“GəncVizyon” ideyatonunun final mərhələsi keçirilib
4-6 fevral tarixlərində Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən Azərbaycan Gəncləri Gününə həsr olunmuş “GəncVizyon” ideyatonu keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, ideyatonun əsas məqsədi gənclərin yaradıcı və innovativ potensialını üzə çıxarmaq, onları real problemlərə praktiki və dayanıqlı həllər təklif etməyə təşviq etmək, komanda işi, liderlik, təqdimat və ünsiyyət baxarıqlarını gücləndirmək olub.
“GəncVizyon” ideyatonunun 4 fevral tarixində keçirilən ilkin mərhələsində 240 gənc 40 komanda şəklində mentorların dəstəyi ilə gələcəyin təhsili və bacarıqları, gənclərin məşğulluğu və sahibkarlıq, rəqəmsal gələcək və süni intellekt, sosial təşəbbüslər və könüllülük, eləcə də yaşıl və dayanıqlı gələcək kimi istiqamətlər üzrə ideyalarını formalaşdırıblar. Daha sonra mentorların dəyərləndirməsi nəticəsində hər istiqamət üzrə 2 komanda olmaqla, ümumilikdə 10 komanda final mərhələsində iştirak hüququ qazanıb. Dəyərləndirmə zamanı ideyaların innovativliyi, sosial təsiri, reallığa uyğunluğu və strateji yanaşması əsas meyarlar kimi nəzərə alınıb.
İdeyatonun 6 fevral tarixində baş tutan final mərhələsində isə komandalar ideyalarını təkmilləşdirərək münsiflər heyətinə təqdim ediblər. Münsiflər heyətinin qərarına əsasən 3 komanda qalib elan olunub.
Final mərhələsinin bağlanış mərasimində çıxış edən Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Yusif Vəliyev, Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Göydəniz Qəhrəmanov, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rüstəm Həsənov, "Nar"ın Korporativ Ünsiyyət və PR Departamentinin Direktoru Hökümə Kərimova ideyatonun əhəmiyyətindən, gənclərin strateji düşüncə və gələcəyə yönəlik baxışlarının formalaşdırılmasında bu cür təşəbbüslərin rolundan, yaradılan imkanlar və perspektivlərdən bəhs ediblər.
İdeyatonun yekununda qalib komandalar mükafatlandırılıb.



