Təhsil həyatımda dövlət dəstəyi həlledici rol oynayıb - Uğurlu gənclərin düşüncələri
2 Fevral - Gənclər Günü ilə bağlı ölkəmizin elm və təhsil həyatında öz töhfələrini verən bir qrup gənclə əlaqə saxlayaraq onların bu əlamətdar günlə bağlı fikirlərini öyrənməyə çalışdıq.
"Ölkə rəhbərliyinə gənclərin təhsilinə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığımı bildirirəm"
– Azərbaycan dövlətinin gənclərə göstərdiyi dəstəyi mən öz həyatımda birbaşa hiss edən insanlardan biriyəm. Gənclərin təhsilinə verilən önəm, onlara inanılması və gələcəyə investisiya kimi yanaşılması sözlə deyil, real imkanlarla özünü göstərir. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində mənə 2014-2015-ci illərdə Böyük Britaniyanın Liverpul Universitetində “Təchizat zəncirinin idarəedilməsi” ixtisası üzrə magistratura təhsili almaq imkanı yaradıldı. Açığı, bu yol asan deyildi. Yeni ölkə, fərqli təhsil sistemi, fərqli düşüncə tərzi və tamamilə yeni bir mədəniyyət... Amma bütün bu çətinliklərin arxasında dövlətin verdiyi dəstəyin dayandığını bilmək mənə həmişə güc verdi. Bilirdim ki, bu, təkcə mənim şəxsi uğurum deyil, həm də mənə göstərilən etimadın nəticəsidir. Xaricdə təhsil aldığım illər ərzində yalnız peşəkar biliklər qazanmadım. Məsuliyyət hissim artdı, dünyaya baxışım dəyişdi, düşüncə tərzim daha dərindən formalaşdı. Orada öyrəndiklərim mənə öyrətdi ki, inkişaf təsadüf deyil, düzgün planlaşdırılmış siyasətin nəticəsidir.
Bu siyasətin mərkəzində isə gənclər dayanır. Bu gün geriyə baxanda anlayıram ki, əgər Azərbaycan dövlətinin bu proqramı olmasaydı, bəlkə də bir çox imkanlar mənim üçün əlçatmaz qalardı. Buna görə də ölkə rəhbərliyinə gənclərin təhsilinə göstərdiyi diqqət və qayğıya görə səmimi minnətdarlığımı bildirirəm. Mənim üçün bu dəstək sadəcə təhsil imkanı deyil, gələcəyə olan inamın, məsuliyyətin və xidmət borcunun başlanğıcıdır. Eyni zamanda bu gün də ardıcıl olaraq davam etdirilən bu proqramların yalnız fərd kimi ayrılıqda gənclərimizin inkişafına dəstək deyil, ölkə başçısı, cənab Prezident İlham Əliyevin daha böyük miqyasda vətənimizin inkişafına hesablanan uzaqgörən siyasətinin ən vacib elementlərindən biri olduğunu vurğulamaq lazımdır. Bu gənclərə olan etimadın, inamın və uzunmüddətli inkişaf vizyonunun açıq ifadəsidir.
Ölkə rəhbərliyinin gənclərin təhsilinə göstərdiyi diqqət və qayğı, onların beynəlxalq təcrübə qazanmasına, nüfuzlu ali təhsil müəssisələrində oxumasına yaradılan imkanlar Azərbaycan gəncliyinin intellektual potensialının gücləndirilməsinə - nəticədə uğurlu gələcəyimizin inşasına xidmət edir. Əldə olunan bilik və təcrübənin ölkəmizin sosial-iqtisadi inkişafına yönəldilməsi bu siyasətin əsas hədəflərindən biridir.
Ümid MEHDİYEV, ADPU rektorunun müşaviri, Dövlət Proqramı məzunu
"Azərbaycanın beynəlxalq elm və təhsil məkanında mövqeyinin daha da möhkəmlənməsinə mühüm töhfə verəcəyik"
– Azərbaycan Respublikasında gənclərə göstərilən dövlət dəstəyi ardıcıl və məqsədyönlü siyasətə əsaslanır. Son illər həyata keçirilən islahatlar və qəbul olunan dövlət proqramları gənclərin təhsil almasına, elmi-tədqiqat fəaliyyətinə cəlb olunmasına və beynəlxalq akademik mühitə inteqrasiyasına geniş imkanlar yaradır. Bu proqramlar vasitəsilə gənclər aparıcı xarici universitetlərdə təhsil alaraq müasir elmi yanaşmaları mənimsəyir, ölkəyə qayıtdıqdan sonra əldə etdikləri bilikləri milli inkişaf naminə tətbiq edirlər.
Dövlətin və ölkə rəhbərliyinin gənclərin təhsilinə göstərdiyi diqqət və qayğı xüsusilə xaricdə təhsil təşəbbüslərində öz əksini tapır. Cənab Prezident İlham Əliyevin imzaladığı sərəncamlar əsasında icra olunan dövlət proqramları gənclərin dünyanın aparıcı universitetlərində təhsil almasına şərait yaradır. ADA Universitetinin təşəbbüsü ilə yaradılan “İtaliya-Azərbaycan Universiteti” layihəsi də bu siyasətin bariz nümunəsidir. Layihə iki ölkə arasında elmi və akademik əməkdaşlığın gücləndirilməsinə, kənd təsərrüfatı və qida təhlükəsizliyi kimi strateji sahələrdə rəqabətqabiliyyətli kadrların hazırlanmasına yönəlib.
