Gündə 30 dəqiqəlik oxu vərdişi beyin fəaliyyətini gücləndirir

19 Avqust, 2025 - 16:53
Gündə 30 dəqiqəlik oxu vərdişi beyin fəaliyyətini gücləndirir
Gündə 30 dəqiqəlik oxu vərdişi beyin fəaliyyətini gücləndirir

Gün ərzində cəmi 30 dəqiqəlik oxu vərdişi beynin fəaliyyətini gücləndirir.

“Azərbaycan müəllimi” xəbər verir ki, alimlərin araşdırmalarına görə, gündə cəmi 30 dəqiqə kitab oxumaq yaddaşı möhkəmləndirir, emosional vəziyyəti yaxşılaşdırır və demensiya riskini azaldır. Mütəxəssislər bildirirlər ki, oxu beynin müxtəlif hissələrini aktivləşdirərək onun daha səmərəli işləməsinə şərait yaradır.

Araşdırmaya əsasən, oxu zamanı beyin bir neçə mərhələli prosesi həyata keçirir: əvvəlcə sözlər və hərflər tanınır, sonra onların mənası formalaşdırılır. Bu isə cəmi bir saniyədən az vaxt aparır. Qeyd olunur ki, hər gün kitab oxuyan şəxslərin beynində artıq ertəsi gün yaddaşla bağlı bölgələrin aktivliyi artır.

Mütəxəssislər vurğulayırlar ki, oxunun təsiri yalnız idrakla məhdudlaşmır. Kitab mütaliəsi diqqəti cəmləməyə, emosiyaları idarə etməyə, yuxunu yaxşılaşdırmağa və dərin düşüncə vərdişi formalaşdırmağa kömək edir.

Tədqiqatçılar valideynlərə və gənclərə oxu vərdişini möhkəmləndirmək üçün “30 günlük oxu çağırışı” təklif edirlər. Çağırışın şərti sadədir: hər gün 30 dəqiqə oxumaq. İlk günlər vərdiş formalaşdırılır, sonrakı mərhələlərdə isə qeydlər aparılır, müxtəlif janrlara müraciət edilir və nəticələr təhlil olunur.

Alimlərin qənaətinə görə, bir aylıq mütaliədən sonra insanların yaddaşı güclənir, düşüncələri aydınlaşır, daxili sakitlik yaranır və yaradıcılıq qabiliyyəti artır. Oxu sadəcə vaxt keçirmək vasitəsi deyil, eyni zamanda beyni gücləndirən və həyat keyfiyyətini yüksəldən effektiv vərdişdir.