İşğaldan azad edilmiş ərazilərin ilk olimpiada qalibi - "Məni daha böyük zirvələr gözləyir"
Respublika fənn olimpiadalarının final turunun nəticələrinə əsasən, işğaldan azad olunmuş Cəbrayıl şəhərində fəaliyyət göstərən Cəbrayıl şəhəri Mehdi Mehdizadə adına tam orta ümumtəhsil məktəbinin 8-ci sinif şagirdi Yusif İsmayılzadə tarix fənni üzrə gümüş medala layiq görülüb.
"Azərbaycan müəllimi" Yusiflə həmsöhbət olub.
Yusif ilk olaraq Abşeron rayonu Mehdiabad qəsəbəsi 5 nömrəli tam orta ümumtəhsil məktəbində təhsil alıb, hazırda isə M.Mehdizadə adına tam orta ümumtəhsil məktəbində təhsilini davam etdirir.
Bu il iştirak etdiyi RFO-da uğurlu nəticə göstərərək gümüş medala sahib olub. Onun qazandığı bu nəticə işğaldan azad olunmuş ərazilərimizdə ilk olimpiada uğurudur.
"Bu uğur mənim üçün təkcə şəxsi nailiyyət deyil, həm də “Böyük qayıdış” proqramı çərçivəsində doğma yurduma qayıdan şagird kimi əldə etdiyim ilk böyük uğurdur. Nailiyyətim məndə sözlə ifadə edilməsi çətin olan böyük qürur və sevinc hissləri yaradır. Doğma torpağımda, Cəbrayılda uğura imza atmaq mənim üçün xüsusilə dəyərlidir və yadda qalan bir an kimi həyatımda xüsusi yer tutur.
Bu uğur mənə göstərdi ki, qarşıya məqsəd qoyub əzmlə çalışdıqda hər bir çətinliyi aşmaq mümkündür. Əldə etdiyim nəticə mənə daha böyük hədəflər üçün inam verir və daha çox çalışmağa ruhlandırır.
Bu nailiyyətdə müəllimlərimin əməyi, ailəmin dəstəyi və mənə olan inamları böyük rol oynayıb. Mən də bundan sonra onların etimadını doğrultmaq üçün daha səylə çalışacaq, məktəbimi və ölkəmi daha yüksək səviyyədə təmsil etməyə çalışacağam. Bu uğur mənim gələcək nailiyyətlərimin başlanğıcıdır və qarşıda məni daha böyük zirvələr gözləyir".



