Stresimi azaltmaq üçün futbola getdim – Yüksək bal toplayanlar
Builki buraxılış imtahanları ölkə üzrə minlərlə şagird üçün bilik və hazırlıq səviyyəsinin yoxlanıldığı mühüm mərhələ kimi yadda qaldı. Bu imtahanda yüksək nəticə göstərənlərdən biri də Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində olan Gəncə şəhəri M.Ş.Vazeh adına 16 nömrəli tam orta məktəbin şagirdi Səid Süleymanov oldu.
“Azərbaycan müəllimi” buraxılış imtahanında yüksək bal toplayan gənclərin uğurunu bölüşüb.
Səid Süleymanovun sözlərinə görə, imtahanda 291,90 bal toplayıb. Onun üçün bu nəticəni əldə etmək asan olmayıb, lakin məqsədə doğru atılan hər addım öz bəhrəsini verib. Onun ən çox sevdiyi fənn riyaziyyat olub və bu sahədə daha çox çalışaraq özünü inkişaf etdirib. Səid bildirir ki, çətin mövzular onun üçün maneə yox, daha çox çalışma motivasiyası olub: “Çətinlik çəkdiyim mövzular üzərində təkrar-təkrar işləyirdim”.
Eyni zamanda o qeyd edir ki, imtahanda topladığı bal daha yüksək ola bilərdi: “Balım 3 açıq suala görə maksimum olmadı”.
İmtahana psixoloji hazırlıq da onun üçün vacib olub. Səid imtahandan bir gün əvvəl stresi azaltmaq üçün sevdiyi məşğuliyyətə vaxt ayırdığını qeyd edir: “İmtahandan əvvəlki gün stresimi azaltmaq üçün dostlarımla futbola getdim”.
İmtahan strategiyası barədə danışarkən isə o, düzgün başlanğıcın vacibliyini vurğulayır: “İmtahan başlayan kimi birinci nisbətən rahat suallardan başladım, sonra çətinlərə keçdim”.
Gündəlik hazırlıq rejimində sosial şəbəkələrdən istifadəni də balanslı şəkildə tənzimlədiyini bildirir: “Dərslərimi bitirdikdən sonra sosial şəbəkələrdən istifadə edirdim”.
Gələcək planları isə kifayət qədər aydındır. O, 4-cü qrup üzrə hazırlaşır və həkim olmaq istəyir. Səid abituriyent yoldaşlarına da mesaj ünvanlayır: “Mən IV qrupa hazırlaşıram və məqsədim həkim olmaqdır. Buradan digər abituriyentlərə demək istəyirəm ki, çox stresə düşməsinlər və zəif olduqları mövzuları təkrar etsinlər. Hər kəsə uğurlar azru edirəm”.
“Düzgün istirahət də ən azı dərs qədər vacibdir”
Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində olan Şəmkir rayonu Düyərli kənd 2 nömrəli tam orta məktəbin XI sinif şagirdi Nuray Eyvazlı da builki buraxılış imtahanlarında 290 bal toplayaraq yüksək nəticə göstərən məzunlar sırasında yer alıb.
Nuray uğur yolunun başlanğıcını belə xatırlayır: “Mən ibtidai təhsil dövründən müxtəlif bilik yarışlarında, respublika fənn müsabiqələri və olimpiadalarda fəal iştirak etmişəm. Bu müsabiqələr mənim həm biliklərimin inkişafında, həm də özümə olan inamımın artmasında böyük rol oynayıb. Qazandığım fəxri fərmanlar və nailiyyətlər isə mənə daha da motivasiya verib”.
Hazırlıq prosesində gündəlik rejim və intizam əsas rol oynayıb: “Mən yalnız məktəbdə verilən tapşırıqlarla kifayətlənmirdim. Eyni zamanda əlavə olaraq hazırlaşır, gün ərzində təxminən 5-6 saat dərs oxuyurdum. Amma bir məqamı xüsusilə vurğulamaq istəyirəm: düzgün istirahət də ən azı dərs qədər vacibdir. Çünki yorğun beyin effektiv öyrənə bilmir”.
Nuray müəllim dəstəyini uğurunun əsas sütunlarından biri kimi qiymətləndirir:
“Düşünürəm ki, uğurumun əsas səbəbi məktəbdə qazandığım möhkəm bilik təməlidir. Bəzi şagirdlər düşünür ki, yalnız repetitor hazırlığı kifayətdir. Amma bu belə deyil. Məktəbdə öyrənilən biliklər hər şeyin əsasıdır”.
Çətin mövzularla mübarizə aparmaqdan çəkinmədiyini xüsusi vurğulayır:“Əlbəttə, mənim də çətinlik çəkdiyim mövzular olurdu. Amma mən bu çətinliklərdən qaçmırdım. Düşünürəm ki, inkişaf məhz zəif olduğumuz mövzular üzərində işləməklə mümkün olur”.
