“Hüquqlarınla parla!” layihəsinin bağlanış tədbiri keçirilib
Fevralın 17-də Beynəlxalq Uşaq Hüquqları Gününə həsr olunmuş “Hüquqlarınla parla!” layihəsinin bağlanış tədbiri keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, səhiyyə nazirinin müavini İlqar Qasımov və digər məsul şəxslər iştirak ediblər.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyev və Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən ombudsman Səbinə Əliyeva uşaqların hərtərəfli inkişafına yönəlmiş layihələrin ölkə üzrə həyata keçirildiyini, müasir standartlara cavab verən təhsil, səhiyyə və sosial infrastruktur obyektlərinin istifadəyə verildiyini bildirib. O həmçinin uşaq hüquqları ilə bağlı qanunvericilik təşəbbüslərinə Ombudsman Aparatı tərəfindən töhfələrin verildiyini qeyd edib.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova uşaqların əsas vəzifəsinin oxumaq və sağlam düşüncəli olmaq olduğunu vurğulayıb, gələcəkdə ölkənin idarə olunmasında fəal iştirak etmələrinin əhəmiyyətini qeyd edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova layihənin il ərzində qarşıya qoyulan hədəflərə doğru fəal şəkildə irəlilədiyini və bir çox dövlət qurumlarını birləşdirdiyini bildirib.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında sosial şəbəkələrin həm müsbət, həm də mənfi təsirlərindən danışıb, şagirdlərin rəqəmsal resurslardan düzgün və məqsədyönlü istifadə etməsinin vacibliyini vurğulayıb. O bildirib ki, intellektual yarışlarda və oyunlarda iştirak edən şagirdlərin bilik və bacarıqları daha yüksək olur və bu təcrübə onların insan kapitalının inkişafına böyük töhfə verir. Nazir müavini gənc nəsli gələcəkdə rəqəmsal texnologiyalar, süni intellekt və robotlaşdırılmış sistemlər sahəsində qarşılaşacağı çağırışlara hazır olmağa çağırıb.
Tədbirdə uşaqların hüquqlarının müdafiəsi, erkən nikah və zorakılıq kimi risklərdən qorunması, sağlam qidalanma və həyat tərzi, sosial rifahın gücləndirilməsi və ictimai həyata inteqrasiya məsələləri də diqqət mərkəzində olub.
Tədbirin sonunda layihə çərçivəsində təlimlərdə yüksək nəticə göstərən məktəblilər, eləcə də həssas kateqoriyadan olan uşaqlar üçün təşkil olunan keys müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Qeyd edək ki, layihə Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikası Milli Məclisi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, "Regional İnkişaf" İctimai Birliyi, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı, “Nar” şirkətinin maliyyə dəstəyi ilə həyat keçirilib.



