HTP çərçivəsində xaricdə təhsil üçün 700-ə yaxın müraciət qeydə alınıb
2026/2027-ci tədris ili üzrə Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində xaricdə təhsil almaq üçün portal.edu.az üzərindən ümumilikdə 685 müraciət daxil olub.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, müraciətlərdən 458-i Macarıstanda, 163-ü Çində, 40-ı Türkiyədə, 13-ü Rumıniyada, 11-i isə Qazaxıstanda təhsil məqsədilə edilib.
Müsahibələrin nəticələrinə əsasən, Macarıstanda təhsil üçün 200 əsas və 85 ehtiyat olmaqla ümumilikdə 285 nəfərin, Çində təhsil üçün 20 əsas və 16 ehtiyat olmaqla 36 nəfərin, Türkiyədə təhsil üçün 25 nəfərin, Rumıniyada təhsil üçün isə 5 əsas və 2 ehtiyat olmaqla 7 nəfərin namizədliyi müvafiq ölkələrə təqdim edilib.
HTP çərçivəsində 2026/2027-ci tədris ili üzrə yekun qəbul nəticələrinin iyul-avqust aylarında proqramda iştirak edən ölkələrin aidiyyəti qurumları tərəfindən açıqlanacağı gözlənilir.




