İş dəftərlərindən istifadə məcburidirmi? 

11 Fevral, 2026 - 16:40
İş dəftərlərindən istifadə məcburidirmi? 

“Yeni dərsliklərin hazırlanması ilə yanaşı, tədris proqramları üzərində də geniş iş aparılıb. İş dəftərlərinin məcburi şəkildə istifadəsi ilə bağlı səsləndirilən bəzi fikirlər düzgün deyil”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Təhsil TV-də yayımlanan “Təhsil saatı" verilişində Təhsil İnstitutunun Tədris Resursları Mərkəzinin direktoru Zaur İsayev deyib.

Onun sözlərinə görə, iş dəftərləri nəzəri biliklərin tətbiqi və şagirdlərin bacarıqlarının formalaşdırılması prosesinə xidmət edir. Direktor vurğulayıb ki, bəzən özəl nəşriyyatlar tərəfindən Elm və Təhsil Nazirliyinin ekspertizasından keçməyən resurslar da istifadəyə buraxılır və bu materialların bir çoxunda qüsurlar müşahidə olunur. Nazirlik tərəfindən hazırlanan resurslar isə müvafiq ekspertiza mərhələlərindən keçərək hazırlanır.

Zaur İsayev iş dəftərlərinin alınmasının məcburi olmadığını, lakin arzuolunan hesab edildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, müəllimlərin iş dəftərlərindən istifadəni tövsiyə etməsinin əsas məqsədi şagirdlərin bilik və bacarıqlarının daha effektiv formalaşdırılmasıdır. İş dəftərləri tədris prosesində əlavə resurs kimi istifadə olunur və şagirdlərin öyrənmə imkanlarını genişləndirir.

O əlavə edib ki, Elm və Təhsil Nazirliyi tərəfindən hazırlanan iş dəftərləri minimal qiymətlərlə satışa çıxarılır və bu, əsasən çap xərclərinin qarşılanmasına xidmət edir.