İkiqat ölkə çempionudur, hədəfi dünya çempionu olmaqdır - Sumqayıt məktəblisinin uğuru 

13 Fevral, 2026 - 15:51
İkiqat ölkə çempionudur, hədəfi dünya çempionu olmaqdır

Sumqayıt şəhər 10 nömrəli tam orta məktəbin şagirdi Ruslan Nuriyev Gəncə İdman Sarayında təşkil olunan Yunan-Roma güləşi üzrə 17 yaşlılar arasında U17 Azərbaycan çempionatında I yerə layiq görülərək Azərbaycan çempionu adını qazanıb.          
     
 “Azərbaycan müəllimi” uğurlu idmançı ilə yaxından tanış olub.

“Ən böyük arzum dünya və Olimpiya çempionu olmaqdır” 

X sinif şagirdi Ruslan Nuriyev 6 yaşından güləş idman növü ilə məşğul olur və mütəmadi olaraq respublikamızın rayonlarında güləş üzrə təşkil olunan yarışlarda müxtəlif yerlərə layiq görülüb, bu günə qədər bir çox turnirlərin qalibi olub. Sumqayıt şəhərində yerləşən “Alüminium” idman zalının yetirməsi olan Ruslan keçən il 25-28 iyulda İtaliyanın Kaorle şəhərində keçirilən U15 Avropa çempionatında 75 kq çəki ilə ikinci yeri tutaraq gümüş medal əldə edib. İdmançımız iki dəfə Azərbaycan çempionu adını qazanıb.

“Sonuncu iştirak etdiyim yarışa çox yaxşı hazırlaşmışdım. Məşqçim Qadir Süleymanovun sayəsində Yunan-Roma güləşi üzrə bir çox uğurlara imza atdım. Nailiyyətlərin davamlı olması üçün fasiləsiz hazırlıq keçmək lazımdır. Çox qürurluyam ki, əziyyətimiz yerdə qalmadı. Qalib olarkən keçirdiyim sevinc, qürur əvəzedilməz bir hissdir. Bu qalibiyyət məni daha yeni uğurlara ruhlandırır. Ən böyük arzum dünya və Olimpiya çempionu olmaqdır”, - Ruslan deyir.

Azərbaycan çempionunun fikrincə, məşqçilərin tapşırıqlarına vaxtlı-vaxtında əməl edən idmançı nailiyyət qazanır. O, nizam-intizamlı, fiziki hazırlıqlı gənc olaraq hədəflərənə doğru inamla irəliləyəcəyini qeyd edir.

İkiqat ölkə çempionudur, hədəfi dünya çempionu olmaqdır
İkiqat ölkə çempionudur, hədəfi dünya çempionu olmaqdır
İkiqat ölkə çempionudur, hədəfi dünya çempionu olmaqdır