İlqar Bayramlı: Növbəti 4 ildə bütün ixtisaslar növbəli şəkildə yenilənəcək

29 Aprel, 2026 - 10:14
İlqar Bayramlı: Növbəti 4 ildə bütün ixtisaslar növbəli şəkildə yenilənəcək

Son 4 ildə 64 yeni peşə təhsil proqramı yaradılıb.

Bunu “Azərbaycan müəllimi”nə açıqlamasında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı deyib. 

Onun sözlərinə görə, bu proses davam edəcək: “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” hazırlanır. Müəyyən etmişik ki, hazırda təklif olunan 160 ixtisasın hamısı növbəti 4 ildə növbəli şəkildə yenilənəcək”.

Peşə təhsilində yeni ixtisasların yaradılmasına önəm verildiyini deyən direktorun sözlərinə görə, əmək bazarı bunu tələb edir: “Peşə təhsili ona görə çevikdir, ona görə əmək bazarının tələblərinə reaksiya verə bilir ki, yeni ixtisaslar yaradılır”. 

Direktor yenilənmə prosesindən də danışaraq sahibkarları aktiv olmağa çağırıb: “60-dan çox təhsil proqramı işəgötürənlərin birbaşa iştirakı ilə yenilənib. Çünki hansı ixtisalar üçün hansı bilik, bacarıq, səriştələrin gərəkli olduğunu ən yaxşı məhz işəgötürənlər bilir. Ona görə də proqramları yeniləyəndə mütləq iş adamları ilə görüşürük”.