İsa Həbibbəyli: Yazılı ədəbiyyatımız dilimizi inkişaf etdirən böyük xəzinədir
“Dil bir xalqın milli kimliyinin pasportu, xalqın milli mənliyinin möhürüdür. Buna görə də dilin inkişafı, qayğısı inkişaf etmiş cəmiyyətlərin əksəriyyətində dövlət siyasəti səviyyəsində həyata keçirilir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilən “Ana dili: kimlik və gələcək” respublika konfransında səsləndirib.
Akademik bildirib ki, Azərbaycan dili ən qədim və zəngin dillərdən biridir. Bizim qədim ədəbiyyatımızın ən qədim nümunələri də bu dildə yaradılıb: ““Kitabi-Dədə Qorqud” öz fəlsəfəsi ilə birlikdə qədim Oğuz elinin yaratdığı təfəkkürü, xalqın milli təfəkkürünü ifadə etməklə yanaşı, həm də möhtəşəm dil abidəsidir. Bizim yazılı ədəbiyyatımız dilimizi inkişaf etdirən, yaşadan, rənginləşdirən böyük xəzinədir”.
İ.Həbibbəyli bildirib ki, Ulu Öndər Heydər Əliyevin Əsasını qoyduğu bir dil siyasəti var və görkəmli dövlət xadimi Heydər Əliyevin özü sovet hökumətinin yaratdığı məhdudiyyətlərə baxmayaraq, Azərbaycan dilindən geniş ictimaiyyət qarşısındakı çıxışlarında istifadə edib: “Vaxtilə BDU-nun yubileyində tələbələr qarşısında etdiyi çıxış Sovet İttifaqında dalğa-dalğa yayılmışdı. Çünki o vaxta qədər sovet rəhbərlərinin, demək olar ki, heç biri öz ölkəsində ana dilində rəsmi tədbirdə danışmamışdı. Bu nöqteyi-nəzərdən Ulu Öndər Heydər Əliyevin 1978-ci ildə Azərbaycan dilini Azərbaycan Respublikasının Konstitusiyasında dövlət dili səviyyəsində qəbul etdirməsi zamana görə çox mühüm, çox böyük ictimai-siyasi hadisə kimi qiymətləndirilməyə tamamilə layiqdir. Ölkəmizin Prezidenti İlham Əliyev tərəfindən aparılan siyasət bunu uğurla davam etdirir”.
O bildirib ki, Azərbaycanda qloballaşma şəraitində Azərbaycan dilinin işlək imkanlarının artırılmasına dair Dövlət Proqramının həyata keçirilməsi, latın qrafikalı Azərbaycan ədəbiyyatının, daha sonra isə dünya ədəbiyyatının latın qrafikası əsasında kütləvi nəşr olunması ötən əsrin böyük hadisələridir.



