“Gənclər evi” sahibkarlıq fəaliyyəti ilə də məşğul olacaq – QƏRAR
Nazirlər Kabineti ““Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması Qaydaları”nda dəyişiklik edib.
“Azərbaycan müəllimi” xəbər verir ki, qaydalara edilən əlavə ilə “Gənclər evi” müəssisələrinə müəyyən olunmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanı verilib.
Qaydalardakı yeni müddəalara görə, bu müəssisələr sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün təsərrüfat cəmiyyətləri yarada və ya həmin cəmiyyətlərdə iştirak edə biləcəklər.
Sənədə edilən digər dəyişikliklər “Gənclər evi”nin maliyyə fəaliyyətini əhatə edir. Belə ki, müəssisələrin fəaliyyətinin qiymətləndirilməsi zamanı artıq sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlər də nəzərə alınacaq.
Yeni dəyişikliklərə uyğun olaraq, “Gənclər evi”nin maddi-texniki bazası həm də sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlər hesabına formalaşacaq. İndiyədək isə bu mənbələr dövlət büdcəsindən daxil olan ayırmalar, “Gənclər evi”nin nizamnaməsində nəzərdə tutulmuş məqsədlərə nail olmağa xidmət edən fəaliyyətinin təmin edilməsi üçün istifadəsinə verilmiş dövlət əmlakı, qanunvericiliklə müəyyən edilən ianələr, yardımlar və qrantlar idi.



