Həmkarlar İttifaqına üzv olmaq insanlara nə qazandırır?

8 Yanvar, 2026 - 19:53
Həmkarlar İttifaqına üzv olmaq insanlara nə qazandırır?

İttifaq üzvü olan təhsil işçiləri, eləcə də təqaüdçülər real hüquqi və sosial müdafiədən səmərəli faydalanırlar. 

"Azərbaycan müəllimi" xəbər verir ki, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin verdiyi məlumatda bildirilir ki, komitə ittifaq üzvü olan təhsil işçilərinin və tələbələrin əmək, sosial, iqtisadi, hüquq və qanuni mənafelərinin müdafiəsini sistemli şəkildə həyata keçirən ümumrespublika ictimai birliyidir. Üzvlər əmək, sosial, iqtisadi, sığorta, əməyin mühafizəsi və digər məsələlər üzrə hüquqi və peşəkar məsləhətlər alır, zəruri hallarda maddi yardımlarla təmin olunurlar. Təhsil işçilərinin sağlamlığının möhkəmləndirilməsi məqsədilə güzəştli sanatoriya-kurort müalicəsi, istirahət və turizm xidmətləri təşkil olunur.

İşəgötürənlərlə bağlanan kollektiv müqavilələr vasitəsilə əmək şəraitinin yaxşılaşdırılması, sosial təminatın genişləndirilməsi və təhlükəsiz iş şəraitinin yaradılması istiqamətində ardıcıl iş aparılır.

Qeyd olunur ki, həmkarlar ittifaqı həmçinin üzvlər arasında qarşılıqlı dəstək, sosial əməkdaşlıq və peşəkar həmrəyliyi gücləndirən etibarlı platformadır. Elm və təhsil sahəsində çalışan hər bir şəxs üçün həmkarlar ittifaqı üzvlüyü etibarlı hüquqi yardım, sosial təhlükəsizlik, kollektiv güc və etimad formalaşdıran müstəqil bir qurumdur.