“İlk yarışda medal qazandım” – Məktəbli idmançıların uğurları

13 İyul, 2026 - 12:04
“İlk yarışda medal qazandım” – Məktəbli idmançıların uğurları

İdman məktəblilərin fiziki hazırlığının möhkəmləndirilməsi ilə yanaşı, onların iradəli, intizamlı və məqsədyönlü şəxsiyyət kimi formalaşmasında da mühüm rol oynayır. Təhsil aldıqları məktəbləri müxtəlif yarışlarda uğurla təmsil edən şagirdlər qazandıqları nailiyyətlərlə yaşıdlarına örnək olur, müəllim və valideynlərinin etimadını doğruldurlar. Onların uğurları məktəblərdə idmanın inkişafına göstərilən diqqətin, məşqçilərin əməyi və öz zəhmətlərinin bariz nəticəsidir.

"Azərbaycan müəllimi" Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin idmanda fərqlənən bir neçə şagirdi ilə həmsöhbət olub.

"Ölkəmi beynəlxalq arenalarda təmsil etmək ən böyük arzumdur"

Biləsuvar rayon Əlövsət Eynullayev adına 4 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Turan Abdullazadə 2021-ci ildən sərbəst güləşlə məşğul olur.

O, bu idman növünə marağının uşaqlıqdan yarandığını, əmioğlusunun güləşlə məşğul olmasının seçimində mühüm rol oynadığını deyir. Turanın sözlərinə görə, ailəsi hər zaman ona dəstək göstərib və qardaşı da vaxtilə güləşlə məşğul olub.

Turan təhsilini idmanla uğurla uzlaşdırır. Dərslərdə davamiyyətini qorumaqla yanaşı, müxtəlif yarışlarda da yüksək nəticələr əldə edib. O, 2024-cü ildə Astara rayon açıq birinciliyində I, Məktəblilərin Respublika çempionatında II, Füzuli rayon açıq birinciliyində I, Astara rayon açıq birinciliyində isə yenidən I yerə layiq görülüb. 2026-cı ildə Şirvan şəhərində keçirilən zona birinciliyinin qalibi olaraq final mərhələsinə vəsiqə qazanıb, Salyanda keçirilən açıq birincilikdə I, Biləsuvarda təşkil olunan turnirdə II yer tutub. Məktəblilərin Respublika İdman Olimpiadasında isə sərbəst güləş üzrə 48 kq çəki dərəcəsində bürünc medal qazanıb.

Turan gələcəkdə idman sahəsində ali təhsil almaq, beynəlxalq yarışlarda Azərbaycanı layiqincə təmsil etmək və daha böyük uğurlara imza atmaq niyyətindədir.

“İdmana sağlam həyat tərzi sürmək üçün başladım” 

Biləsuvar rayon Saleh Babayev adına Aşağı Cürəli kənd tam orta məktəbinin şagirdi olmuş Yusif Həbibli hazırda Biləsuvar Peşə Liseyində təhsil alır. O, iki ildir ki, boks idman növü ilə məşğuldur.

Yusif idmana sağlam həyat tərzi sürmək və özünəinamını artırmaq məqsədilə başladığını bildirir. Onun sözlərinə görə, bu seçimində ən böyük dəstəkçisi atası olub.

Gənc idmançının ilk yarışı 2026-cı ilin iyun ayında Bakıda keçirilən Məktəblilərin Respublika İdman Olimpiadası olub. O, boks üzrə 75 kq çəki dərəcəsində III yer tutaraq bürünc medala sahib çıxıb.

Yusif gələcəkdə beynəlxalq yarışlarda iştirak edərək Azərbaycanı təmsil etməyi və bu sahə üzrə ali təhsil almağı qarşısına məqsəd qoyub.

"Azərbaycan bayrağını dünyanın ən böyük arenalarında dalğalandırmaq istəyirəm"

Salyan şəhəri Nizami Gəncəvi adına 2 nömrəli tam orta məktəbin şagirdi Harun Əliyev uşaqlıqdan dünya və Avropa çempionlarını izləyərək onların yolunu davam etdirməyi arzulayıb. O, sərbəst güləşi seçməsində atasının və ailəsinin böyük rol oynadığını bildirir. Babası və əmisi də gənclik illərində bu idman növü ilə məşğul olublar.

Harun Məktəblilərin Respublika İdman Olimpiadasında III yerə layiq görülüb. Bununla yanaşı, müxtəlif turnirlərdə dəfələrlə I, II və III yerləri tutaraq çoxsaylı medal və diplomlar qazanıb.

Gənc idmançının əsas hədəfi Olimpiya Oyunlarında, Avropa və dünya çempionatlarında qalib gələrək Azərbaycan bayrağını yüksəklərə qaldırmaqdır.

"Boks idman növlərinin şahıdır"

Neftçala şəhəri Elton Həbibiov adına 4 nömrəli tam orta məktəbin şagirdi Akif Bağırov altı yaşından boksla məşğul olur. O, idmana marağının atası Əlipaşa Bağırovun sayəsində yarandığını və ilk məşqçisinin də atası olduğunu deyir.

Akif beş dəfə rayon birincisi, üç dəfə regionlararası yarışların qalibi olub. Bakıda keçirilən turnirdə çempionluq qazanıb. Son uğuru isə 2026-cı ilin iyununda keçirilən Məktəblilərin Respublika İdman Olimpiadasında bürünc medal əldə etməsi olub.

Gələcəkdə Avropa və dünya çempionatlarında Azərbaycanı layiqincə təmsil etməyi qarşısına məqsəd qoyan Akif idman sahəsində ali təhsil almağı da planlaşdırır. Onun fikrincə, boks idman növlərinin şahıdır.

Məktəbli idmançıların qazandıqları uğurlar göstərir ki, zəhmət, əzm və məqsədyönlülük istedadla birləşdikdə böyük nəticələr əldə etmək mümkündür. Bu gün respublika yarışlarında fərqlənən bu gənclər gələcəyin beynəlxalq arenalarda ölkəmizi uğurla təmsil edəcək idmançıları olmağa namizəddirlər.