İnsan hüquqlarının müdafiəçisi

15 Dekabr, 2025 - 15:39
İnsan  hüquqlarının müdafiəçisi

Mən bu məqaləni, Azərbaycanın görkəmli şəxsiyyətlərindən biri olan, həyatı boyu xalqının, dövlətinin rifahı üçün əlindən gələn bacarığını əsirgəməyən inqilabçı, publisist, SSRİ dövlət xadimi, Azərbaycan SSR MİK-nin sədri, ZSFSR MİK-nin sədri, ilk Xalq Torpaq Komissarı, "Şərqdə Mədəni İnqilabın" banisi, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Səməd ağa Ağamalıoğlunun 1867-ci il 27 dekabr - doğum günündə yazıb, onu yad etməyi özümə borc bildim.

Yorulmadan, usanmadan xalqını işıqlı gələcəyə çıxarmaq və təhsilimizdəki çətinlikləri aradan qaldırmaq üçün ölkəmizə verdiyi töhfələrdən qısa da olsa yazmaq istərdim.

Qeyd edim ki, Elm və Təhsil Nazirliyinin Xalq Təhsili Muzeyinin ekspozisiyasında, XX əsrin əvvəllərində Azərbaycanda əlifba dəyişikləri və yaşlılar arsında savadsızlığı aradan qaldırılması ilə bağlı xeyli işlər görən Səmədağa Ağamalıoğluna aid xeyli sənəd və materiallar var. Onun  təhsilimizlə bağlı gördüyü işlər çox təqdirəlayiqdir.

Səmədağa Ağamalıoğlu 27 dekabr 1867-ci ildə Qazax qəzasının Qıraq Kəsəmənli kəndində anadan olmuşdur. İlk təhsilini Qori Seminariyasında almış, 1887-ci ildə isə Vladiqafqaz hərbi progimnaziyasını bitirmişdir.

Həmişə əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq, insan hüquqlarını müdafiə etmək,daha dinc və ədalətli cəmiyyət qurmaq uğrunda iştirak etmək onun əsas prinsiplərindən biri idi. Elə bir ağır dövrlərdə həmişə fəhlə və kəndli övladlarının arxasında dağ kimi dayanan bu ziyalımız onların savadlanması və əzmlə irəliləməsi üçün əlindən gələni  əsirgəmirdi.

O, Ümumittifaq Kommunist (bolşeviklər) Partiyasının Zaqafqaziya ölkə komitəsinin tərkibinə seçildiyi gündən, öz postundan səmərəli istifadə edərək xalqının rifahı naminə çox böyük işlər görmüşdü. Hətta o, 1922-ci ilin 11 avqustunda V.İ.Leninlə görüşmüş, respublikanın ictimai, siyasi və iqtisadi vəziyyəti haqqında ona məlumat vermiş, Azərbaycanda istifadə olunan ərəb-fars əlifbasının latın əlifbası ilə əvəz olunması və qadınlara çadranı çıxarmaq hüququnun verilməsi təklifini irəli sürmüşdür. Deyildiyinə görə, Lenin bu təklifləri “Şərqdə Mədəni İnqilab” adlandırmışdır.

Səmədağa Ağamalıoğlu 1921-ci ildə yaradılmış Ümumittifaq Yeni Türk Əlifbası Komitəsinin sədri olmuşdur. O, Azərbaycanda və Sovet Şərqinin digər respublikalarında yeni latın əlifbasına keçilməsinə rəhbərlik etmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin dövründə də əlifbanı dəyişdirmək ideyası var idi, lakin yeni qurulan hökumət buna macal tapmamışdı.

O dövrün ziyalılarının (M.F.Axundov, F.Köçərli, M.T.Sidqi, C.Məmmədquluzadə, Mirzə Əli Məhəmməd) ərəb əlifbasının yaratdığı çətinliklərlə bağlı fikirlərini nəzərə alan Səməd ağa Ağamalıoğlu, yeni türk əlifbası haqqında Azərbaycan MİK tərəfindən 21 iyun 1922-ci ildə dərc edilmiş sirkulyar Sərəncamını respublikanın bütün təşkilatlarına göndərir. O, bu  idarələrə çatdırırdı ki, bütün idarə xidmətçiləri yeni əlifba ilə tanış olmalı və köhnə əlifba ilə yanaşı, yazı və ərizələri yeni əlifba ilə qəbul etməlidirlər.

