İndoneziya məktəblərində qalmaqal: Pulsuz qidalanan minlərlə şagird zəhərləndi
İndoneziyada məktəblilərə pulsuz qidalanma təmin etmək məqsədilə həyata keçirilən dünyanın ən böyük qidalanma proqramlarından biri ciddi qalmaqala səbəb olub.
“Azərbaycan müəllimi” xarici KİV-ə istinadla xəbər verir ki, ölkədə hər gün 80 milyon məktəblini pulsuz yeməklə təmin etməyi planlaşdıran proqram kütləvi qida zəhərlənmələrinə səbəb olub. Bununla bağlı korrupsiya ittihamları irəli sürülüb və məsələ üzrə cinayət işi açılıb.
Yerli KİV-in məlumatına görə, proqramın icrasına cavabdeh olan Milli Qidalanma Agentliyinin rəhbəri Dadan Hindayana dövlətə ziyan vurmaq və vəsaitləri mənimsəmək ittihamı ilə həbs edilib.
Dadan Hindayan proqram çərçivəsində fəaliyyət göstərən bəzi mətbəxlərin idarə edilməsini standartlara cavab verməyən fondlara həvalə edib.
2025-ci ilin yanvarında fəaliyyətə başlayan proqramın məqsədi uşaqlar arasında qidalanma çatışmazlığı və inkişaf geriliyinin qarşısını almaq idi.
Lakin proqramın icrasından sonra vəziyyət gözlənildiyi kimi olmayıb. Bu ilin aprel ayına qədər ən azı 33 min qida zəhərlənməsi halı qeydə alınıb. Minlərlə şagird proqram çərçivəsində təqdim edilən yeməklərdən sonra xəstəxanaya müraciət edib.
Prezident Prabovo Subianto hadisədən sonra çıxışında proqramda pozuntuların olduğunu təsdiqləyib və qaydaları pozan şəxslərin məsuliyyətə cəlb ediləcəyini bildirib. Bununla yanaşı, o, pulsuz qidalanma proqramının cəmiyyət tərəfindən dəstəkləndiyini və davam etdirilməsinin vacib olduğunu vurğulayıb.



