Hər 10 tələbədən 1-i süni intellektdən köçürmə üçün istifadə edir – Araşdırma

3 İyun, 2026 - 19:36
Hər 10 tələbədən 1-i süni intellektdən köçürmə üçün istifadə edir

ABŞ-də 20 universiteti əhatə edən genişmiqyaslı araşdırma tələbələr arasında süni intellektdən akademik sui-istifadənin ciddi səviyyəyə çatdığını ortaya çıxarıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, Kornel və Berkli Kaliforniya universitetlərinin tədqiqatçıları 95 000 tələbənin davranışını analiz ediblər. Onlar belə nəticəyə gəliblər ki, tələbələrin təxminən hər 10 nəfərindən 1-i süni intellekt alətlərindən (məsələn, ChatGPT) köçürmə məqsədilə istifadə edir.

Araşdırma nüfuzlu "Science" jurnalında dərc olunub və informasiya elmi üzrə professor Rene Kizilcec və həmkarı İqor Çirikov tərəfindən aparılıb.

Nəticələrə görə, tələbələrin təxminən üçdə biri süni intellekt alətlərindən tapşırıqlar üçün mətn, video və ya kod hazırlamaq məqsədilə istifadə edib. Lakin onların 9 faizi bunu akademik qaydaları pozacaq şəkildə, yəni köçürmə və ya saxtakarlıq məqsədilə həyata keçirib.

Tədqiqatçılar bildirirlər ki, bu vəziyyət universitet diplomlarının etibarlılığı üçün risk yaradır. Onların fikrincə, əgər qiymətləndirmə sistemləri tələbənin real bilik səviyyəsini əks etdirmirsə, verilən diplomların akademik dəyəri sual altına düşə bilər.

Araşdırmada vurğulanır ki, kompüter elmləri ixtisası üzrə tələbələrin təxminən 60 faizi aylıq olaraq süni intellekt alətlərindən istifadə edir. Humanitar ixtisaslarda bu göstərici təxminən 25 faizdir.

Maraqlı məqam odur ki, STEM sahələrində süni intellektdən istifadə daha çox olsa da, bu sahədə akademik qayda pozuntusu nisbətən daha aşağı qeydə alınıb. Humanitar və incəsənət ixtisaslarında isə istifadə nisbətən az olsa da, sui-istifadə halları daha yüksəkdir.

Tədqiqat müəllifləri bildirirlər ki, generativ süni intellektin istifadəsi artdıqca onun sui-istifadə riski də yüksələcək və universitetlər bu prosesə uyğun yeni qiymətləndirmə mexanizmləri hazırlamalıdır.