Hədəfimiz rəqabətqabiliyyətli universitet olmaqdır – Gənc prorektor  

2 Fevral, 2026 - 15:27
Hədəfimiz rəqabətqabiliyyətli universitet olmaqdır

Son illərdə ölkəmizin ali təhsil müəssisələrində baş verən mühüm yeniliklərdən biri akademik heyətdə gəncləşmə proseslərinin baş verməsidir. İstedadlı gənclərin universitetlərdə elm, innovasiya, strateji inkişaf, tədrisin təşkili sahələrində ön mövqelərə irəli çəkilməsi ali təhsil müəssisələrinin fəaliyyətində bir sıra keyfiyyət dəyişikliklərinin əsasını qoymaqla qabaqcıl təcrübə və innovasiyaların tətbiqinə geniş yol açıb.

Belə gənclərdən biri də ötən il elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) elm və innovasiya məsələləri üzrə prorektoru vəzifəsinə təyin olunmuş Elviz İsmayılovdur. 2 Fevral Gənclər Günü ərəfəsində E.İsmayılov “Azərbaycan müəllimi”nə verdiyi müsahibəsində ADNSU-da həyata keçirilən işlər barədə ətraflı danışdı. 

– Ötən ilin dekabrından ADNSU-da mühüm sahələrdən birinə elm və innovasiyalar üzrə prorektor vəzifəsinə təyin olundunuz. Fəaliyyətə başlayarkən özünüzə “nədən başlamalı” kimi bir sual verdinizmi və nədən başladınız? 

– Əslində, mənim bakalavr, magistratura, doktorantura təhsilim bu universitetdə keçib. Daha sonra IT sahəsində çalışanda da universitetə gəlib saathesabı müəllim kimi dərs deyirdim, sonra Gömrük Akademiyasında çalışdım. 2018-ci ildən sonra mən doğma universitetimə xidmət etməyə qərar verdim. Açığı, o vaxtdan bu günə gələn mərhələli yolda universitetdə bu mövqedə ola biləcəyimi düşünmürdüm. 

Çox sağ olsun, universitetin rektoru Rüfət müəllim yüksək etimad göstərərək bu sahəni mənə həvalə etdi. 

Suala gəlincə, əsasən magistrantlarımızın və doktorantlarımızın böyük  problemləri var idi. Onlardan biri gənc tədqiqatçılar üçün ən böyük kriteriyalardan biri olan zamanında elmi iş müdafiə etmək məsələsi idi. 

Ümumiyyətlə, klassik universitetlərin ən böyük problemi orada elmin kommersiyalaşdırılması məsələsinin olmamasıdır. Mənim də düşündüyüm ən gözəl addım, universitetə xidmətim bu sahədə dəyişiklik etmək idi. Ali məktəbin kifayət qədər, yüz ildən çox tarixi olduğuna görə burada elm də var, təhsil də var, digər yeniliklər də. Amma bizim elm adamlarımız kommersiyalardan uzaq olduqlarına görə elmi məhsullarını necə kommersiyalaşdıracaqlarını, təəssüflər olsun ki, fikirləşməyiblər, bu istiqamətə baxmayıblar. Mənim də əsas hədəfim odur ki, universitetə əlavə maliyyə gətirməyə, yəni elmdə maliyyələşmə mexanizminə üstünlük verməkdir. Bu istiqamətdə bacardığım qədər dəstək olum, yanaşmam bu istiqamətdədir. 

2026-2030-cu illər üçün strateji inkişaf planı hazırlanıb

– Universitetin elm və innovasiya vizyonu barədə nə deyərdiniz? 

