"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı məhkəmə başlayıb
Bakıda "İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
"Azərbaycan müəllimi" APA- ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib.
Prosesdə təqsirləndirilən şəxsin vəkili və zərərçəkən iştirak etmədiyinə görə iclas iyunun 17-nə təxirə salınıb.
Qeyd edək ki, hadisə fevralın 6-da paytaxtın Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyində baş verib.
Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, məktəbdə şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb. Fevralın 7-si Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda cinayət işi başlanılıb. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (Xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə yekun ittiham elan olunub.



