Qürur dolu addımlar – Cəbrayılda Zəfər yürüşü
Bu gün azad Cəbrayılda Zəfərin 5-ci ili qeyd olunur.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu münasibətlə Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Cəbrayılda "Zəfər yürüşü" keçirilir.
Səhər saatlarıdır. Yürüş iştirakçıları artıq yavaş-yavaş start nöqtəsinə gəlirlər. Yürüş Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta ümumtəhsil məktəbindən başlayıb Mehdi Mehdizadə adına tam orta ümumtəhsil məktəbində yekunlaşmalıdır.
Yürüşə işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən təhsil müəssisələrinin müəllim və şagird kollektivləri qoşulublar.
“Qarabağ Azərbaycandır!”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Qarabağ azaddır!” və digər şüarlar ətrafı bəzəyib. Hər kəs sevinclidir. Məktəb kollektivləri ilə yanaşı, sakinlər də yürüşə qoşulmaq üçün tələsirlər.
“5 il ötsə də, o həyəcan azalmayıb”
Çox az zamandan sonra yürüşə start veriləcək. Müəllimlərdən biri şagirdlərini bu gün haqqında məlumatlandırır. O, Mehdi Mehdizadə adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Gilə Hüseynovadır. Şagirdlərlə söhbətinə müdaxilə etmədən onu dinləyirik:
“8 Noyabr bizim xalqımız üçün bir qəhrəmanlıq salnaməsidir. Məhz bu gün xalqımızın əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu, xalq–iqtidar birliyi qələbəmizi təmin edən amillərdən oldu. Azərbaycan xalqı hərb tariximizə daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı”.
Gilə müəllim deyir ki, qələbəmizdən 5 il ötməsinə baxmayaraq, o həyəcan, o coşqu azalmayıb. Əksinə, bu tarixi günün mahiyyətini bir xalq olaraq daha dərindən anlayır, daha çox qürur hissi keçiririk. O, bu günə şagirdləri və həmkarları ilə qatılmağın tamam fərqli hiss olduğunu bildirir:
“Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna rolu olan bu qələbə bir daha sübut etdi ki, bir dövlət olaraq dünya tarixində öz yerimiz, mövqeyimiz olub və bundan sonra da olacaq. Hələ XX əsrin əvvəllərində Azərbaycanın görkəmli şairi Məhəmməd Hadi təəssüflə “Millətimin imzası yox imzalar içində” deyərək sanki fəryad qoparırdı. Bu gün imzalar içində bizim də imzamız var.
Burada yaşayıram, burada fəaliyyət göstərirəm. Xalqımız, dövlətimiz, millətimiz üçün layiqli şəxsiyyətlər, vətənpərvər insanlar yetişdirmək bir müəllim kimi mənim həyat prinsipimdir”.
“Biz sahib olduğumuz yerdəyik”
Şagirdlərinə şüarları ucadan söyləməkdə dəstək olan daha bir müəllim var. Bu xanım Nərgiz Atakişiyevadır.
O da bizimlə həmsöhbət olur. Arada saatına baxır, bu qısa dəqiqələrin ona çox uzun zaman kimi gəldiyini deyir:
“Zəfər Günü tariximizin əbədi qürur səhifəsidir. Biz bu gün yürüşdə Ali Baş Komandanımızın rəhbərliyi ilə qəhrəman Ordumuzun qazandığı tarixi qələbənin 5-ci ilini qeyd edirik. Bu qələbə bizim üçün yalnız hərbi qələbə deyil, həm də mənəvi qələbədir. Zəfərimiz istər beynəlxalq arenada, istərsə də Azərbaycan məkanında dövlətimizin gücünü, xalqımızın birliyini göstərdi, 30 illik ədalətsizliyə son qoydu.
İşğaldan azad edilmiş Cəbrayıl torpağında, Laçından, Zəngilandan gəlmiş məktəb kollektivləri ilə birgə Zəfər yürüşündə iştirak etmək həqiqətən də qürurvericidir. Biz müəllim ailəsi olaraq şərəfli işimizi davam etdirmək üçün yurdumuzdayıq. Elə ali hisslər var ki, çətinliklərə qalib gəlir. Biz sahib olduğumuz yerdəyik. Zamanla hər şey qaydasına düşür. Zəfərimiz mübarək!”
“Tarixi hadisələrin canlı şahidi olmuşam, qürurluyam”
Azad Cəbrayılın azad sakinləri — nə gözəl səslənir! Azad...
Müəllimlər qədər həyəcanlı olan şagirdlər də var. Onuncu sinif şagirdi Xədicə Mehralıyeva kimi.
Xədicə deyir ki, yürüşdə iştirak edəcəyini biləndə çox sevinib.
Əvvəllər televiziyada baxdığı, paytaxtda və digər ərazilərdə keçirilən yürüşlərdən biri indi onun doğma torpağında təşkil olunub:
“Bu gün mən də yürüşdə iştirak edirəm. Həm də işğaldan azad edilmiş, anamın, atamın doğulduğu torpaqlarda. Həyəcanlıyam. Bu gün istiqlal məşəlinin igidlərimizin canı bahasına yandığı gündür. Tarixi hadisələrə canlı şahid olmuşam və qürurluyam”.
“Qarabağ Azərbaycandır!” şüarını ürəkdən səsləndirən başqa bir şagird Turan Əmiraslanlı ilə söhbətə davam edirik. Turan ailəsi ilə birgə Bakıdan köçürülən sakinlərdəndir:
“Atam hərbçidir. 44 günlük Vətən müharibəsinin iştirakçısıdır. İndi xidmətini burada - Cəbrayılda davam etdirir.
Onun sözlərində, söhbətində hər zaman azadlıq qazanacağımız, Cəbrayılın və buranın təbiətinin gözəlliyi yer alırdı.
Buraya ilk gələndə dağıdılmış yerləri görərkən vətənimizin, insanların necə ağır günlərə şahidlik etdiyini hiss etdim.
İndi fəxr edirəm ki, azad torpaqlarda təhsil alıram”.
Söhbətimizi yekunlaşdırırıq.
Artıq yürüş başlanır. Şüarlar, qürurlu səslər ətrafı bürüyür. Üçrəngli bayraqlar dalğalana-dalğalana ünvana çatmaq üçün kilometrlərlə yol qət edir. Yolboyu sakinlər də yürüşə qoşulurlar.
Bu gün təbiət də günəşi ilə azad Cəbrayıla, onun azad sakinlərinə yoldaşlıq edir. Sanki o da qələbəni təbrik edir.
Zəfər Günün mübarək, Azərbaycan!