– Artıq universitetin 2026-2030-cu illər üçün strateji inkişaf planı hazırlanıb. Bu strateji planda prinsip etibarı ilə qarşımızda qoyulan məqsədlər var. Məqsədlərimizdən biri beynəlxalq reytinqlərdə universitetin mövqeyinin yavaş-yavaş yuxarı qalxması istiqamətində görülən işlərdir. Eyni zamanda universitetdə yeni diferensial əməkhaqqı mexanizminin formalaşdırılmasıdır. Bu mexanizmin tətbiqi müəllimlərinizin sosial vəziyyətinin yaxşılaşmasına xidmət edir. Bu mexanizm alimlərimizin publikasiya aktivliyini artırır ki, bunun da nəticəsində universitetimiz beynəlxalq reytinqlərdə müəyyən dərəcədə uğurlar əldə edəcəkdir. Bu istiqamətdə demək olar ki, kifayət qədər işlərimiz var. Amma əslində həm innovasiyalar, həm də elm sahəsində görüləcək işlərimiz də çoxdur. Bütün bunlar strateji inkişaf planında yer alıbdır. Bunlar ölçüləbilən, universitetin potensialına uyğun rəqəmlərdir. Biz bu işləri vaxtında başa çatdıraraq 5 ildən sonra 2030-cu ildə universitet olaraq nəinki ölkə miqyasında, həm də beynəlxalq səviyyədə müəyyən bir inkişaf səviyyəsində olacağıq. Ölkədaxili rəqabət qabiliyyətimiz var, amma hədəfimiz ölkə xaricində də rəqabətqabiliyyətli keyfiyyətli bir universitet olmaqdır.

Universitetdə ən azı 3-4 istiqamətdə ikili ixtisaslaşma açılacaq

– Hazırda universitetin əldə etdiyi nəticələr beynəlxalq icmada görünürmü?

– Bu işlərə yeni başlamışıq, yəni start nöqtəsindəyik. Bu nöqtədə bizim əlimizdə müəyyən məlumatlar, datalar var. Biz onu bir ildən sonra görəcəyik. Əslində bizim nəticələr beynəlxalq aspektdə görünəndir. Bizim hazırda hədəflərimizdən biri xarici dildə təhsilin, yəni əcnəbi tələbələrin sayını 40 faiz artırmaqdır. Hazırda 25% tələbələrimiz ingilis dilində təhsil alırlar, amma biz bu sayı 40 faizə artırmaq istəyirik.  Növbəti mərhələdə 5 ildən sonra bizim ümumi tələbələrimizin 10%-i  fərqli ölkələrin vətəndaşı olmalıdır. Məsələn, 2030-cu ildə hardasa 13-14 min tələbə planlaşdırırıq. Bu, o deməkdir ki, 13-14 min tələbənin 10 faizi, təxminən 1300 - 1500 nəfəri əcnəbi olmalıdır. Bunların hamısı üçün müəyyən bir struktur, mexanizm var və bu sahədə işlər də artıq başlayıb. Burada yaxşı yanaşmalar var. Qısamüddətli tələbə mübadiləsi, ikili diplom rəhbəri. Fəlsəfə doktoru (PhD) hazırlığı üzrə elmi rəhbərdən biri bizdən, digəri xaricdəndir. Eyni zamanda yeni ikili ixtisaslaşmalar üzərində ciddi işlər aparılır. Mümkündür ki, tez bir zamanda universitetdə, ən azı 3-4 istiqamətdə ikili ixtisaslaşma açılacaq.

Hazırda Britaniyanın Vorvik Universiteti və UFAZ layihələri üzrə ikili ixtisaslaşma həyata keçirilir. Amma Türkiyə ilə də çox sıx ixtisaslaşmalarımız var. Ötən həftə Orta Doğu Texnik Universiteti ilə danışıqlar apardıq. Bunun əsasında işlər görülür. Eyni zamanda digər xarici universitetlərlə də əməkdaşlıq edirik.

– Mübadilə proqramları həm tələbə, həm də müəllimləri əhatə edir...

