Anası oxudu, o isə yadda saxladı – Gözdən əlil Heydər ali məktəbi fərqlənmə diplomu ilə bitirdi
Kür sahilinin sakitliyi Mingəçevirə xasdır. Bu şəhərdə bəzən elə səs-sədasız mübarizələr yaşanır ki, onların uğurla bitməsi tək bir gəncin taleyini deyil, bir ailənin səbrini, bir universitetin dürüstlüyünü, bir cəmiyyətin insanlıq ölçüsünü də göstərir.
Biz “Azərbaycan müəllimi” üçün hazırladığımız bu yazıda gənc Heydər Qafarlının hekayəsini dinlədik.
Heydər Mingəçevir Dövlət Universitetinin Təhsil fakültəsinin “Tarix müəllimliyi” ixtisasının ötənilki məzunudur. O, bu məktəbi fərqlənmə diplomu ilə bitirib.
Heydər uşaqlıq illərini xatırlayanda bir detalı xüsusi vurğulayır: “Beş yaşımda məktəbəqədər hazırlığa başladım. O vaxt mən də, ailə üzvlərim də gözümdəki problemi hiss etməmişdik. Sadəcə qaranlıq düşəndə narahat olurdum, qorxurdum. Elə bilirdik, uşaq qorxusudur”.
İlk siniflərdə müəlliminin ailəyə çatdırdığı bir xəbər həyatın ritmini dəyişdirir. Heydər danışır: “Müəllim dedi ki, dərsdə lövhədəkiləri görə bilmirəm. O gündən sonra Bakıya müayinələrə getməyə başladıq. Ümidlə gedirdik, çünki müəyyən irəliləyiş görürdük. Amma sonra həkimlər bunun “Retinitis Pigmentosa”, “toyuq korluğu” adlandırılan xəstəlik olduğunu dedilər. Qohum evliliyi olduğu üçün irsilik ehtimalını da vurğuladılar. Evdə sükut oldu. Mən uşaq idim, amma böyüklərin üzündəki kədəri görürdüm”.
Ailənin o sükutu Heydərin sözləri ilə desək, məyusluqdan mübarizəyə çevrilən bir qərarla əvəzlənir. “Anam deyirdi ki, həyatım rahat olmalıdır. Mən də o rahatlığı geri çəkilməmək kimi başa düşürdüm”, – Heydər bildirir.
On yaşına çatanda isə görmə qabiliyyəti tamamilə itir. Məktəb yolu o vaxtdan başqa cür başlayır: “Atam hər gün məni maşınla məktəbə aparırdı. Hərdən özümə söz verirdim: bir gün elə nəticə göstərəcəyəm ki, bu zəhmətin hamısı mənalı olacaq”.
Məhdudiyyətlər Heydərin təhsilə münasibətini zəiflətmir, əksinə gücləndirir. Doqquzuncu sinifdə ali məktəbə qəbul üçün hazırlığa başlayır. “Bəziləri elə bilir ki, insan çətinlik olanda dayanır. Mən dayansaydım, həmin çətinlik qalib gələcəkdi”, – deyir.
Onuncu sinifdə keçirilən kök hüceyrə əməliyyatından sonra görmə qabiliyyəti qismən bərpa olunur, rəngləri müəyyən qədər seçməyə başlayır. Heydər o günləri “yenidən işığın dadını hiss etmək” kimi təsvir edir.
“Bu, tam görmək deyil. Amma mənim üçün böyük ümiddir. ABŞ-də də əməliyyat olunmalıyam. Deyirlər ki, əməliyyat uğurlu olsa, görmə 50 faizə qədər bərpa oluna bilər. Ailəm də, mən də bunu çox istəyirik. Mən ümidimi heç vaxt itirməmişəm”.
Uğur hekayəsinin görünməyən tərəfi isə anasının fədakarlığıdır. Heydərin anası Sevda xanımın səsində həm ana qayğısı, həm də müəllim qətiyyəti var:
“Heydərin özünü cəmiyyətdən təcrid etməsindən qorxurdum. Ona görə hər şeyi elə qurmağa çalışdıq ki, həyatın içində olsun. Bəli, məyus olduq. Amma məyusluqdan sonra qərar verdik: Heydərin həyatı daha rahat olmalıdır. Mən özüm müəllim olsam da, Heydərin təhsilinə görə işimi buraxdım. Həyatımı Heydərə həsr etdim. İmtahanlara hazırlaşanda bütün mövzuları ona oxuyurdum, o isə dinləyir, yadda saxlayırdı. Heydərin yaddaşı çox güclüdür. Mən oxuyurdum, o sanki içində bir kitabxana qururdu”.
Sevda xanım ailə həyatının sınaqdan keçdiyini də gizlətmir: “Dörd il bizim üçün çox çətin oldu. Heydərin atası İsmayıllıda çalışırdı. Biz Mingəçevirdə, özü rayonda qaldı. Ayda iki dəfə İsmayıllıya gedirdik. Ailəlikcə ayrı qalmaq çətindir. İmtahanlara aparıb-gətirirdik, dərslər başlayanda yenə mən Heydəri götürüb Mingəçevirə aparırdım. Anam isə yoldaşımla İsmayıllıda qalırdı. Amma bu ayrılığın içində bir ümid də vardı: Heydərin təhsili yarımçıq qalmamalıdır”.
