“Həyat bilgisi” fənnində nələr dəyişib? – MÜSAHİBƏ
Hazırda ölkəmizdə səkkiz fənn üzrə kurikulum və dərsliklərin təkmilləşdirilməsi prosesi aparılır. Onlardan biri də şagirdlərə gündəlik həyat üçün vacib bilik və bacarıqları aşılayan "Həyat bilgisi" fənnidir.
Təhsil İnstitutu tərəfindən hazırlanan "Həyat bilgisi" fənninin təkmilləşdirilmiş kurikulum sənədi haqqında İşçi Qrupun rəhbəri Elşad Yunusovun “Azərbaycan müəllimi”nə müsahibəsini təqdim edirik:
– Elşad müəllim, yeni "Həyat bilgisi" kurikulumu hansı əsas dəyişiklikləri ehtiva edir?
– Kurikulum dəyişiklikləri sürətlə dəyişən dövrümüzün tələblərinə cavab vermək üçün aparılır. Qloballaşma və dünya təhsil sisteminə inteqrasiya məzmunun və onun tətbiqi istiqamətlərinin yenilənməsini zəruri edir. Nazirlər Kabinetinin qərarına əsasən, digər fənlər kimi Həyat bilgisi fənnində də bu istiqamətdə yeniliklər həyata keçirilib. Bu dəyişikliklər bacarıq və tətbiq əsaslı yanaşmalar nəzərə alınmaqla reallaşdırılıb. Həyat bilgisi kurikulumu sosial və təbiət elmləri olmaqla iki əsas istiqamətdə təhlil edilir. Hər iki istiqamətin özünəməxsus ortaq və fərqli cəhətləri mövcuddur.
– Təkmilləşdirmə hansı beynəlxalq standartlara uyğun aparılıb?
– Təbiət elmləri üzrə təkmilləşdirmələr beynəlxalq qiymətləndirmələrin, xüsusilə TIMSS və PISA standartlarına uyğun aparılıb. Bu standartlar əsasında təbiət elmləri vahid yanaşma ilə təqdim edilib, həmçinin idrak, affektiv və yaş qrupuna uyğun psixomotor bacarıqların inkişafı əsas hədəf kimi müəyyən olunub. Yeni standartlara əsasən, şagirdlər müşahidələr aparmalı, nəticələri təhlil edib müqayisə etməli və öz hipotezlərini formalaşdırmalıdırlar. Bu yanaşma sorğu və tədqiqat əsaslı öyrənmə metodlarının inkişafına töhfə verəcəkdir.
– Qeyd etdiniz ki, yeni proqramda məzmun sosial və təbiət elmləri olmaqla iki istiqamətdə təhlil olunur. Sosial istiqamətdə hansı təkmilləşdirmələr aparılıb?
– Sosial istiqamətdə əsas diqqət şagirdlərin sosial-emosional bacarıqlarının inkişafına yönəlib. Bunlara özünü dərk etmə, özünü idarəetmə, sosial dərketmə (şüur), münasibətlərin idarə olunması, məsuliyyətli qərar qəbul etmə, fərdi məsuliyyət, özünə hörmət, rəqabət əsaslı interaktiv və kooperativ əməkdaşlıq, pozitiv sosial qarşılıqlı əlaqə və inklüziv yanaşma kimi bacarıqlar daxildir.
– Təkmilləşdirmə zamanı hansı məzmun istiqamətləri çıxarılıb və hansı yeniliklər əlavə olunub?
– Məzmun istiqamətləri çıxarılmayıb, əksinə daha spesifik yanaşma tətbiq edilərək təbiət və sosial-humanitar elmlər üzrə daha dərin, ölçülə bilən, səriştə əsaslı şəkildə yenilənib. Xüsusilə təbiət elmlərinə aid məzmunun daha detallı öyrənilməsi və alt-standartların ölçülə bilən və tətbiq əsaslı bacarıqlarla ifadə olunmasına önəm verilib. Nazirlər Kabinetinin 29 sentyabr 2020-ci il tarixli, 361 nömrəli qərarına əsasən, ümumi təlim nəticələri "Həyat bilgisi" fənni üzrə "Canlılarda struktur və proseslər", "Ətraf mühit və biz", "Sağlamlıq və təhlükəsizlik", "İnsan və cəmiyyət" məzmun xətləri üzrə təsnif olunub.
Bu dörd məzmun xəttindən ikisi təbiət elmləri, biri sosial-humanitar elmlər, digəri isə sağlamlıq və təhlükəsizlik sahəsinə aid bilik və bacarıqları əhatə edir. Hər bir məzmun xətti üzrə alt-standartların spiralvari inkişafı təmin olunub və fənlərarası inteqrasiya prinsipi qorunub. Bu yanaşma şagirdlərin təqdim olunan mövzuları daha kompleks şəkildə mənimsəməsinə imkan yaradacaq.
– Həyat bilgisi fənninin yeni kurikulumu əsasında tədrisə başlanılıb?
– 1-ci və 2-ci siniflər üçün “Həyat bilgisi” fənninin təkmilləşdirilmiş kurikulum sənədi artıq hazırdır və kütləvi tədrisə başlanılıb. 3-cü siniflər üçün yenilənmiş proqram hazırda pilot olaraq tədris edilir və gələn ildən geniş miqyasda tətbiq ediləcək. 4-cü siniflər üçün nəzərdə tutulan təkmilləşdirilmiş proqram isə artıq pilot tədris üçün hazırlanır.
– Yeni kurikulum şagirdlərə nə vəd edir?
– Beynəlxalq qiymətləndirmələrin nəticələrini araşdırdıqda görürük ki, şagirdlərimizin nəzəri suallardakı göstəriciləri yüksək olsa da, praktik bacarıq tələb edən, tədqiqat əsaslı suallarda nəticələri aşağıdır. Təkmilləşdirilmiş kurikulum məhz bu problemi həll etməyə yönəlib və şagirdləri sorğu və tədqiqat əsaslı öyrənməyə təşviq edir. Bundan əlavə, yeni kurikulum sağlam həyat tərzinə malik, ətraf mühitin və təbii resursların qorunmasının vacibliyini anlayan, savadlı, araşdırma aparmağı və sorğulamağı bacaran, tədqiqatçı, innovativ, məsuliyyətli, tolerant, vətənpərvər, maliyyə savadlılığına malik və özünü qiymətləndirməyi bacaran şagirdlərin yetişməsini vəəd edir.



