Hindistanda imtahanda saxtakarlığa görə 10 ilədək həbs təklif olunur
Hindistanda imtahanlarda sual sızdırılması və digər qanunsuz vasitələrdən istifadəyə görə cəzaların əhəmiyyətli dərəcədə artırılması təklif olunur.
"Azərbaycan müəllimi" xəbər verir ki, Hindistan parlamentinə təqdim olunan qanun layihəsində ictimai imtahanlarda saxtakarlığın qarşısının alınması ilə bağlı mövcud qaydaların sərtləşdirilməsi nəzərdə tutulur. Dəyişikliklər sual sızdırılması, imtahanlarda qanunsuz vasitələrdən istifadə və mütəşəkkil saxtakarlıqla mübarizəyə yönəlib.
Layihəyə əsasən, imtahanlarda qanunsuz vasitələrdən istifadə edən şəxslər ən azı 5 il, ən çoxu 10 il müddətinə azadlıqdan məhrum edilə bilərlər. Hazırda bu əməllərə görə 3 ildən 5 ilədək həbs cəzası nəzərdə tutulur. Maksimum cərimənin isə 1 milyon rupidən 5 milyon rupiyə, yəni təxminən 10,5 min ABŞ dollarından 52,3 min dollaradək artırılması təklif olunur.
Mütəşəkkil şəkildə imtahan qaydalarını pozan şəxslər üçün cəzalar daha ağır olacaq. Belə hallarda minimum həbs müddətinin 5 ildən 7 ilədək artırılması və 100 milyon rupiyə, yəni təxminən 1,05 milyon dollaradək cərimə tətbiqi nəzərdə tutulur.
Qanun layihəsi imtahanların keçirilməsində iştirak edən xidmət şirkətlərini də əhatə edir. Qanun pozuntusunda təqsirli bilinən şirkətlər üçün maksimum cərimənin 10 milyon rupidən 50 milyon rupiyə, yəni təxminən 105 min dollardan 523 min dollaradək artırılması və onların dövlət imtahanlarının keçirilməsindən uzaqlaşdırılma müddətinin 4 ildən 8 ilədək uzadılması təklif edilir. Şirkətlərin rəhbər şəxsləri üçün də 5 ildən 10 ilədək həbs və 50 milyon rupiyə qədər cərimə nəzərdə tutulur.
Diqqətçəkən digər məqam imtahan saxtakarlığı ilə bağlı işlərə daha qısa müddətdə baxılmasıdır. Təklifə əsasən, araşdırma iki ay ərzində başa çatdırılmalı, işlər xüsusi sürətli məhkəmələrdə araşdırılmalı və məhkəmə prosesi ittiham aktının təqdim edilməsindən sonra üç ay ərzində yekunlaşdırılmalıdır. Qərardan apellyasiya şikayətinin 30 gün ərzində verilməsi nəzərdə tutulur.
Hindistanın bəzi ştatlarında isə imtahan saxtakarlığına qarşı daha sərt cəzalar artıq tətbiq edilir. Uttar Pradeşdə təkrar qanun pozuntusuna görə ömürlük həbs nəzərdə tutulur. Racastanda isə sual sızdırılması və mütəşəkkil şəkildə imtahan qaydalarının pozulmasına görə 10 ildən ömürlük həbsədək cəza tətbiq oluna bilər.