1923-cü ilin 20 oktyabrında Azərbaycanda ilk dəfə olaraq latın qrafikalı türk əlifbasının hökumət əlifbası təyin olunması haqqında XKS və AMİK-nin dekreti çıxır. Uzun sürən fasilədən sonra, 21 iyul 1928-ci ildə Səmədağa Ağamalıoğlunun sədrliyi ilə AKP və Xalq Maarif Komissarlığı “Yeni türk əlifbasına keçidin vacibliyi haqqında” qərar qəbul edir. Bu qərarda belə deyilirdi: "1929-cu il yanvarın 1-dən bütün müəssisələr, nəşriyyatlar, mətbəələr yeni əlifbaya keçməlidirlər”. Həmin dövrdə bu qərarın icrası uzun sürmədi, 1939-cu ildə yeni bir qərarla Azərbaycanda kiril əlifbası tətbiq olunmağa başlandı.

Nəhayət, 1991-ci ilin avqustunda ölkəmizin müstəqilliyi ilə bağlı rəsmi sənəd qəbul olunduqdan sonra 25 dekabr 1991-ci il tarixdə “Latın qrafikalı əlifbanın yenidən bərpası haqqında” Qanun təsdiq edildi. 1992-ci ilin sentyabrın 1-dən birinci sinfə gedən uşaqlar latın qrafikalı əlifba ilə dərsə başladılar.

Onu da qeyd edim ki, yuxarıda adını çəkdiyim həmin dəyişiklərlə bağlı bütün sənəd və sərəncamlar Xalq Təhsili Muzeyinin ekspozisiyasında nümayiş etdirilir. 

Ziyalımız Səmədağa Ağamalıoğlu həmin dövrdə  xalqımızın kütləvi savadlanması üçün də çox  işlər görmüşdür. Belə ki, 1920-ci ilin 19 iyununda savadsızlıqla mübarizə üçün Moskvada Ümumrusiya Komissiyası təşkil edilmişdi. Bu komissiyaya yaşlıların savadlanması işini təşkil etmək həvalə edilmişdi. Elə Azərbaycanda da geniş kütlələrin savadlanması üçün məktəblər, kitabxanalar, qiraətxanalar və s. yaradılırdı.

Azərbaycan Xalq Maarif Komissarlığı 1923-cü ildə “Savadsızlıqla mübarizə komitəsinin əsasnaməsi”ni hazırlayır. Həmin əsasnaməyə əsasən, Azərbaycanda 1925-ci ildə yaradılan və Səmədağa Ağamalıoğlunun rəhbərlik etdiyi “Rədd olsun savadsızlıq” cəmiyyətinin çox böyük rolu olmuşdur. Onun böyük səyi nəticəsində Azərbaycanda savadsızlığın ləğv edilməsi işi geniş miqyas aldı. 1930-cu ilin yayından başlayaraq fasiləsiz dərs ili tətbiq edildi ki, bu da daha çox adamın təhsillə əhatə olunmasına imkan vermişdi. Hətta bütün müəllimlərə vəzifə olaraq tapşırıldı ki, onlar 8 ay müddətində öz ailə üzvləri arasında savadsızlığı ləğv etməlidirlər. Bütün bunlara xüsusi nəzarət komissiyası da yaradılmışdı (Bu qərarın sənədi Xalq Təhsili Muzeyində nümayiş etdirilir).

Bütün bu tədbirlərlə bağlı, məktəblərlə  yanaşı savadsızlığı ləğvetmə kursları da fəaliyyət göstərirdi. Əhalinin savadlanması respublikamızda xalq təsərrüfatının bütün sahələrində  işləmək üçün ixtisaslı işçilər hazırlanmasına imkan yaradırdı ki, bu da ölkəmizin getdikcə inkişafına, xalqımızın rifahının yaxşılaşmasına  təkan verirdi (Xalq Təhsili Muzeyində 1920-1939-cu illərdə savadsızlığın ləğvini göstərən diaqram nümayiş etdirilir).

Bir sözlə, Azərbaycanda qadın hüquq və azadlıqlarının da fəal müdafiəçisi olan bu hörmətli ziyalımız, Səmədağa Ağamalıoğlu, təhsilimizin yüksək səviyyəyə çatması üçün əlindən gələn bacarıqlarını əsirgəməmişdir. Biz və gələcək nəsillər onu heç zaman unutmayacaq.

Azərbaycanda pedaqoji fikir və təhsilin inkişafı tarixini vərəqlədikcə görürəm ki,dövlətimizin rifahı naminə böyük fədakarlıqlar göstərən, xalqımızın savadlı gələcəyi üçün özlərini oda-közə atan neçə-neçə belə ziyalılarımız var ki, onlar haqqında oxuduqlarımız çox maraqlıdır. Əgər təhsilimizin keçmişi oxucularımıza maraqlıdırsa, onda buyurun gəlin Xalq Təhsili Muzeyinə, mən əminəm ki, siz burada təhsillə bağlı daha maraqlı məlumatlar alacaqsınız.

Ruxsarə Məmmədova,
Xalq Təhsili Muzeyinin Ekspozisiya Şöbəsinin müdiri