İstanbulda vəkildir, burada aşpazlığı öyrənir – Peşə təhsili üçün Azərbaycanı seçənlər
Hər il onlarla deyil, yüzlük rəqəmlərlə ifadə olunan sayda yeniyetmə və gənc təhsil üçün Azərbaycana gəlir. Onların çoxu ali təhsil müəssisələrini seçsə də, artıq peşə təhsili müəssisələri də artımla müşahidə olunan bu rəqəmlərdə öz payını ortaya qoyur.
Hazırda Azərbaycan peşə təhsili müəssisələrində ümumilikdə 88 nəfər xarici ölkə vətəndaşı təhsil alır.
“Azərbaycan müəllimi”nə Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, sonuncu - 2025/2026-cı tədris ilində peşə təhsili müəssisələrinə tələbə qəbulu zamanı 84 nəfər xarici ölkə vətəndaşının qəbulu reallaşdırılıb.
Müqayisə üçün qeyd edək ki, 2024/2025-ci tədris ilində 66 nəfər, 2023/2024-cü tədris ilində isə 57 nəfər əcnəbi peşə təhsili müəssisələrinə qəbul olunub.
Xaricdən gələnlər hansı peşələri seçirlər?
Belə məlum olur ki, müraciətlər arasında iqtisadiyyat, xidmət sektoru, informasiya və kommunikasiya texnologiyaları (İKT) və avtomobil sahələri üstünlük təşkil edir. Məsələn, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində İran, Rusiya, Gürcüstan və Türkiyə vətəndaşları təhsil alırlar. Tərbiyə işləri üzrə direktor müavini Zibaxanım Cəfərli “Azərbaycan müəllimi”nə açıqlamasında deyib ki, burada “Turizm” və “Aşpaz” ixtisaslarına müraciət edənlər üstünlük təşkil edir: “Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində peşə təhsilinin hər 3 pilləsi - ilk peşə, texniki peşə, yüksək texniki peşə təhsili pillələrində 22 ixtisas üzrə 1500 nəfərdən çox tələbə təhsil alır. Uğurlu karyera qurmağın yolu peşə təhsilindən keçdiyi üçün hər il təhsil almaq üçün müraciət edənlərin sayında artım müşahidə olunur. Peşə təhsilinə müraciət etmək üçün yaş həddinin olmaması bu təhsil pilləsində müxtəlif yaş qrupundan olan insanların təmsil olunması ilə nəticələnib”.
Direktor müavininin sözlərinə görə, son – 2025\2026-cı tədris ilində 1220 plan yerinə 16 mindən çox müraciət daxil olub: “Qəbul olanların arasında xarici ölkə vətəndaşları da var. Xarici vətəndaşlar da Azərbaycan vətəndaşları ilə birlikdə portaldan qeydiyyatdan keçərək müəssisəmizə qəbul olunublar”.
“Məqsədim burada əldə edəcəyim təhsil əsasında şəxsi iş qurmaqdır”
Onlardan biri İran vətəndaşı Negah Əzizidir. O, Urmiya şəhərində anadan olub. Təhsilini də bu şəhərdə alıb: “Orta təhsilimi və ali məktəbə hazırlıq mərhələsini (diplom və universitet) təbiət elmləri (eksperimental elmlər) ixtisası üzrə Urmiya şəhərində başa vurmuşam. Bundan əlavə, rəsmi məktəb təhsili ilə yanaşı, ssenari yazarlığı və teatr sahələrində də ixtisaslaşmış təlimlər almışam və bu istiqamətlərdə peşəkar bilik və bacarıqlar qazanmışam”.
Negah Azərbaycanda olmağının səbəbini belə izah edir: “Həyat yoldaşım Azərbaycanda şirkət təsis edib. Maliyyə bazarları istiqaməti üzrə fəaliyyət göstərir. Onun Azərbaycana və ana dilinə olan dərin marağı səbəbindən buradayıq. Artıq dörd ildir ki, Bakıda yaşayırıq və burada özümüzü yad, qərib yerdəki kimi hiss etmirik. Azərbaycan əhalisinin səmimiyyəti, qonaqpərvərliyi və zəngin mədəni mühit bizim bu ölkəyə daha da bağlanmağımıza səbəb olub”.
Ölkəmizdə təhsil almaq qərarının səbəbinə gəlincə, Negah Əzizinin sözlərinə görə, o, Azərbaycanda mövcud olan təhsil imkanlarından yararlanmaq qərarına gəlib: “Məqsədim burada əldə edəcəyim təhsil və rəsmi diplom əsasında gələcəkdə ixtisasım üzrə müstəqil peşə fəaliyyətinə başlamaq və şəxsi iş qurmaqdır”.
Bunun üçün də məhz peşə təhsilini seçən Negah Əzizi deyir ki, həmişə nəzəri və praktik yönümlü təhsil sahələrini seçməyi üstün tutub: “Şəxsi zövq və xüsusiyyətlərimə uyğun peşə təhsili proqramları var. Əldə etdiyimiz məlumatlara əsaslanaraq həyat yoldaşımla məsləhətləşdik və onunla qərarımız belə oldu”.
Müəssisəni isə həyat yoldaşının bir dostunun tövsiyəsi ilə seçib: “Peşə təhsili müəssisəsini seçdikdən sonra onlayn qeydiyyatdan keçdik. Sonrakı mərhələlərdə müəllimlərimizdən dəstək aldıq. Onların köməyi ilə qeydiyyatın bütün mərhələlərini tamamladıq və mən “Turizm” ixtisası üzrə qeydiyyatdan keçdim”.
