İqlimlə bağlı elmi qərarlar istiqamətləndirilməlidir – Muxtar Babayev

7 Sentyabr, 2026 - 10:46
İqlimlə bağlı elmi qərarlar istiqamətləndirilməlidir

Azərbaycan getdikcə daha vacib yaşıl enerji istehsalçısına çevrilmək və bağlantılar yaratmaq üçün ənənəvi rolunu inkişaf etdirir. Ölkəmiz bu gün Mərkəzi Asiya və Xəzərdən Cənubi Qafqaza və Türkiyəyə, oradan da Avropaya qədər yeni enerji və dəhliz imkanlarını inkişaf etdirmək üçün çalışır. Bu, yaşıl artımın və təmiz ətraf mühitin strateji inkişaf prioritetləri olduğu daha geniş milli baxışın bir hissəsidir.

"Azərbaycan müəllimi" AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Bakı İqlim Fəaliyyəti Həftəsi 2026-nın (BCAW2026) açılış mərasimində Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi və COP29-un Prezidenti Muxtar Babayev deyib.

O qeyd edib ki, BCAW2026-da maliyyə, enerji və adaptasiyadan tutmuş, biznes innovasiyaları, dözümlülük və ədalətli keçidə qədər həlledici mövzulara toxunulacaq. “Hökumətlər bunu təkbaşına edə bilməzlər. Özəl sektor iqlim iddialarını investisiyaya, innovasiyaya və miqyaslana bilən həllərə çevirməyə kömək etməlidir. Maliyyə institutları kapitalı səfərbər etməli, elmi qərarlar istiqamətləndirilməli, mülki cəmiyyət iştirak etməli və gənclərin səsi eşidilməlidir”, - deyə M.Babayev vurğulayıb.