– Bəli. Əslində biz istəyirik ki, müəllimlərimizi qısamüddətli mübadilə üçün əməkdaşlıq etdiyimiz xarici universitetlərə göndərək. Bu universitetlərdə çox önəmli sahələrdə laboratoriyalar, texnologiyalar var. Bu laboratoriyalar bizdə də var. Bizim laboratoriyaların əməkdaşlarını oraya göndərmək istəyirik ki, tez bir zamanda qısamüddətli kurslar keçsinlər. Öyrəndiklərini gəlib burada tələbələrə çatdırsınlar. Bu istiqamətdə, demək olar ki, maksimum dərəcədə sistemləşdirilmiş işlərimiz var.
 
Sənaye sahələri universitetlərə güvənmir 

– Universitetin sənaye ilə əlaqələri hansı səviyyədədir?

– Bəli. Əlaqələrimiz var və davam edir. Xüsusən SOCAR-la əlaqəmiz var. SOCAR-ın, demək olar ki, əməkdaşlarının mütləq çoxluğu vaxtilə AZİ tələbələri olub. Hədəfimiz təkcə SOCAR deyil, orta, kiçik sənaye sahələri ilə də əməkdaşlıq edirik. Məsələn, kafedralarımız var ki, Aİ sahəsində olan iri şirkətlərlə əməkdaşlıq edirlər. Bizim tələbələrimiz orada təcrübə keçirlər. Yəni 4- cü kursu orda keçirlər. Hətta təcrübələrin hər biri təqaüd əsaslı olur. Bəzən şirkət maliyyə də ayırır ki, tələbələrimiz təcrübə keçsin. Düzdü, hamısı yox, amma şirkətlər var ki, bu addımı atırlar. Biz bu təcrübəni daha da genişləndirmək istəyirik ki, bu əlaqələndirmə yalnız tələbə mübadilə mexanizmi olmasın.

Bizim bir problemimiz də nədir bilirsiniz? Şirkətlər, sənaye sahələri universitetlərə güvənmir. Yəni sənaye düşünür ki, universitet onun problemini həll etməyə bilər, inanmırlar. Bir universitet olaraq hədəfimiz qarşı tərəfi inandırmaqdır ki, siz bir problem bizə verin, onu həll edə bilməsək, bundan sonra bizə inanmayın. Hazırda biz o körpünü qurmaq üçün işlər görürük.

– Yəni elə bir tədqiqat mövzusu ola bilər ki, həm universitetə, həm də sənayeyə xeyir gətirə bilər...

- Tamamilə doğrudur. Məsələn, sadə bir misal çəkim. Belə layihələr var.İndi təəssüflər ki, bu layihələr barədə açıqlama vermək tezdir. Amma ümid edirəm ki, tez bir zamanda bu barədə açıqlamamız olacaq. Bu sahədə əlaqədar qurumlarla yazışmalar, müqavilə üzrə iş davam edir. Onlar bizə məlumat veriblər, təkliflərinə baxmışıq, müəyyən məsələləri həll etmişik. Məsələnin həllini bəyənərək artıq danışıqlar müvafiq memorandumun imzalanması səviyyəsinə çatıb və biz artıq qanuni şəkildə prosesə başlaya biləcəyik, artıq təkliflər də var.

“Scopus”da 612 məqaləmiz var 

– Alimlərinizin publikasiya aktivliyi, tələb olunan Q1 və Q2 kvartillərdəki məqalələrlə bağlı vəziyyət necədir?