Mənim təhsil həyatımda da dövlət dəstəyi həlledici rol oynayıb. 2019-2023-cü illər üzrə Azərbaycan ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılmasına dair Dövlət Proqramının təqaüdçüsü kimi hazırda Bolonya Universitetində “Qida təhlükəsizliyi” üzrə doktorantura təhsilimin sonuncu kursundayam. Bu imkan mənə qida təhlükəsizliyi sahəsində ən müasir elmi metodlarla tədqiqat aparmaq, beynəlxalq elmi layihələrdə iştirak etmək və əldə etdiyim bilikləri gələcəkdə Azərbaycanın elm və təhsil sisteminin inkişafına yönəltmək üçün şərait yaratmışdır. Dövlətin gənclərə göstərdiyi bu etimad mənim məsuliyyətimi və ölkəmə xidmət əzmimi daha da gücləndirir. İnanıram ki, dövlətin gənclərə yönəlmiş bu məqsədyönlü və davamlı təhsil siyasəti nəticəsində xaricdə əldə etdiyimiz bilik və təcrübələri ölkəmizə transfer edərək, elmi potensialın güclənməsinə və Azərbaycanın beynəlxalq elm və təhsil məkanında mövqeyinin daha da möhkəmlənməsinə mühüm töhfə verəcəyik.
Gülnarə QULUZADƏ, Dövlət Proqramı təqaüdçüsü
“Azərbaycan dünyada gənclərə ən çox etimad göstərilən ölkələrdən biridir”
– Öncə bütün gəncləri Gənclər Günü münasibətilə təbrik edirəm. Mən dövlət idarəetməsi üzrə magistratura təhsilimi Dövlət Proqramı çərçivəsində ABŞ-nin nüfuzlu Çikaqo Universitetində başa vurdum. Hər bir proqram iştirakçısı kimi, əlbəttə ki, biz təhsil almaqla yanaşı Azərbaycanı dünyanın nüfuzlu universitetlərində təmsil edirik. Göstərilən etimadı doğrultmaq üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Universitetdə tədqiqatçı, müəllim kimi çalışmaqla bərabər akademik göstəriciləri daim yüksək tutaraq universiteti fərqlənmə ilə başa vurmağa nail oldum. Həmçinin beynəlxalq tədbirlərə panelçi, mühazirəçi və iştirakçı kimi qatılaraq Azərbaycanı dünyada ən yaxşı şəkildə təmsil etməyə çalışıram.
Dövlət Proqramı düşünürəm ki, Azərbaycan gəncləri üçün yaradılmış ən gözəl imkanlardan biridir. Özünü inkişaf etdirmək istəyən və daim üzərində çalışan gənclərin təhsil arzularını reallaşdırmaq üçün inanılmaz bir imkandır. Təkcə xaricdə təhsil sayəsində deyil, həmçinin yerli təhsil müəssisələrində də dövlətin qayğısını daim hiss edirik.
2014-2018-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH qruplarında təhsil aldığım müddətdə yüksək akademik göstəricilərimlə əlaqədar həmin dövr üçün yüksək sayılan hər ay təxminən 400 manat məbləğində ödənilən təqaüdə layiq görülmüşdüm. Könüllülük proqramları, təhsil kreditləri, startup inkubasiya mərkəzləri və s. gənclərə öz bilik və bacarıqlarını daha yüksək səviyyədə tətbiq etməyə geniş imkanlar yaradır.
UNESCO-nun məlumatlarına əsasən Azərbaycan əhalinin savadlılıq dərəcəsi üzrə dünyada 5-ci yerdədir (99.9%). Bu da ölkədə təhsilə verilən dəyərin mühüm göstəricilərindəndir. Azərbaycan dünyada gənclərə ən çox etimad göstərilən ölkələrdən biridir. Cənab Prezident hər zaman çıxışlarında gənclərə böyük ümidlərinin və etimadının olduğunu bildirir. Həmçinin, ölkə başçısı çıxışlarında Dövlət Proqramı çərçivəsində təhsilini başa vurmuş gənclərin rəhbər vəzifələrdəki nailiyyətlərinə, onlar tərəfindən müasir idarəçilik metodlarının uğurla tətbiqinə də toxunur.
Bir gənc olaraq, dövlət dəstəyini mən təhsilin bütün pillələrində (bakalavriat, magistratura, doktorantura) hiss etmişəm. Həm Azərbaycan, həm xaricdə dövlət sifarişi əsasında təhsil almışam. Şəffaf şəkildə təşkil edilən qəbul imtahanları gənclərə öz bilik bacarıqlarını nümayiş etdirməyə imkan yaradır.
Murad TEYMUROV, Dövlət Proqramı məzunu



