İnsan kapitalının inkişafı uzunmüddətli inkişaf strategiyasının tərkib hissəsidir - Anar Əliyev

26 Sentyabr, 2026 - 13:19
İnsan kapitalının inkişafı uzunmüddətli inkişaf strategiyasının tərkib hissəsidir

Texnoloji yeniliklərin əmək bazarına və biznes modellərinə ciddi təsir göstərdiyi bir şəraitdə ölkələrin əsas strateji üstünlüklərindən biri bilik bazarı, innovasiya potensialı və insan kapitalıdır. Bu baxımdan Azərbaycan üçün insan kapitalının inkişafı yalnız sosial və ya iqtisadi siyasətin ayrı-ayrı istiqaməti deyil, ölkənin uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir.

"Azərbaycan müəllimi" AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "İnsan kapitalına və gələcək bacarıqlara investisiya" mövzusunda keçirilən panel sessiyada çıxışı zamanı deyib.

Nazir bildirib ki, Azərbaycan son illərdə iqtisadiyyatın şaxələnməsi, rəqəmsal texnologiya imkanlarının genişlənməsi və yeni iqtisadi fəaliyyət sahələrinin inkişafı istiqamətində mühüm addımlar atıb.

“Sosialyönümlü, innovativ və rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşması üçün yalnız yeni texnologiyalar və investisiyalar kifayət etmir. Bu texnologiyalardan səmərəli istifadə edə bilən, dəyişən əmək bazarının tələblərinə çevik uyğunlaşan, innovativ düşüncəyə və yeni dəyər yaratmaq qabiliyyətinə malik insan kapitalının formalaşması əsas şərtlərdən biridir”, - deyə nazir əlavə edib.