rol oynadığı bir vəzifədir. Valideynlər nümunə olmalıdır. Müəllimlər uşaqlara bu bacarıqları erkən yaşlardan qazandırmalıdır. Media təşkilatları, QHT-lər və jurnalistlər isə öz peşəkar təcrübələri ilə mənbələri yoxlamağı, saxta xəbərləri və süni intellektlə yaradılmış görüntüləri tanımağı öyrədə bilərlər. Əsas prinsip klik etməzdən əvvəl tənqidi düşünməyi təşviq etməkdir. Media savadlılığı bütövlükdə cəmiyyətin əsas vəzifəsidir”.
Onun sözlərinə görə, Avropa haqlı olaraq dünyanın uşaqlar üçün böyümək baxımından, eləcə də valideynlərin gəlirindən asılı olmayaraq keyfiyyətli təhsilə çıxışın mümkün olduğu bir yer olması ilə fəxr edə bilər. Uşaqların ehtiyac duyduqda tibbi xidmət ala bildiyi, təhlükəsiz və azad şəkildə ətrafda oynaya bildiyi bir məkandır. Bizim vəzifəmiz bu nailiyyətləri rəqəmsal dünyaya daşımaqdır: “Bu gün verdiyimiz qərarlar qorxu ilə deyil, cəsarətlə yönləndirilməlidir. Biz tez-tez deyirik ki, uşaqlar bizim gələcəyimizdir. Bu isə hər bir uşağın azad, qorunan və gücləndirilmiş şəkildə böyüməsi üçün ən yaxşı imkana sahib olması öhdəliyini də özündə ehtiva edir. Çünki uşaqlar hər şeydən əvvəl öz gələcəkləridir və biz onların qarşısında məsuliyyət daşıyırıq. Bütün Avropa bu məsuliyyəti ciddi qəbul etməli və liderlik göstərməlidir”.



