İbtidai sinif müəllimliyi üzrə xaricdə əldə edilmiş kvalifikasiyaların cəmi 17 faizi tanınıb
“İbtidai sinif müəllimliyi” ixtisası ilə bağlı xaricdə əldə edilmiş kvalifikasiyaların son peşə tanınması imtahanında müvəffəqiyyət göstəricisi cəmi 17% təşkil edib”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov 2025-ci ilin yekunlarına dair keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) sifarişi əsasında Dövlət İmtahan Mərkəzi tərəfindən 19 dekabr 2025-ci il tarixində təşkil olunan peşə tanınması imtahanında “İbtidai sinif müəllimliyi” ixtisası üzrə iştirak edən namizədlərin 83%-i uğursuz nəticə əldə edib. Belə ki, sözügedən imtahanda həmin ixtisas üzrə 6 nəfərdən 5-i uğursuz nəticə göstərib, yalnız 1 müraciətçi uğurlu nəticə əldə edib:
“Qeyd edək ki, uğursuz nəticələrin əsas hissəsi Rusiya Federasiyası və Gürcüstanın ali təhsil müəssisələrinin (ATM) məzunlarının payına düşür.
Belə ki, sözügedən ixtisas üzrə peşə tanınması imtahanında uğursuz nəticə göstərən müraciətçilər kvalifikasiyalarını Rusiya Federasiyası üzrə Moskva Dövlət Pedaqoji Universiteti, Moskva Şəhər Pedaqoji Universiteti, Dağıstan Dövlət Pedaqoji Universiteti; Gürcüstan üzrə isə İlia Dövlət Universiteti və Gürcüstan Texniki Universitetindən əldə edib. Keçid balını toplayaraq uğurlu nəticə göstərmiş 1 müraciətçi kvalifikasiyasını Türkiyə Respublikasının Bursa Uludağ Universitetindən əldə edib”.
O əlavə edib ki, bu istiqamətdə TKTA tərəfindən aparılan təhlil göstərir ki, peşə tanınması imtahanında uğurlu nəticə əldə etməyən şəxslər əsasən ali təhsil müəssisələrinə hər hansı ciddi dəyərləndirmə olmadan, yalnız tam orta təhsili bitirmə barədə sənəd təqdim etməklə qəbul olunan şəxslərdir.


