İsa Həbibbəyli: Azərbaycan dilinin qrammatikası yenidən yazılır
Azərbaycan dilinin saflığının qorunması və qrammatikasının yenidən yazılması sahəsində ardıcıl işlər aparılır.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə AMEA-da “Elm günü” münasibətilə keçirilən tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli məlumat verib.
Akademik İsa Həbibbəyli Dilçilik İnstitutu tərəfindən Azərbaycan dilinin linqvistik korpusunun yaradılması sahəsində mühüm addımların atıldığını, Azərbaycan dilinin orfoqrafiya və orfoepiya lüğətləri üzərində işlərin tamamlandığını söyləyib. Bundan əlavə, şəxs adlarının yeni soraq kitabının hazırlanaraq aidiyyəti üzrə müvafiq quruma təqdim olunduğunu diqqətə çatdırıb.
“Tarixçi alimlərimiz 15 cildlik “Azərbaycan tarixi” üzrərində iş aparmaqla bərabər, Azərbaycan Respublikası tarixinin, yeni müstəqillik dövrü tariximizin 3 cildi üzərində işi bu ilin axırınadək tamamlamaq üçün qüvvələrini səfərbər etmişlər. Həmçinin 10 cildi nəzərdə tutulan “Azərbaycan ədəbiyyatı tarixi”nin də artıq 7 cildi çap olunmuşdur”, – deyə akademik İsa Həbibbəyli bildirib.



