“Microsoft”un yeni çipi kvant kompüterlərin hazırlanmasını sürətləndirəcək

4 İyun, 2026 - 16:50
“Microsoft”un yeni çipi kvant kompüterlərin hazırlanmasını sürətləndirəcək

“Microsoft” yeni nəsil “Majorana 2” kvant çipini təqdim edib və bu texnologiyanın kommersiya məqsədli kvant kompüterlərinin yaradılmasını 2029-cu ilə qədər mümkün edə biləcəyini açıqlayıb.

“Azərbaycan müəllimi” xarici KİV-ə istinadən xəbər verir ki, şirkətin məlumatına görə, yeni çipdə istifadə olunan kvant bitləri (kubitlər) əvvəlki nəsillə müqayisədə kvant vəziyyətini 1000 dəfə daha uzun müddət qoruyur.

“Majorana 2” çipinin hazırlanması zamanı alimlər əvvəlki versiyada istifadə olunan materialları yenidən nəzərdən keçirərək alüminiumla yanaşı qurğuşundan da istifadə ediblər ki, bu da kubitlərin sabitliyini əhəmiyyətli dərəcədə artırıb.

“Microsoft” bildirir ki, “Majorana 2” çipində kubitlərin orta işləmə müddəti 20 saniyəyə, bəzi hallarda isə 1 dəqiqəyə çatır ki, bu da kvant hesablamalarının daha etibarlı aparılmasına imkan verir.

Şirkət bu nailiyyəti bir dəfə enerji yığmaqla bir gün deyil, üç il işləyə bilən smartfon batareyasının ixtirası ilə müqayisə edir.

Yeni çip yüksək hesablama sürəti və çox kiçik ölçülü kubitlər sayəsində genişmiqyaslı kvant kompüterlərinin hazırlanması yolunda mühüm addım hesab olunur.

Mütəxəssislərin fikrincə, belə kompüterlər gələcəkdə səhiyyə, ərzaq təminatı, enerji istehsalı və davamlı inkişaf kimi sahələrdə mürəkkəb problemlərin həllinə kömək edə bilər.