Heydərin Mingəçevirə bağlılığı elə buradan başlayır. “Mənim yaddaşımda Mingəçevir gözəl, sakit şəhərdir. Tələbə yoldaşlarım da, şəhər də mənə doğmadır”, – deyir. Ana isə həmin doğmalığın bir səbəbini xüsusi vurğulayır:
“Universitetdə oxuduğu müddətdə tələbə yoldaşları mənə icazə vermirdi ki, Heydəri aparıb-gətirim. "Sevda müəllimə, narahat olmayın, biz yanındayıq",- deyirdilər. Bu, sözün əsl mənasında dayaq idi”.
Mingəçevir Dövlət Universitetində Heydərə münasibət bir insanlıq davranışı kimi xatırlanır. Sevda xanımın sözlərinə görə, Humanitar fənlər kafedrasının müdiri Esmira Cəfərova başda olmaqla, bütün müəllimlər ona xüsusi diqqət göstəriblər: “Heydərin yazılı imtahanları belə çox zaman şifahi götürülürdü. Bəzi yazılı imtahanlarda isə ona ayrıca otaq ayrılırdı, şərait uyğunlaşdırılırdı. Mən Heydəri universitetə ötürürdüm, amma heç vaxt dərslərində oturmurdum. Çünki orada onun öz mühiti var idi. Biz universitetin diqqətini, qayğısını hər zaman hiss etdik”.
Heydərin təhsil göstəriciləri də bu mühitin içində zirvəyə qalxır.
“Mən universitetə qəbul olan gündən özümə söz verdim: qırmızı diplom alacağam”, – deyən Heydər həmin hədəf üçün gecə-gündüz çalışdığını bildirir. Nəticə isə fakültənin birincisi olmaqdır. Bu uğur münasibətilə universitetin rektoru Anar Eminovun Heydəri xüsusi təbrik etməsi və mükafatlandırması gəncin yaddaşında “dəyər verildiyini hiss etdiyim an” kimi qalır.
Heydərin müəllimləri onu təsvir edərkən bir ifadə işlədiblər: “Heydər canlı konspektdir”. Bu fikri Sevda xanım da xatırlayır və əlavə edir ki, oğlunun dərslərə yanaşması hər zaman ciddi olub, heç bir mövzunu “yarımçıq” buraxmayıb. Heydərin kurs yoldaşlarının yanında olması, müəllimlərin xüsusi diqqəti, imtahan formatında çevik yanaşma – bütün bunlar bir tərəfdən inklüzivliyin praktik nümunəsidir, digər tərəfdən isə Heydərin şəxsi zəhmətini daha da görünən edir.
Bu uğurun içində adıçəkilən müəllimlərdən Vüsalə Mövlayeva da Heydərin xarakterini “özünə qarşı tələbkarlıq və məsuliyyət” sözləri ilə xarakterizə edir. Onun fikrincə, Heydər auditoriyada yalnız “dinləyən tələbə” deyil, mövzuya dair sual verən, məsələni dərinləşdirən, öz üzərində çalışan bir gənc olub. Esmira Cəfərova isə Heydərin universitet həyatını “iradənin təhsilə çevrildiyi nümunə” kimi qiymətləndirir və tələbə yoldaşlarının dəstəyini bu hekayənin ayrılmaz hissəsi sayır.
Heydərin uğuru universitet diplomu ilə bitmir. Tədris yükünün aşağı düşməməsi üçün MİQ imtahanlarına nisbətən gec hazırlaşmağa başlasa da, burada da uğur qazanır. Heydər hazırda magistr imtahanlarına hazırlaşır və ən böyük arzusu magistr təhsilini davam etdirib Mingəçevir Dövlət Universitetində müəllim kimi fəaliyyət göstərməkdir: “Mən bu şəhərdə, bu universitetdə böyüdüm. İndi istəyirəm bildiklərimi geri qaytarım. Mənim arzum təkcə iş tapmaq deyil, tələbələrə ümid verməkdir”.
Rektor Anar Eminovun yanaşması da bu arzunun mahiyyətini təsdiqləyir: Heydərin hekayəsi universitet üçün yalnız bir məzunun uğuru deyil, həm də ali təhsildə humanist dəyərlərin, əlçatan mühitin və akademik tələbkarlığın eyni anda mümkün olduğunu göstərən nümunədir. Rektorun vurğuladığı əsas fikir ondan ibarətdir ki, istedad və zəhmət dəstək mühiti ilə birləşəndə nəticə həm fərdi, həm də institusional qürura çevrilir.
Bu hekayəni dinlədikcə bir məqam aydın olur: Heydərin “uğur” anlayışı təkcə qiymət, diplom, birincilik deyil. Onun uğuru hər səhər yenidən başlamaq gücüdür; ailəsinin uğuru sevgini fədakarlığa çevirmək bacarığıdır; universitetin uğuru isə “qayğı”nı sadəcə söz yox, real imkan kimi qurmaqdır. Qarşıda ABŞ-də nəzərdə tutulan əməliyyat, işlə təminat, magistr təhsili almaq hədəfi var. Amma bu gün artıq bir həqiqət var: Heydər Qafarlı öz taleyini məhdudiyyətin deyil, iradənin diktə etdiyi istiqamətə çevirə bilib.