– Bizdə artıq 8-10 ildən çoxdur ki, diferensial əməkhaqqı mexanizmi mövcuddur. Bu, bizim alimlərimizin “Scopus”da indeksləşmiş jurnallarda məqaləni çapı üçün bir stimullaşdırma mexanizmidir. Bunun nəticəsində demək olar ki, hər il məqalələrimizin sayı artır. Məsələn, 2025-ci il üçün hazırkı statistikaya əsasən “Scopus”da 612 məqaləmiz var. Onlardan 48-50-si Q1, bir hissəsi Q2-dir və s. Amma bir vaxtlar bizim universitetdə Q1 məqaləmiz yox idi. Demək istədiyim odur ki, bu mexanizm işləyir. Hətta bugünkü Elmi Şurada biz yeni diferensial əməkhaqqı mexanizmini təklif etdik, sağ olsun alimlərimiz, bu təklifi səsvermə ilə dəyərləndirib razılıq verdilər. Yeni təlimata keçirik. Bu təlimatda məqsədimiz odur ki, yenə də Q1 və Q2-yə daha çox üstünlük verilsin. Eyni zamanda universitet yalnız məqalə ilə məşğul olmamalıdır, sənayedən maliyyə gətirməlidir. Bizim fərqli-fərqli klasterlərimizin içərisinə sənaye ilə əməkdaşlıq da əlavə olunub. Yəni bizim alimlərimiz artıq təkcə məqalə yazmaq yox, sənaye ilə əməkdaşlıq edərək onların problemlərini həll etmək üçün müəyyən axtarışda olacaqdır. Bu istiqamətdə də yeni kriteriyalar əlavə eləmişik. 

Problem alimlərdə deyil

– Yəni sənaye sahələrinə qapı açırsınız? 

– Bəli, bizim alimlər onlarda olan problem məsələləri üzərində çalışacaqlar. Yəni elmi müəssisələrdə alimlər var. Mən düşünürəm ki, problem alimlərdə deyil. Uzun müddətdir ki, universitetlər həmişə qapalı olub. Ona görə müəssisənin xəbəri yoxdur ki, universitetdə nə baş verir, hansı potensial var. Eyni zamanda, nə qədər ağır olsa da deməliyik, alimlərimizin də sənaye ilə əlaqəsi olmadığına görə onlar da tam bilmirlər ki, sənayedə nələrə ehtiyac var, tələb var. Biz bu yanaşma ilə körpü qurub onları bir-biri ilə görüşdürəcəyik. Problemlərini bir- birlərinə dedikdən sonra uyğun komandalar, klasterlər problemləri həll etməyə başlayacaq.

– Mühüm məsələlərdən biri alimlərin yüksək səviyyəli nəşrlər üçün məqalə yazmaq bacarıqlarıdır. Bu sahədə təlimlər varmı?

– Bəli, var. Universitetdə son dövrdə yeni strukturlaşma həyata keçirildi. Elm Departamenti yaradıldı. Departamentin işi də ondan ibarət olacaq ki, müəyyən bir “Scopus”, “Web of Science” haqqında məlumat versin, onlar üçün təlimlər keçsin və s. Bununla bağlı işlər görülür. 

Yaşlı alimlərin gənc alimlərlə kollaborasiyası 

–Tələbə elmi barədə də danışaq. Gənclərin elmə cəlb olunması, bu işin təşkili, alimlərinizin gənc qüvvələrə dəstəyi barədə nə deyərdiniz?

– Bu sahədə böyük işlər görülür. Bizim gözəl təcrübəmiz var - UFAZ təcrübəsi. UFAZ təcrübəsində bizim bir qrup gənclərimiz Strasburqa gedib orada PhD, fəlsəfə doktorluğunu müdafiə ediblər. Onlar bura gələn kimi biz onlar üçün kifayət qədər münbit şərait yaradır və onları burada saxlayaraq fərqli-fərqli klasterlərdə araşdırma qrupları yaradırıq. Hazırda bir araşdırma qrupumuz geologiya-geofizika istiqamətindədir. Bir araşdırma qrupumuz universitet nəzdində yeni açdığımız Süni İntellekt İnstitutudur.Avropada təhsil alıb orada müdafiə edən gəncləri adıçəkilən qurumlarda yerləşdirməklə və cənab Prezidentin son çağırışına da dəstək olaraq gənclərimizin yaşlı alimlərlə birgə əməkdaşlığını, kollaborasiyasını təmin edirik. Bu tədqiqatlara yeni nəfəs verir, yeni mexanizm nəticəsində artıq kadr heyətində cavanlaşma, eyni zamanda bir yaşlı alimin yanında bir gənclə ortaq kollaborasiyası nəticəsində vizyonları dəyişir, onun əsasında da müəyyən nəticələr əldə edirik. Bu istiqamətdə işlər görülür və hazırda belə gənclərdən ibarət 3 işçi qrupumuz artıq var. 

