Bu sinifdə ancaq süni intellektdən istifadə olunur: Qazaxıstanda pilot layihə
Qazaxıstanın paytaxtı Astana şəhərində məktəblərdə süni intellekt texnologiyalarının tətbiqini nəzərdə tutan "TopIQ: Smart Class 2.0" layihəsinin ilk nəticələri açıqlanıb.
"Azərbaycan müəllimi" Qazaxıstan KİV-ə istinadla xəbər verir ki, ölkənin orta təhsil sistemində süni intellektin tətbiqi üzrə milli model kimi təqdim olunan layihə çərçivəsində Astananın 99 nömrəli məktəbində yaradılan pilot sinifdə şagirdlərin dərs prosesinə cəlbolunma səviyyəsinin 32 faizə qədər artdığı bildirilib.
Layihə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən təhsil sisteminin rəqəmsallaşdırılması və süni intellekt texnologiyalarının məktəblərə mərhələli inteqrasiyası istiqamətində müəyyən edilən vəzifələrə uyğun olaraq həyata keçirilir.
"Smart Class" modeli şagird masaları, müəllim masası, interaktiv lövhə, rəqəmsal təhsil platforması və süni intellekt köməkçisini vahid sistemdə birləşdirir. Layihənin əsas məqsədlərindən biri bütün uşaqlar, o cümlədən xüsusi təhsil ehtiyacları olan şagirdlər üçün keyfiyyətli təhsilə bərabər çıxış imkanları yaratmaqdır.
Sistemdə istifadə olunan süni intellekt köməkçisi yalnız dövlət ekspertizasından keçmiş tədris materialları əsasında fəaliyyət göstərir. Bu isə şagirdlərin etibarsız məlumatlarla qarşılaşma riskini azaltmağa xidmət edir.
Müəllimlər bildirirlər ki, layihənin tətbiqindən sonra şagirdlərin dərsə marağı və fəallığı artıb. Xüsusilə xüsusi yanaşmaya ehtiyacı olan bəzi uşaqlarda məktəb həyatına inteqrasiyanın gücləndiyi müşahidə olunub.
Layihə çərçivəsində şagirdlər elektron dərsliklərdən, interaktiv tapşırıqlardan və müxtəlif rəqəmsal tətbiqlərdən istifadə edə bilir, müəllimlər isə dərs prosesini daha effektiv idarə etmək və şagird nailiyyətlərini izləmək imkanı qazanırlar.
Layihənin ilkin nəticələri göstərir ki, "Smart Class" modeli şagirdlərin təlim motivasiyasını artırmaqla yanaşı, daha əlçatan və inklüziv təhsil mühitinin formalaşdırılmasına da töhfə verə bilər.



