Günel Səfərova: Çox vaxt valideyn məktəbə yalnız problem yarananda gəlir

11 Dekabr, 2025 - 16:31
Günel Səfərova: Çox vaxt valideyn məktəbə yalnız problem yarananda gəlir

“Məktəblə valideynlərin əməkdaşlığı gücləndirilməlidir. Çox vaxt valideyn məktəbə yalnız problem yarananda gəlir və “mənim uşağım” deyir. Halbuki biz “bizim uşaqlarımız” deməyi öyrənməliyik. Çünki o sinifdə oturan bütün uşaqlar bizim övladlarımızdır”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə valideyn konfransında deyib.

Onun sözlərinə görə, bu gün təhsildə fərdi yanaşma, individual dəstəyə xüsusi diqqət yetirilir. Psixoloq dəstəyinin artırılmasına, məktəblərin psixoloji resurslarının gücləndirilməsinə ehtiyac var: “Bunun üzərində də çalışırıq. Uşaq ailədə gördükləri ilə formalaşır, məktəbdə təhsil alır və yenə də ailəyə qayıdır. Ailədə problem varsa, bu, mütləq şəkildə uşağın təhsilinə və psixoloji vəziyyətinə təsir edir. Həm məktəbdə, həm də ailədə baş verən hər bir hadisə ilk növbədə uşaqlara təsir edir. Fikrimcə, uşaq xoşbəxt olanda və özünü təhlükəsiz hiss edəndə təhsil prosesində mükəmməl nəticə əldə edə bilir. Xoşbəxt olmayan, rahatlıq tapmayan uşaq nə qədər keyfiyyətli təhsil alsa da, istənilən nəticəni verməyəcək”.