Onların əllərindən tutub yazı yazdırıram – İnternat məktəbinin müəllimləri ilə SÖHBƏT

11 İyun, 2026 - 14:18
Onların əllərindən tutub yazı yazdırıram – İnternat məktəbinin müəllimləri ilə SÖHBƏT

İnsan hüquqları hər bir insanın doğulduğu andan malik olduğu ayrılmaz hüquq və azadlıqlardır. Bu hüquqların mühüm tərkib hissəsini isə uşaq hüquqları təşkil edir. Uşaqların təhsil almaq, inkişaf etmək, öz bacarıqlarını nümayiş etdirmək, fikirlərini ifadə etmək və cəmiyyət həyatında iştirak etmək hüquqları beynəlxalq sənədlərlə qorunur. Hər il iyunun 18-i Azərbaycanda İnsan Hüquqları Günü kimi qeyd olunur. Bu gün cəmiyyətdə insan hüquqlarının təşviqi, hüquq və azadlıqların qorunması istiqamətində görülən işlərə diqqətin artırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

İnsan hüquqlarından danışarkən sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının qorunması və onların təhsil alma imkanlarının təmin edilməsi xüsusi önəm kəsb edir. Mövzu ilə bağlı “Azərbaycan müəllimi” Lənkəran şəhəri internat tipli xüsusi ümumtəhsil məktəbində çalışan müəllimlərlə söhbətləşib. Müəllimlər də hesab edirlər ki, hər bir uşağın öyrənmək, inkişaf etmək və cəmiyyətin fəal üzvünə çevrilmək hüququ var.

Məktəbin riyaziyyat müəllimi Fatimə Hüseynzadənin sözlərinə görə, sağlamlıq imkanları məhdud uşaqların təhsil hüququnun təmin olunmasında müəllimin rolu olduqca böyükdür: “Mənim üçün əsas məqsəd uşağın bacarmadığına deyil, bacara biləcəyinə fokuslanmaqdır. Məsələn, 5-ci sinif şagirdim Orxanla işləyərkən ilk günlər sadə rəqəmləri tanımaq belə çətin idi. Səbir və davamlı məşqlər nəticəsində o, əvvəlcə rəqəmləri öyrəndi, sonra 10 dairəsində, daha sonra isə 20-30 dairəsində toplama və çıxma əməliyyatlarını yerinə yetirməyə başladı. Bu nəticələr bir neçə günə deyil, uzunmüddətli əmək sayəsində əldə olundu”.

Müəllim qeyd edir ki, uşaqların özlərini dəyərli hiss etmələri onların inkişafında mühüm rol oynayır: “Məktəbimizdə çalışırıq ki, hər bir uşaq özünü dəyərli hiss etsin. Dərslərdə və tədbirlərdə şagirdlərə fikirlərini ifadə etmək, bildiklərini göstərmək imkanı verilir. Orxanın da hər kiçik uğuru sinifdə qeyd olunurdu. Bu, onun özünəinamını artırır və daha həvəslə öyrənməsinə kömək edirdi”.

Fatimə müəllimin fikrincə, hər bir uşağın fərdi xüsusiyyətlərini nəzərə almaq vacibdir:  “Sağlamlıq imkanları məhdud uşaqlarla işləyərkən ilk növbədə onların fərdi xüsusiyyətlərini nəzərə almaq lazımdır. Hər uşağın öyrənmə tempi fərqlidir. Mən heç vaxt onları digər uşaqlarla müqayisə etmirəm. Bütün şagirdlərimlə işləyərkən onların hər kiçik irəliləyişini uğur kimi qiymətləndirirəm. Bu yanaşma uşağın özünəinamının formalaşmasına müsbət təsir göstərir”.

Məktəbin müəllimi Leyla Cavadova da hesab edir ki, sağlamlıq imkanları məhdud uşaqların inkişafında sevgi, qayğı və dəstək mühüm rol oynayır: 
“Mən şagirdlərimə fərdi yanaşaraq onlara xüsusi sevgimi və qayğımı əsirgəmirəm. Bu da onlara xoş təsir bağışlayır. Onların təhsilinin inkişaf etdirilməsi üçün var gücümlə çalışıram. Mütəmadi olaraq hər gün proqram üzrə dərslərini keçir, əllərindən tutub yazı yazdırıram. Sağlamlıq imkanları məhdud uşaqların əsasən sevgiyə və qayğıya ehtiyacı olduğu üçün çalışıram ki, onlara həm müəllim, həm də ana kimi sevgimi verim. Bu da mənim tədris-təlim-tərbiyə işimdə istifadə etdiyim metodlardan biridir”.

