Hədəf aydın olduqda onu reallaşdırmaq asanlaşır – DP təqaüdçüsü

1 Sentyabr, 2026 - 12:40
Hədəf aydın olduqda onu reallaşdırmaq asanlaşır

Xaricdə təhsil Azərbaycanın gəncləri üçün yeni bilik və təcrübə qazanmaqla yanaşı, ölkənin gələcək inkişafına töhfə verəcək mütəxəssislərin hazırlanması baxımından da mühüm imkanlar yaradır. Dövlət Proqramı isə bu istiqamətdə gənclərin dünyanın nüfuzlu universitetlərində təhsil almasına geniş imkanlar açır.

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın 2026-cı il qalibləri sırasında yer alan Nurlan Hacıyev də bu imkandan yararlanacaq gənclərdəndir.O,dünyanın ən yaxşı təhsil müəssisələrindən biri sayılan London İmperial Kollecində (Imperial College London) "İdarəetmə" (Management) ixtisası üzrə magistr təhsili alacaq.

Hazırda qarşısında yeni bir mərhələ açılan Nurlan Hacıyev “Azərbaycan müəllimi”nə müsahibəsində Dövlət Proqramının qalibi olmasından, xaricdə təhsil seçiminin səbəblərindən, qazandığı təcrübələrdən danışıb

Təhsil və ictimai fəaliyyətin vəhdəti

Xaçmaz rayon 8 nömrəli məktəb-liseyin məzunu olan Nurlan Hacıyev ali təhsilini  Azərbaycan Dövlət İqtisad Universitetinin(UNEC) “Maliyyə” ixtisası üzrə alıb. 2022-ci ildən təhsilini eyni ixtisas üzrə SABAH qruplarında davam etdirib.
Təhsil aldığı müddətdə bir sıra könüllü və sosial layihələrdə iştirak edən Nurlan Hacıyev 2023-cü ildə PAŞA Holding-in tələbələr üçün təşkil etdiyi “Əlaçı” təqaüd proqramının qaliblərindən olub. Bundan əlavə, COP29 və III MDB Oyunları kimi beynəlxalq tədbirlərdə akkreditasiya komandalarında mütəxəssis və koordinator kimi fəaliyyət göstərib. 

“Göstərdiyim səylərin nəticəsinin sevincini yaşayıram”

Nurlan Hacıyev Dövlət Proqramının qalibi olmasını  uzun müddət ərzində qurduğu planların nəticəsi kimi dəyərləndirir:"Əlbəttə ki, qürurverici bir an idi. Nəticələr açıqlananda ilk olaraq bu xəbəri ailəm və müəllimimlə bölüşdüm. İllər ərzində qurduğum planların və göstərdiyim səylərin nəticəsini görmək, eləcə də üzərimdə əməyi olan insanları qürurlandırmağın sevincini yaşayıram. Belə bir uğur əldə etmək üçün davamlılıq və əzmkarlıq  mühüm əhəmiyyət daşıyır. Həmçinin ətrafındakı təcrübəli insanların bilik və təcrübəsindən yararlanmaq daha geniş dünyagörüşünün formalaşmasında və yeni üfüqlərin açılmasında mühüm rol oynayır".

“Diqqətimi cəlb edən QS reytinqinə görə dünyanın 2-ci universiteti olması idi”

Nurlan Hacıyev London İmperial Kolleci haqqında hələ UNEC-də bakalavriat  təhsilinin sonuncu ilində araşdırma aparmağa başlayıb. Araşdırmaları dərinləşdikcə universitetin tədris yanaşmaları və texnologiyalardan istifadəsi də onun seçimində mühüm rol oynayıb:"London İmperial Kolleci haqqında bakalavr təhsilimin sonuncu ilində ətraflı araşdırma aparmışdım. İlk olaraq diqqətimi cəlb edən, əlbəttə ki, QS reytinqinə görə dünyanın 2-ci universiteti olması idi.Bunun səbəblərini araşdırarkən tədris metodlarında innovativ yanaşmalardan geniş istifadə etdiklərini, süni intellektin təhsil sahəsinə inteqrasiyası və müasir biznes mühitində bu texnologiyadan necə istifadə olunduğu barədə məlumat əldə etdim. Gələcək karyeramı "Daşınmaz əmlakın idarə edilməsi" (Real Estate Management), "Əməliyyatların idarə edilməsi" (Operations Management) və "Obyektlərin idarə edilməsi" (Facility Management) sahələrində qurmaqda qərarlıyam. Bu istiqamət ölkəmizdə hələ inkişaf mərhələsində olan, lakin böyük potensiala malik sahələrdəndir və gələcəkdə qlobal mühitdə bu sahə üzrə ölkəmi təmsil etmək istəyirəm. Məhz “İdarəetmə” (Management) ixtisasını seçməkdə əsas məqsədim idarəetmə anlayışını daha dərindən mənimsəmək və sahibkar düşüncə tərzini formalaşdıraraq maliyyə, marketinq və korporativ liderlik kimi bilikləri fəaliyyət göstərəcəyim sahəyə tətbiq etməkdir".