Tədqiqat universiteti olmaq yolundayıq 

– ADNSU-nun tədqiqat universiteti olmaq vizyonu, bu hədəfə çatmaq səyləri necədir?

– Əslində, bizim də hədəfimiz tədqiqat universiteti olmadır. Bu, bizim maksimum hədəfimizdir. Bu hədəf bəhs etdiyimiz strateji inkişaf planında nəzərdə tutulub.Eyni zamanda yeni əməkhaqqı mexanizmi, gənclərimizi də bu komandaya yığmağımızın məqsədi odur ki, biz o hədəfə gedək. Bu istiqamətdə də əlimizdən gələni edirik.Tədqiqat Universiteti olmaq yolundayıq.

– Strateji hədəflərə çatmaqda nə qədər inamlısınız? 

– 2030-cu ildə biz istədiyimiz hədəfə çatacağıq. Bəlkə də artıqlaması ilə. 
  
– Elm və təhsili bir yerdə necə görürsünüz?

– ADNSU-da elmlə təhsilin inteqrasiyası, düşünürəm ki, həmişə olubdur. Sadəcə problem harda olub? İnteqrasiya necədir? İnteqrasiya mexanizmi zəncirvari olmalıdır. Ancaq zəncirin bəzi nöqtələri, həlqələri var ki, onlarda problem var idi. Bizim də məqsədimiz odur ki, o boşluqları aradan qaldıraq, bu zəncir əvvəlki kimi funksionallığını həyata keçirsin. Belə deyək: elm olmayan yerdə təhsil də ola bilməz. Bu çox önəmli bir məsələdir. Məsələn, təhsil var, amma təhsilə veriləcək məlumatlar, veriləcək o kontent və s. elmdən gəlməlidir. Elmdən çıxmalıdır ki, buna təhsili öyrətməliyəm ki, sonra elmin o biri pilləsində davam eləsin. Yəni elm təhsillə sıx əlaqədə olmalıdır. Bizdə də bu həmişə olubdur. Ona görə də biz sadəcə universitet olaraq onu da gücləndiririk.

Alim gəlirini necə artıra bilər...

– Tədqiqat universiteti necə olmalıdır ki,  bir alim həm tədrislə, həm də elmlə məşğul ola bilsin...

– Bu sahədə mexanizmlərimz var. Bizdə tədqiqatçı müəllim statusu var. Bu tədqiqatçı müəllimlərimiz, məsələn, auditoriyada da az olur, daha çox elmlə məşğul olurlar. Eyni zamanda standart müəllimlərimiz var, hansı ki, daha çox auditoriyada olurlar.Yaxud, diferensial əməkhaqqını biz elə-belə əlavə etməmişik. Bu auditoriyada dərs deyilməlidir. Ancaq alim gəlirini artırmaq istəyir. Gəliri haradan arta bilər? O, kənarda işləyə bilmir, elmlə məşğul olmalıdır, adlarını çəkdiyimiz jurnallarda məqalə çıxarmalıdır. Q1 və Q2 kvartillərdə məqalələri olmalıdır. Mütəmadi olaraq onlara istinad gəlməlidir. Bunun bir reytinqi formalaşmalıdır.Bunu edir, eyni zamanda da pul da alır. Yəni biz bu mexanizm zəncirini qurmuşuq.İndi isə bu zənciri daha da təkmilləşdiririk.Çünku müəllim dərs deməklə kifayətlənməməlidir. İkinci məqam. Ən çox SABAH qrupları bizdədir. Bu qruplar tam olaraq universitetlərə həvalə edilib. Universitetlərə həvalə edildiklərinə görə də bunun üçün nazirlik tərəfindən əlavə ödəniş olur. Biz oradakı müəllimləri sənayedən gətirməyə çalışacağıq. Və yaxud universitetimizin ən yaxşı müəllimlərini oraya cəlb edirik. Sənayedən gələn müəllimlər üçün gələcəkdəelə bir mexanizm quraq istəyirik ki, o təkcə SABAH qrupunda deyil, adi qrupda da dərs desin..Bu yanaşmailə biz kontentimizi yeniləcəyik. Eyni zamanda bu yanaşma ilə bizim tələbələrimiz keyfiyyətli müəllimlər görəcək. Bunun hamısını biz planlı şəkildə edirik.