Müəllim bildirir ki, uşaqların maraqlarına uyğun fəaliyyətlərin təşkili onların inkişafına müsbət təsir göstərir:  “Uşaqlarla bacardığım qədər əyləncəli vaxt keçirməyə çalışıram. Çünki onların rəngli əyani vəsaitlərə marağı daha çoxdur. Dərs dediyim sinifdə 11 şagird var. Onların içərisində autizm spektrli və Daun sindromlu uşaqlar da var. Dərs ilinin əvvəlində onlar aqressiv və hiperaktiv idilər, lakin zamanla yüksək dəyişiklik əldə etdik. Parta arxasında oturmağı, yazmağı öyrəndilər. Ümid edirəm ki, daha yüksək nəticələr əldə edəcəyik”.

Biologiya müəllimi Gülxanım Əzimova isə sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasının vacibliyini vurğulayır:  “Sağlamlıq imkanları məhdud uşaqlarla işləyən müəllim kimi çalışıram ki, hər bir şagird öz fikrini sərbəst ifadə edə bilsin və müəyyən bacarıqlara yiyələnsin. Dərslərdə onların imkan və ehtiyaclarına uyğun fəaliyyətlər təşkil edirəm. Şagirdlərin hər bir nailiyyətini dəyərləndirir, onlarda özünəinam hissi yaradıram. Çalışıram ki, cəmiyyətə inteqrasiya olsunlar, gələcəkdə valideyn qayğısından kənar qaldıqdan sonra çox əlacsız qalmasınlar”.

Məktəbin biologiya müəllimi Gülxanım Əzimova hesab edir ki, sağlamlıq imkanları məhdud uşağın təhsil hüququnun qorunması ilk növbədə onun qəlbinə yol tapmaqdan başlayır: “Öz təcrübəmə əsaslanaraq bildirirəm ki, ilk sinfə daxil olan uşaqların əksəriyyətində diqqət yayınması, özünəqapanma, özünə inanmamaq və güvənsizlik müşahidə olunur. İlk işimiz “sən bunu bacaracaqsan”, “mən sənə inanıram” sözlərindən başlayır. Biz çox vaxt müəllim-şagird münasibətindən ayrılıb valideyn, dost münasibəti ilə şagirdlərimizə yanaşırıq. Şagirdlərə emosional yanaşanda maneələri aşmaq daha əlçatan olur. Onlara məhdudiyyətli deyil, xüsusi və fərqli olduqlarını hiss etdirməyə çalışıram”.

Müəllim əlavə edir ki, bu uşaqlarla işləyərkən fərqli metodlardan istifadə etmək vacibdir:  “Qavrayış məhdudiyyəti olan uşaqlarda standart məktəb proqramından istifadə etsək, uğurlu nəticə əldə etmək mümkün deyil. Ona görə yeni dərsin izahında daha çox vizual və alqoritmli izahlara üstünlük verirəm. Daha sadə, addım-addım nəticəyə çatırıq”.

Məktəbin ibtidai sinif müəllimi Türkanə Şəfiyeva da hesab edir ki, sağlamlıq imkanları məhdud uşaqların təhsil hüququnun təmin edilməsində müəllimin rolu əvəzsizdir: “Müəllim bütün şagirdlər üçün bərabər təhsil mühiti yaradır, dəstək göstərir, onların fərdi ehtiyaclarını nəzərə alır”.

Onun sözlərinə görə, uşaqların özlərini ifadə etmələri və bacarıqlarını nümayiş etdirmələri üçün münbit şəraitin yaradılması da onların hüquqlarının təmin olunmasının mühüm tərkib hissəsidir: 
“Şagirdlərimizə öz fikirlərini sərbəst ifadə etməyə imkan yaratmalıyıq. Tədbirlərdə iştirak etmələrinə, bacarıqlarını nümayiş etdirmələrinə şərait yaratmalıyıq”.

Türkanə müəllim vurğulayır ki, məktəbdə hər bir uşağa hörmət və qayğı ilə yanaşılmalı, ayrı-seçkiliyə yol verilməməlidir. 
Müəllimlər hesab edirlər ki, sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının daha yaxşı təmin olunması üçün məktəb, ailə və media birlikdə fəaliyyət göstərməlidir. Cəmiyyət bu uşaqların potensialını daha yaxından tanıdıqca, onlara münasibət də dəyişəcək.