Hər il 200 məktəb “PISA for Schools” aləti vasitəsilə qiymətləndirilir - Təhsil İnstitutu
“İkinci ildir ki, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan məktəbləri “PISA for Schools” layihəsinə qoşulub. Bu layihənin ölkədə keçirilən beynəlxalq qiymətləndirmə ilə birbaşa əlaqəsi yoxdur. Biz hər il 200 məktəbi “PISA for Schools” aləti vasitəsilə könüllü olaraq qiymətləndiririk və həmin 200 məktəbin hər birinə fərdi hesabat təqdim olunur”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən 3-cü Təhsil Menecerləri Forumunda səsləndirib.
O bildirib ki, bu hesabatlarda məktəbin müxtəlif istiqamətlər üzrə nəticələri əks olunur: “Həmin məktəb öz şagirdlərinin nəticələrini həm ölkə üzrə orta göstəricilərlə, həm də beynəlxalq səviyyədə orta nəticələrlə müqayisə edə bilir. Bu qiymətləndirmə ilə paralel olaraq şagird sorğusu da aparılır və burada öyrənmə nəticələri ilə şagirdlərin sosial-emosional bacarıqları arasındakı əlaqələr də təhlil olunur. Bu alət əslində məktəb idarəçilərinə imkan verir ki, öz məktəblərinin vəziyyətinə daha dərindən baxsınlar”.
Elnur Əliyev bir neçə slayd vasitəsilə həmin məlumatlardan nümunələr paylaşaraq məktəb direktorlarına təqdim olunan hesabatı diqqətlə araşdırmalarını və öz məktəbləri üçün faydalı olan məqamlarla tanış olmalarını tövsiyə edib.