 Bizdə süni intellekt sahəsində çox güclü gənclər yetişib

– ADNSU-nun rəqəmsallaşma təcrübəsi, Sİ texnologiyalarının tədrisdə tətbiqi ilə bağlı nə deyərdiniz? 

– Bizim universitetdə süni intellekt aktual bir xab olub. Hamı süni intellekt ilə məşğul olmaq istəyir. Ancaq Sİ-nin arxasında nə durur - çox güclü riyaziyyat. Yəni güclü riyaziyyat olmasa, keyfiyyətli süni intellekt ola bilməz. Yəni süni intellektlə məşğul ola bilməzsiniz. Bizim universitetdə bu sahədə kifayət qədər güclü riyaziyyatçılarımız var, riyaziyyat kafedramız var. Və eyni zamanda bizdə bu sahədə çox güclü gənclər yetişib. Bizdə süni intellekt istiqamətində universitetimizin güclü komandası və potensiallı gənclər formalaşdığına görə elmi araşdırma institutunu açmağa başladıq. Əgər o potensial olmasa idi, onu yalandan açıb adını qoymaq, bizə bir şey verməyəcəkdi. Ona görə bizim bu sahədə kifayət qədər təcrübəli müəllim və tələbələrimiz var. 

– Yəqin ki, Sİ üzrə tədris proqramı və vəsaitlər də var...

– Bizim özümüzdə 3-4 ildir ki, süni intellekt magistr ixtisası açılıb. Dərsliklər, vəsaitlər də var. Ancaq bir məsələyə diqqət yetirək, ixtisaslaşmanı açaq, ancaq bu sahə üzrə Azərbaycan dilində kitab yoxdursa, biz onu necə aça bilərik?.. Ona görə də bu sahədə həqiqətən də çoxlu işlər görülür.

 
– Burada biz Sİ-nin əks tərəfi - etika məsələləri ilə üzləşirik…

– Bəli, o ən böyük problemdir. İndi dünya 2 yerə bölünüb:Avropa süni intellektin etikasını, süni intellektin hüquqi tərəfini, ABŞ, Çin süni intellektin modelini, onun tətbiqini öyrənir və s. Biz süni intellektin tətbiqi ilə məşğul oluruq. Amma onun istifadə qaydası, etika tərəfi var ki, biz buna artıq qaydalar qoymağa başlamışıq. Hətta bizim strateji planda bir bölmə var ki, biz süni intellekti artıq bizim learning menecment sistemimiz var. Bu elektron jurnal mexanizmidir. Onu inteqrasiya edəcəyik. Bundan əlavə, oyektivliyi qorumaq üçün bəzi insanların yoxlanmasında da süni intellektdən istifadə edəcəyik. Sabah hansısa müəllim kimdənsə xoşu gəlmir.. düzdür bizdə belə bir şeylər son illərdə yoxdur. Amma ola bilər, ona görə obyektivliyi qorumaq üçün süni intellekt vasitəsilə onun imtahan nəticələri yoxlanılacaq. Eyni zamanda müəllimlər müəyyən bir sualları, öz kitabını, mühazirəsini sistemə daxil edəcək. 
 Artıq müəllim sualları tərtib etməyəcək, verilmiş kontenə görə sualları sünü intellekt tərtib edəcək. Bununla bağlı da bizim strateji inkişaf planında çox sıx hədəflərimiz var. Bu hədəflərin hər biri üçün qarşımızda qoyulacaq birillik, 5 illik məqsədlərimiz var. O məqsədləri də yerinə yetirəcəyik..
 
