İsa Həbibbəyli: Dilimizi qorumaq üçün qarşılığı olan terminlərdən istifadə etməliyik

25 May, 2026 - 11:02
İsa Həbibbəyli: Dilimizi qorumaq üçün qarşılığı olan terminlərdən istifadə etməliyik

“Toponimlərin bərpası istiqamətində ardıcıl işlər aparılır. Milli Məclisin nəzdində fəaliyyət göstərən Toponimiya Komissiyasında yer adları ilə bağlı yeni qərarlar qəbul edilir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli ADPU-da keçirilən “Ana dili: kimlik və gələcək” respublika konfransında səsləndirib.

Akademik bildirib ki, saxtalaşdırılmış Azərbaycan toponimlərinin bərpası prosesi davam etdirilir. Onun sözlərinə görə, bu yaxınlarda Quba rayonunun üç kəndinin adı Toponimiya Komissiyasında dəyişdirilib: “Qubanın Vladimirovka kəndinin sakinləri Milli Məclisə müraciət edərək kəndin adının “Elbir”adlandırılmasını təklif etdilər. Bu ad həm el birliyini ifadə edir, həm də dilimizə yeni bir neologizmin daxil olması baxımından əhəmiyyətlidir. Vaxtilə Alekseyevka, Nikolayevka kimi kənd adları, həmçinin bolşevik ideologiyasını əks etdirən toponimlər mövcud olub. Son 10 ildə Toponimiya Komissiyası tərəfindən 50-dən çox belə yaşayış məntəqəsinin adı dəyişdirilərək tarixi və milli yaddaşa uyğunlaşdırılıb”.

O qeyd edib ki, hazırda Qərbi Azərbaycan Dialektoloji Atlası hazırlanır, eyni zamanda, Dərbənd Azərbaycanının dialektoloji atlasının hazırlanması da planlaşdırılır.

Akademik bildirib ki, bu gün dil sürətlə inkişaf edir və ona davamlı olaraq yeni sözlər daxil olur. “Biz dünyanın istifadə etdiyi terminlərdən tam imtina edə bilmərik. Ancaq həmin terminlərin Azərbaycan dilində qarşılığı varsa, dilimizin saflığını qorumaq naminə məhz bu qarşılıqlardan istifadə etməliyik. Terminologiya üzrə lüğətlərin hazırlanması xüsusi əhəmiyyət daşıyır. AMEA-nın elmi-tədqiqat müəssisələrində müstəqillik illərində 100 terminoloji lüğət hazırlanıb”.