İmtahan öncəsi psixoloji hazırlıq və özünəinam da mühüm rol oynayıb:
“İmtahana hazırlıq dövründə çox böyük həyəcan keçirmədim. Çünki 9-cu sinifdə də yüksək nəticə - 271,2 bal toplamışdım və bu mənə özünəinam qazandırmışdı. Amma yenə də həyəcanlandığım anlar olurdu. Belə hallarda musiqi dinləyir, açıq havada gəzintiyə çıxır və ya valideynlərimlə söhbət edirdim. Onların mənə olan inamı və dəstəyi mənim üçün ən böyük motivasiya idi”.
İmtahan strategiyasına xüsusi yanaşması isə nəticəyə birbaşa təsir edib: “İmtahan zamanı isə strategiya çox önəmlidir. Mən sualları diqqətlə oxumağa çalışırdım və imtahana ən yaxşı bildiyim fənn ilə başladım. Çətin sualları sona saxlayırdım ki, daha sonra sakit şəkildə yenidən baxım. Bu üsul mənə vaxtımı daha düzgün bölməyə kömək etdi”.
O, dərslə yanaşı həyat balansını qorumağın vacibliyini də qeyd edir: “Dərsdən əlavə həyatımı da balanslı şəkildə qurmağa çalışırdım. Dostlarımla vaxt keçirmək, film izləmək mənim üçün əyləncəli və dəyərlidir. Sosial şəbəkələrdən isə demək olar ki, az istifadə edirdim - əsasən yalnız istirahət günlərində baxırdım. Çünki vaxtın düzgün idarə olunması uğurun əsas şərtlərindən biridir”.
Gələcək planları barədə danışan Nuray texnologiya sahəsinə marağını belə ifadə edir: “Gələcək planlarıma gəldikdə isə kompüter mühəndisliyi ixtisasını seçmək istəyirəm. Həmçinin magistr təhsilimi xaricdə davam etdirmək və daha geniş biliklər əldə etmək istəyirəm”.
Sonda isə o, abituriyentlərə vacib mesajlarını çatdırır: “Mütləq qarşınıza məqsəd qoyun. Məqsəd sizi hər gün daha çox çalışmağa sövq edəcək. Unutmayın ki, bu yolda çətinliklər olacaq. Amma əsas məsələ ruhdan düşməməkdir. Hər bir uğurun arxasında zəhmət dayanır”.
“Xüsusi repetitor dəstəyi almadım”
Şəmkir şəhər Kimya və biologiya təmayüllü liseyin XI sinif şagirdi Emil Hüseynov buraxılış imtahanında 290 bal toplayaraq yüksək nəticə göstərən məzunlar sırasına qoşulub. Onun uğur yolu erkən yaşlardan formalaşan məqsədyönlülük, sabit rejim və davamlı zəhmətin nəticəsidir.
Yataqxanada qalaraq uğura imza atan Emil təhsil yolunun başlanğıc mərhələsini belə xatırlayır: “7-ci sinfə qədər təhsilimi Gəncə 16 nömrəli tam orta məktəbdə almışam, həmin il imtahan verib Şəmkir şəhər Kimya və biologiya təmayüllü liseyə qəbul oldum”.
O, məktəb illərində qazandığı uğurlarla diqqət çəkib: “9-cu sinifdə FİSO və FMO-da qızıl, TİMO və Kopernik olimpiadalarında isə uyğun olaraq gümüş və bürünc medallar qazanmışam. TİMO-nun respublika mərhələsində medal alandan sonra Türkiyəyə gedib final mərhələsində iştirak etdim lakin çox cuzi balla medalı qaçırtdım”.
Dərsdənkənar fəaliyyətlərə də vaxt ayırdığını bildirir: “Dərsdən əlavə məşğuliyyətlərimə gəldikdə stolüstü tennislə məşğul olmağı sevirəm. İstirahət vaxtlarında isə liseyin həyətində müntəzəm şəkildə idmanla məşğul olmağa çalışıram”.
Sosial şəbəkələrdən istifadəni minimuma endirib: “Dərslərimə görə “WhatsApp” istifadə edirim. Lakin digər sosial şəbəkələrdən demək olar ya heç istifadə etmir, ya da gündə 15-20 dəqiqə istifadə edirdim”.
Gələcək planları barədə danışan Emil deyir: “Uşaqlıq xəyalım olan tibb təhsili almaq istəyirəm”.
O, abituriyentlərə belə tövsiyə edir: “Düzgün qidalanma və stabil yuxu rejimi ən əsaslarındandır, çünki bunlar sənin mənəvi və fiziki cəhətdən hazırlayır. Sadəcə robotlaşıb dərs oxumaq da təbii ki, məntiqsizdir. Dərslərinizi oxuyun, amma etməyi sevdiyiniz şeylərdən də əl çəkməyin”.