–ADNSU-nun yaxın illərdə yeni texnologiyalar hazırlamaq potensialı olacaqmı?

– Potensial var. İndi sadəcə o potensialı düzgün istiqamətləndirməliyik.  
 
Gənc alim hər gün nəsə öyrənməlidir

– Gənc universitet alimi necə görür və görmək istərdiniz?

– Düzdür, mən elmlər namizədi, dosentəm, amma mən özümə tam alim adını verməyə çəkinirəm. Çünki alim mənim düşüncəmdə daha çox biliyə malik olan şəxsdir.Gənc nə deməkdir? Gənc alim necə olmalıdır? Mən düşünürəm ki, gənc alim dinamik olmalıdır. Gənc alim texnologiya ilə, müasirliklə ayaqlasmalıdır.O, baş verən yenilikləri tez əldə edib tədrisə,öz elminə inteqrasiya etməyi bacarmalıdır. Bu dinamika olmasa, gənc alim və ya istənilən alim uduzacaq. Çünki artıq dünya çox sürətlə dəyişir. Mən uzun müddət proqramlaşdırma üzrə tələbələri olimpiadalara hazırlayırdım. Ölkəmizdə olimpiada hərəkatının banisi olan rəhmətlik Ramin Mahmudzadə çox gözəl söz demişdi:“Məndən soruşdular ki, bəs sən peşmansanmı bu sahəni seçdiyinizə görə.Dedim ki, əslində ikinci dəfə şans olsa, bəlkə bu sahəni seçməzdim.. Dedilər, niyə? Dedim ki, bu sahə o qədər dinamik bir sahədir ki, sən hər gün nəsə öyrənməlisən”. Mənim düşüncəmdə gənc alim də hər gün nəsə öyrənməlidir. Əgər bu gün öz biliyinə hər gün bir şey əlavə etməsə, o, uduzacaq.
 
Gənclərlə bağlı ölkəmizdə gözəl imkanlar var

– Bu gün Gənclər Günüdür. Gənclər günü ilə əlaqədar fikirlərinizi eşitmək istərdik...

– Gənclərlə bağlı ölkəmizdə gözəl imkanlar var. Mən öz tələbə olduğum dövrü və indiki tələbələrin dövründən deyim. İndiki tələbələrin həddindən artıq çox imkanları, resursları var. Gənclərə çox dəstək olurlar. Ölkəmizdə gənclərə çox diqqət yetirilir. Sadə bir misal deyim. İndi tələbələr rahatlıqla pulsuz təqaüdlə hər hansı proqramlaşdırma kursuna gedə bilir. Bizim dövrdə kursun özünü tapmaq çətin idi, nəinki onu pulsuz oxumaq. Gənclər üçün Dövlət proqramları var. Reallıqla bir gənc üçün ili 50- 60 min manat civarında Avropanın nüfuzlu top  universitetində oxumaq imkanı yaranır. Bizim vaxtımızda bu imkan yox idi, indi imkanlar çoxdur. Və mən istərdim ki, gənclər bundan yararlansınlar, istifadə etsinlər.

Dövlət də gənclərə bu sahədə çox güclü dəstək verir. Bir insan öz təhsilinə ildə 60 min manat vəsait ayıra bilməz.Amma dövlət rahatlıqla bu vəsaiti ayırmaqla gənclərə dəstək olur, bilir ki, bu insan kapitalıdır. Bu, çox önəmli kapitaldır, çünki insan kapitalı tükənmir, əksinə daha çox kapital gətirir. Ona görə çox düzgün siyasətdir.