Kamboca erkən uşaqlıq təhsilini gələcək əmək bazarının əsası hesab edir

20 May, 2026 - 09:43
Kamboca erkən uşaqlıq təhsilini gələcək əmək bazarının əsası hesab edir

Kamboca hökuməti erkən uşaqlıq təhsilinə investisiyanın gələcəyin peşəkar və dayanıqlı əmək bazarının formalaşdırılması üçün əsas amillərdən biri olduğunu açıqlayıb.

“Azərbaycan müəllimi” xarici KİV-ə istinadən xəbər verir ki, Kambocanın təhsil naziri Hanq Çuon Naron Böyük Britaniyada keçirilən 22-ci Dünya Təhsil Forumunda çıxışı zamanı erkən yaş dövrünün uşaqların öyrənmə, uyğunlaşma və sosial inkişaf bacarıqlarının formalaşmasında həlledici rol oynadığını bildirib.

“Dəyişən dünya üçün erkən yaş təhsilinin inkişafı” mövzusunda keçirilən müzakirədə Özbəkistan, Kolumbiya və Slovakiya nümayəndələri ilə yanaşı beynəlxalq təhsil ekspertləri də iştirak ediblər.

Nazirin sözlərinə görə, keyfiyyətli məktəbəqədər təhsil yalnız sosial məsələ deyil, həm də daha məhsuldar və dayanıqlı cəmiyyətin qurulmasına yönəlmiş strateji investisiyadır.

Hanq Çuon Naron qeyd edib ki, həyatın ilk üç ilində beynin təxminən 80 faizlik əlaqələri formalaşır və bu mərhələ uşaqların intellektual, emosional və sosial inkişafının əsasını yaradır.

O bildirib ki, erkən təhsil uşaqlarda dil bacarıqları, riyazi düşüncə və problem həll etmə qabiliyyətlərinin inkişafına kömək edir, eyni zamanda məktəbdən yayınma və sinifdə qalma riskini azaldır.

Nazirin fikrincə, effektiv erkən uşaqlıq təhsili sistemi üçün peşəkar müəllim hazırlığı, oyun əsaslı kurikulumlar, təhlükəsiz təhsil mühiti, valideyn iştirakı və davamlı dövlət maliyyələşməsi vacibdir.

Statistikaya görə, Kambocada 3–5 yaşlı uşaqlar arasında məktəbəqədər təhsilə cəlbetmə səviyyəsi 2014–2015-ci tədris ilindəki 61,4 faizdən 2025–2026-cı tədris ilində 77,9 faizə yüksəlib.

Həmin dövrdə məktəbəqədər təhsilə cəlb olunan uşaqların sayı da 310 mindən 440 minə çatıb.

Qeyd edək ki, 22-ci Dünya Təhsil Forumu “Ortaq gələcək üçün təhsil: sülh, planet, məqsəd və inkişaf yolları” mövzusu altında keçirilir və tədbirdə dünyanın müxtəlif ölkələrindən təhsil nazirləri və ekspertlər iştirak edirlər.

Kamboca erkən uşaqlıq təhsilini gələcək əmək bazarının əsası hesab edir