SABAH qrupları inkişaf yolunda mühüm mərhələdir

Nurlan Hacıyev hesab edir ki, onun xaricdə təhsil almaq qərarının formalaşmasında universitetdə yaradılan mühit, SABAH qruplarında təhsil alması və “Əlaçı” təqaüd proqramında iştirakı mühüm rol oynayıb. Eyni hədəfləri bölüşən gənclərlə bir mühitdə olmaq onun motivasiyasını artırıb və gələcək planlarını daha dəqiq müəyyənləşdirməsinə kömək edib:"Bakalavr təhsili müddətində dəyərli müəllimlər və mənimlə eyni hədəfləri bölüşən gənclərlə əhatələnmişdim. Bu mühit, əlbəttə ki, xaricdə təhsil almaqla bağlı qərarıma böyük təsir göstərib. SABAH qruplarına qəbul olduğum gündən etibarən qrup yoldaşlarımla hansı universitetlərə qəbul olmağı hədəflədiyimizi və magistratura təhsilini arzuladığımız sahədə davam etdirmək istədiyimizi daim müzakirə edir, bir-birimizə dəstək olurduq. Belə mühitlərdə olmaq həm motivasiyamızı artırır, həm də daha aydın və məqsədyönlü hədəflər formalaşdırmağa kömək edir. Bakalavr təhsilimin istiqamətlənməsində digər mühüm amil isə “PASHA Holding” tərəfindən həyata keçirilən “Əlaçı” təqaüd proqramı olmuşdur. Doqquz ay davam edən proqram çərçivəsində təqaüd dəstəyi almaqla yanaşı, bu gün də dostluq münasibətlərimizi davam etdirdiyimiz motivasiyaverici bir mühitin parçası olduq. Bununla yanaşı, mentor dəstəyi və komanda şəklində fəaliyyət göstərmək gələcək qərarlarımın və məqsədlərimin formalaşmasına əhəmiyyətli təsir göstərdi. Eyni zamanda, bu proqramın məzunları arasında Dövlət Proqramının qaliblərinin də kifayət qədər çox olması proqramın yaratdığı inkişaf mühitinin mənim üçün nə qədər dəyərli olduğunu göstərir".

Beynəlxalq tədbirlərdə qazandığı təcrübə

Nurlan Hacıyev üçün beynəlxalq tədbirlərdə çalışmaq yalnız peşəkar fəaliyyət deyil, eyni zamanda real iş mühitində özünü sınamaq və müxtəlif bacarıqları inkişaf etdirmək baxımından mühüm mərhələ olub:"İlk təcrübələrimi beynəlxalq tədbirlərdə qazanmağım praktiki iş anlayışını formalaşdırmağım üçün mühüm addımlardan biri oldu. COP29 zamanı komandaya yeni qoşulmağıma baxmayaraq, real məsuliyyət və qərarvermə mühitində çalışma imkanı əldə etdim. Böyük bir komandanı idarə etmək və operativ qərarlar vermək mənim üçün dəyərli təcrübə oldu və bu prosesin kifayət qədər uğurlu alındığını düşünürəm. Daha sonra III MDB Oyunlarında da bu təcrübədən yararlanaraq tədbirin bütöv bir region üzrə idarə olunması prosesində iştirak etdim. Bu təcrübə mənim üçün həm maraqlı, həm də yüksək məsuliyyət tələb edən bir dövr oldu".

Uğurun təməlində düzgün seçim dayanır

Dövlət Proqramının yaratdığı imkanlardan yararlanmaq istəyən gənclərə gəlincə, Nurlan Hacıyev hesab edir ki, ilk növbədə konkret və aydın hədəfin müəyyənləşdirilməsi vacibdir. Onun fikrincə, müəllimlərin və təcrübəli insanların məsləhət və dəstəyi də bu yolda mühüm rol oynaya bilər:"Hər bir Azərbaycan gəncinin dünyanın nüfuzlu universitetlərində təhsil almaq potensialının olduğuna inanıram. Qarşıya qoyulan hədəf dəqiq və aydın olduqda, onu reallaşdırmaq da daha asanlaşır. İlkin mərhələdə ətrafımızdakı müəllimlərdən və təcrübəli insanlardan məsləhət və dəstək almaq ilk addımların daha inamlı şəkildə atılmasına kömək edə bilər. Daha sonra təhsil alacağınız sahəni düzgün müəyyənləşdirmək və həmin sahənin həm ölkəmiz, həm də qlobal miqyasda gələcək perspektivlərini nəzərə almaq vacibdir. Fayda verə biləcəyiniz və müsbət təsir yarada biləcəyiniz bir sahədə mütəxəssis olmaq, eyni zamanda, gələcəyin savadlı nəslinə ilham vermək deməkdir. Bununla yanaşı, çəkinmədən iş təcrübələrində və müxtəlif layihələrdə iştirak edərək yumşaq bacarıqları inkişaf etdirməyi ikinci əsas amil kimi qeyd edərdim. Analitik və tənqidi düşüncə, effektiv kommunikasiya və fikirlərini aydın ifadə etmək bacarığı həm peşəkar, həm də şəxsi inkişaf baxımından olduqca vacibdir. Bu bacarıqlar qarşı tərəfdə müsbət təəssürat yaratmaqla yanaşı, gələcək uğurlar üçün də möhkəm təməl formalaşdırır. Əminəm ki, yaradılan bu imkanlardan düzgün istifadə etməklə hər bir Azərbaycan gənci gələcəkdə daha böyük uğurlara imza ata və ölkəmizi beynəlxalq müstəvidə layiqincə təmsil edə bilər".