Negah Əzizi bildirir ki, onun ailəsində təhsilə önəm verilib. Ailəliklə səriştəyə əsaslanan peşələrə, incəsənətə meyillidirlər: “Mədəni dəyərləri olan ailədə dünyaya gəlmişəm. Sənət, təhsil və mədəni fəaliyyətlərlə zəngin bir mühitdə böyümüşəm. Belə ki, atam ali təhsillidir, hazırda Urmiya şəhərində beynəlxalq teatr münsifi, ssenari müəllifi və teatr rejissoru kimi peşəkar fəaliyyət göstərir. Anam təbiət elmləri (biologiya) ixtisası üzrə orta təhsil (diplom) alıb. Ailəmizin təhsil və mədəni inkişafında mühüm rol oynayıb. Böyük qardaşım Novid incəsənət və teatr aktyorluğu sahəsində təhsil alıb, eyni zamanda peşəkar və beynəlxalq səviyyəli fotoqraf kimi tanınır. O, Urmiya şəhərində musiqi və fotoqrafiya üzrə tədris müəssisəsinin rəhbəridir. İkinci qardaşım ali təhsilli bədən tərbiyəsi mütəxəssisidir, peşəkar bodibildinq məşqçisi və İranda beynəlxalq bodibildinq yarışlarının münsifidir. Həmçinin Urmiya şəhərində peşəkar bodibildinq zalının idarəçiliyini həyata keçirir”.
Əməkdaşlıqla böyüyən uğurlar
Turizm və Sosial xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində həm də xarici ölkə vətəndaşlarını əhatə edən layihələr həyata keçirilir. Z.Cəfərli həmin layihələrdən də bəhs edib: “Bir neçə ildir ki, peşə təhsilində uğurlu layihələr həyata keçirilir. Dual təhsil proqramı buna nümunədir. 2025/2026-cı tədris ilindən “CASA Baku” MMC və “İMZA Group” MMC ilə birgə əməkdaşlıq çərçivəsində tələbə qəbulu prosesi həyata keçirilib.
“CASA Baku” MMC-nin təşəbbüsü ilə həyata keçiirlən layihənin iştirakçıları arasında bir Türkiyə vətəndaşı da var.
“Böyük ehtimalla gələn il də başqa ixtisas üzrə təhsil alacağam”
Savaş Ərsoy Türkiyə vətəndaşıdır. Həmin ölkədə iş-güc sahibidir. Belə ki, o, İstanbulda vəkillik fəaliyyəti ilə məşğuldur. Hazırda Bakıda yaşayan Savaş Ərsoy burada “Aşpazlıq” ixtisası üzrə peşə təhsili alır. Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin xarici ölkə vətəndaşı olan tələbələrindən biridir.
Hobbi olaraq özünə peşə seçib və dediyinə görə, indi aşpazlıq oxuyur, gələn tədris ili üçün keçiriləcək qəbul prosesində də bəlkə fotoqraflığı seçəcək: “İşim günün birinci yarısı olur, saat 1-dən sonra boş oluram. Ona görə də, vaxtımı boş keçirməmək, bu boşluqdan istifadə edərək özümü inkişaf etdirmək, əhatə dairəmi genişləndirmək, daha çox insan tanımaq üçün başqa bir peşəyə də sahib olmaq istədim. Aşpaz olmağı o qədər də istəmirdim, “Foto-video operator” ixtisasına da yiyələnə bilərdim. Bu ixtisaslardan hər hansı biri ola bilərdi. Təsadüfən “Aşpazlıq” ixtisası oldu. Böyük ehtimalla gələn il də başqa ixtisas üzrə təhsil alacağam. Bəlkə Bakıdakı təhsil müəssisələrindən birində fotoqraf olmağın sirlərini öyrənərəm. Hətta öz ixtisasım üzrə təhsil səviyyəmi artıra bilərəm. Amma hələlik “Aşpazlıq” oxuyuram”.
Bakıda təhsil onun üçün heç çətin deyil: “İsveçrədən gəlmişəm, orada təhsil alman dilindədir. Ona görə həmin ölkədə təhsil almaq mənim üçün çətin ola bilərdi. Amma Bakıda eyni dildə danışırıq. Danışılanların 90 faizini anlayıram. Bu mənada Azərbaycanda təhsil almaq mənim üçün çətin deyil”.
S.Ərsoy “Aşpazlıq” ixtisası üzrə universitetdə oxuyacağını düşünürmüş: “Elə sanmışdım ki, Azərbaycanda da bu ixtisas universitetdə tədris olunur. Çünki bizim ölkəmizdə “Aşpazlıq” universitetdə tədris edilir”.
O, peşə təhsili almaq üçün keçdiyi prosesdən də danışıb: “Bakıya köçdükdən sonra məsləhətçimə günortadan sonra təhsil almaq istədiyimi söylədim. O da mənə tövsiyə olaraq variantlar təqdim etdi. Onun təklif etdiyi variantlarda Bakıda olan 3 peşə təhsil mərkəzi vardı. Mən də onlardan birini seçdim. Sənədlərimi təqdim etdim. Hər hansı imtahan olmadan məni peşə təhsil mərkəzinə qəbul etdilər. Sadəcə tələb olunan sənədləri hazırlayıb təqdim etdim. 1 il təhsil alacağam və 5000 manat təhsil haqqı ödəyəcəyəm”.
Xatırladaq ki, xarici ölkə vətəndaşları dövlət peşə təhsili müəssisələrində yalnız ödənişli əsaslarla təhsil ala bilər. Azərbaycanda peşə təhsilində tədris Azərbaycan və rus dillərində aparılır. Şəxslər peşə təhsili müəssisələrinə qəbul zamanı ixtisas seçimini öz istək və seçimlərinə uyğun şəkildə həyata keçirirlər.



