İnklüziv dilin öyrədilməsi sosial ədalətin təşviqində vacib rol oynayır – BMT rəsmisi
“Seçilən sözlər insanların düşüncə tərzinə və münasibətlərinə birbaşa təsir göstərir və bu baxımdan inklüziv dilin öyrədilməsi cəmiyyətdə ləyaqət, bərabərlik və imkanların təmin olunması üçün vacibdir”.
“Azərbaycan müəllimi”xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Bakıda BMT-nin Azərbaycandakı Ofisi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təşkil olunan “Mediada inklüziv dilin istifadəsinin təşviqi” mövzusunda seminar zamanı səsləndirib.
O bildirib ki, xüsusilə əlilliyi olan şəxslərlə bağlı mövzuların düzgün və hörmətli dillə təqdim edilməsi üçün maarifləndirmə və təlimlər mühüm əhəmiyyət daşıyır.
V.Andreyeva seminarın jurnalistlər və media nümayəndələri üçün bir öyrənmə və bilik mübadiləsi platforması kimi nəzərdə tutulduğunu vurğulayıb. Onun sözlərinə görə, media nümayəndələri təkcə məlumat ötürən deyil, həm də cəmiyyətdə maarifləndirici rol oynayan əsas tərəfdaşlardır.
BMT rəsmisi qeyd edib ki, Azərbaycanda Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya və Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi çərçivəsində mühüm irəliləyişlər əldə olunsa da, media sahəsində bilik və bacarıqların artırılmasına ehtiyac qalmaqdadır. Köhnəlmiş və stereotip ifadələrin istifadəsi çox zaman maarifləndirmə və təlim çatışmazlığından qaynaqlanır.
O, iştirakçıları seminarı öyrənmə, düşünmə və peşəkar inkişaf üçün təhlükəsiz məkan kimi dəyərləndirməyə çağıraraq, inklüziv dil üzrə biliklərin yalnız media fəaliyyəti ilə məhdudlaşmamalı, gündəlik həyatda da tətbiq edilməli olduğunu bildirib.
V.Andreyeva sonda inklüziv dil üzrə öyrənmənin və davamlı maarifləndirmənin sosial ədalətin təşviqinə və daha inklüziv cəmiyyətin formalaşmasına mühüm töhfə verdiyini vurğulayıb.


