İngiltərədə kənd məktəbləri şagird azlığına görə bağlanır

4 İyun, 2026 - 10:56
İngiltərədə kənd məktəbləri şagird azlığına görə bağlanır

İngiltərədə bəzi kənd məktəbləri şagird azlığı səbəbindən fəaliyyətini dayandırır. Artıq 150-dən çox yaşı olan daha bir məktəbin bağlanması üçün Təhsil Departamentinə müraciət edilib.

“Azərbaycan müəllimi” BBC-yə istinadən xəbər verir ki, Northemptonşir qraflığının Uidon Lois kəndində yerləşən Müqəddəs Loys Kilsə İbtidai Akademiyasında hazırda heç bir şagird təhsil almır.

Məktəbə 2026-cı ilin sentyabrı üçün də heç bir qəbul müraciəti daxil olmayıb.

Məktəbi idarə edən “Evolve Church Academy Trust” təşkilatı yeni tədris ili başlamazdan əvvəl təhsil müəssisəsinin bağlanması üçün rəsmi müraciət etdiyini açıqlayıb.

Təşkilatın açıqlamasında bildirilib ki, şagird sayının azalması ölkənin bir çox kiçik kənd məktəblərinin üzləşdiyi ümumi problemdir.

Yerli hakimiyyət orqanları bölgədəki digər məktəblərdə şagirdləri qəbul etmək üçün kifayət qədər yer olduğunu açıqlayıb.

Bağlanma qərarı təsdiqlənərsə, binanın sahibi olan yeparxiya onun gələcək istifadəsi ilə bağlı alternativ variantları nəzərdən keçirəcək.

İyunun 28-dək yerli sakinlərin məsələ ilə bağlı rəy bildirməsi üçün ictimai müzakirələr aparılacaq.

Qeyd olunur ki, son 5 ildə İngiltərədə 100-ə yaxın dövlət məktəbi bağlanıb və bunun əhəmiyyətli hissəsi şagird sayının azalmasından əziyyət çəkən kiçik kənd və kəndətrafı məktəblərdir.