Gecikmiş albom, 40 illik dəftər – Laçın məktəbinin muzeyi birinci oldu
Laçın şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbinin ərsəyə gətirdiyi "Məktəb muzeyi" Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən respublika müsabiqəsində “İlin məktəb muzeyi” adını qazanıb. 50-yə yaxın şəhər və rayonunun məktəbinin qatıldığı layihədə təqdim edilən işlər müxtəlif meyarlar üzrə qiymətləndirilib.
"Azərbaycan müəllimi" "Təqdimat və ekskursiya” meyarı üzrə yüksək nəticə göstərən Laçın məktəbinin muzeyindən hazırladığı yazını təqdim edir.
“Muzey hər bir Laçın sakinin əməyi ilə ərsəyə gəlib”, - desək yanılmarıq. Birgə əməyin nəticəsi olan muzeydə müxtəlif illərə aid eksponatlar sərgilənir.
Burada olan, baxdığımız eksponatların hər birinin muzeyə hədiyyə edilməsindən ətraflı danışacağıq. Əvvəlcə muzeyin yaradılması ilə bağlı videodan danışaq. Hazırlanan video qısa olsa da, o təlaş, o sevinc, o qürur hissləri elə gözəl görünür ki! Sakinlərin öz övladları, ailə üzvləri ilə birgə muzeyə hədiyyə bağışlamaq üçün gəlməsi, əllərində olan qiymətli əşyaları oraya təqdim etməsi keçmişə verilən dəyərin nümunəsidir.
Məktəbin tarixini əks etdirən eksponatlardan ibarət sərgi
Eksponatlar müxtəlif illəri əhatə edir. Məsələn, məktəbin inşa edilməsinin, müəllimllərin işə qəbul əmrlərinin, təşəkkürnamələrinin, şagirdlərin təltifnamələrinin, eləcə də digər eksponatların aid olduğu dövr.
Məktəbin xatirə şəkillərinin çəkildiyi fotoaparat belə bu eksponatların içərisində yer alıb.
Burada məktəbli forması da sərgilənir. Forma 1987-ci ilə aiddir. Laçın sakini tərəfindən məktəbə hədiyyə edilib.
Eksponatların içərisində 40-dan çox yaşı olan kimya dəftəri diqqətimizdən yayınmır. Dəftər "Tərəqqi" medallı, 1989-cu il məzunu, həkim - infeksionist Mehriban İsayeva tərəfindən hədiyyə edilib. İkinci dəftər isə 1979-cu ilə aid xatirə dəftəridir.
Tarixi eksponatlar bununla bitmir. 1987-ci ilə aid olan şahmat isə məktəb direktoru tərəfindən şagird Sənan Əmirova məktəb yarışlarında qalib gəldiyi üçün hədiyyə edilib.
Muzeydə işğaldan əvvəl fəaliyyət göstərən müəllimlərin dərs planları, “Fəxri fərman”lar, "Laçın" qəzetinin işğaldan əvvəlki səhifələri, məktəb haqqında məlumat, orden və medallar, həmçinin Laçının azad olunmasından sonra ölkə rəhbəri və birinci xanımın buraya səfərinin yer aldığı fotolar da sərgilənir.
Eksponatlar arasında məzun albomu da var. 32 il sonra laçınlı məzuna təqdim olunmuş, gecikmiş albom. Albom 1992-ci ildə işğalla əlaqədar albomunu ala bilməyən general-mayor Müşfiq Məmmədov tərəfindən muzeyə hədiyyə edilib.
Gecikmiş məzun gününü azad edilmiş Laçında keçirən məzunların fotoları da stendlərdə yer alıb.
Bu məktəb muzey keçmişi və bu günü özündə saxlayıb, gələcəyi inşa edir.



