“Google” elmi araşdırmalar üçün yeni AI platformasını təqdim etdi

25 May, 2026 - 09:55
“Google” elmi araşdırmalar üçün yeni AI platformasını təqdim etdi

“Google” alimlər üçün elmi araşdırmaları sürətləndirməyə yönəlmiş “Gemini for Science” adlı yeni süni intellekt platformasını istifadəyə verib.

“Azərbaycan müəllimi” xəbər verir ki, platforma “Google DeepMind”in “Co-Scientist”, “AlphaEvolve”, “ERA” və “NotebookLM” kimi texnologiyalarını birləşdirərək hipotezlərin hazırlanması, məlumat analizi və elmi məqalələrin araşdırılmasını asanlaşdırır.

Şirkətin məlumatına görə, sistem alimlərə böyük həcmli elmi məlumatları daha sürətli analiz etməyə və yeni tədqiqat istiqamətləri müəyyənləşdirməyə imkan verir.

“Gemini for Science” çərçivəsində təqdim olunan “Hypothesis Generation” aləti elmi məqalələri analiz edərək yeni tədqiqat ideyaları formalaşdırır. “Computational Discovery” sistemi isə minlərlə kod variantını paralel sınaqdan keçirərək elmi modellərin hazırlanmasını sürətləndirir.

“Literature Insights” aləti elmi məqalələri cədvəllərə bölür, axtarış imkanları yaradır və avtomatik hesabatlar hazırlayır.

“Google” həmçinin “Science Skills” adlı yeni modul təqdim edib. Bu sistem “AlphaFold Database”, “UniProt” və digər 30-dan çox bioloji məlumat bazası ilə inteqrasiya olunur.

Şirkət bildirir ki, ilkin sınaqlar zamanı platforma nadir genetik xəstəliklə bağlı yeni mexanizmlərin müəyyən edilməsinə kömək edib.

Hazırda Stanford Universiteti, “London İmperial Kolleci və Frensis Krik İnstitutu daxil olmaqla 100-dən çox elmi qurum sistemin sınaqlarında iştirak edir.

Süni intellektin gələcəkdə elmi kəşflərin sürətini artıraraq qlobal problemlərin həllinə dəstək verəcəyi bildirilir.