“Kaş sonuncu dərs bədən tərbiyəsi olsaydı...” – Məktəbdə dərs cədvəli necə qurulur?
Yəqin ki, çoxumuz məktəb illərində sonuncu dərsin bədən tərbiyəsi olduğunu eşidəndə sevinib, riyaziyyatdan çıxıb fizika dərsinə girdiyimizi biləndə isə bir qədər məyus olmuşuq. Həmin vaxt bunun sadəcə dərslərin təsadüfi ardıcıllığı olduğunu düşünürdük. Bəs görəsən, bu ardıcıllıq necə müəyyənləşdirilir? Dərs cədvəlini kim hazırlayır və fənlərin ardıcıllığı hansı prinsiplərlə müəyyənləşdirilir?
“Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarına əsasən, şagirdlərin dərs cədvəlləri gündəlik və həftəlik əqli iş gərginliyinin səviyyəsi nəzərə alınmaqla tərtib olunur.
Dərs cədvəlləri hazırlanarkən aşağı sinif şagirdləri üçün gün və həftə ərzində əsas fənlər musiqi, təsviri incəsənət, texnologiya və fiziki tərbiyə fənləri ilə, yuxarı siniflər üçün isə təbiət, riyaziyyat və humanitar fənlərlə əvəzlənməlidir.
Praktika göstərir ki, məktəblərdə dərs cədvəlləri adətən direktor müavinləri tərəfindən tərtib edilir. 261 nömrəli məktəb-liseydə təlim-tərbiyə işləri üzrə direktor müavini Samirə Məhərrəmova “Azərbaycan müəllimi”nə açıqlamasında dərs cədvəllərini necə tərtib etdiyindən bəhs edib.
O bildirib ki, dərs cədvəli şagirdlərin yaş xüsusiyyətləri, fənlərin çətinlik dərəcəsi, müəllimlərin dərs yükü və sanitar-gigiyenik tələblər nəzərə alınmaqla hazırlanır:
“Dərs cədvəlini hazırlayarkən, ilk növbədə, tədris planını və həftəlik dərs yükünü əsas götürürəm. Sonra siniflər, müəllimlərin dərs yükü, kabinetlər və növbəlilik nəzərə alınır. Fənlərin çətinlik dərəcəsinə uyğun olaraq gün və həftə ərzində düzgün bölgüyə diqqət edirəm. Şagirdlərin yaş xüsusiyyətləri və gün ərzində zehni yorğunluğu nəzərə alınaraq əsas fənlərin daha əlverişli saatlara salınmasına çalışıram. Eyni zamanda müəllim və kabinet toqquşmalarının qarşısını alıram. Hazır cədvəli bir neçə istiqamətdə yoxladıqdan sonra məktəb rəhbərliyinin təsdiqinə təqdim edirəm”.
“Ağır fənlər ard-arda salınmır”
Direktor müavininin sözlərinə görə, dərs cədvəli tərtib edilərkən şagirdlərin yaş xüsusiyyətləri ilə yanaşı, gün ərzində diqqət və zehni fəaliyyətin dəyişməsi, həmçinin fənlərin mürəkkəblik dərəcəsi nəzərə alınır:
“Əsas meyarlardan biri şagirdlərin günün ilk saatlarında diqqət və iş qabiliyyətinin daha yüksək olmasıdır. Buna görə Azərbaycan dili, riyaziyyat, xarici dil kimi daha çox zehni fəaliyyət tələb edən fənlərin əlverişli dərs saatlarında yerləşdirilməsinə üstünlük verilir. İkinci meyar fənlərin çətinlik dərəcəsidir. Eyni gündə çoxsaylı ağır fənlərin ard-arda salınmasına yol verilmir, fənlər şagirdlərin yorğunluğunu nəzərə alaraq mümkün qədər növbələşdirilir. Üçüncü meyar həftəlik yükün günlər üzrə düzgün bölüşdürülməsidir. Fənlərin saatları həftənin ayrı-ayrı günlərinə optimal şəkildə paylanır. Bundan əlavə, şagirdlərin yaş qrupları, dərs və tənəffüs müddəti, fiziki və zehni fəaliyyətin növbələşməsi də nəzərə alınır. Yəni məqsəd elə cədvəl hazırlamaqdır ki, həm tədrisin səmərəliliyi, həm də şagirdlərin sağlamlığı və psixoloji rahatlığı təmin olunsun.
Müsahibimiz qeyd edib ki, riyaziyyat, fizika, kimya kimi yüksək diqqət və məntiqi təfəkkür tələb edən fənlərin mümkün qədər ardıcıl dərslərə və eyni günün bütün ağır saatlarına yığılmamasına çalışır:
“Əsas metodik addımım fənlərin optimal növbələşdirilməsidir. Məsələn, ağır zehni yük tələb edən fəndən sonra incəsənət, texnologiya, fiziki tərbiyə və ya nisbətən yüngül fənnin yerləşdirilməsinə üstünlük verirəm. Eyni zamanda yaş qruplarını da nəzərə alıram. Kiçik yaşlı şagirdlərdə yorulma daha tez baş verdiyi üçün onların cədvəlində zehni və fiziki fəaliyyətin növbələşməsinə xüsusi diqqət yetirirəm. Bundan başqa, həftəlik dərs yükünü günlər üzrə balanslaşdırıram, eyni gündə çox sayda mürəkkəb fənnin toplanmasına yol verməməyə çalışıram. Hazır cədvəli isə müəllimlərin dərs yükü, kabinet imkanları və şagirdlərin tədris yükü ilə birlikdə təhlil edirəm. Beləliklə, cədvəlin hazırlanmasında əsas prinsipim şagirdin öyrənməsi üçün optimal tədris mühitinin yaradılmasıdır”.
Gün ərzində 7-8 dərs olduğu hallarda şagirdlərin dərs yükünün balanslaşdırılması üçün hansı prinsiplər tətbiq edildiyindən bəhs edən Samirə müəllim qeyd edib ki, həftəlik və gündəlik dərs yükü balanslaşdırılarkən əsas məqsəd şagirdin həddindən artıq zehni və fiziki yorulmasının qarşısını almaqdır:
“Bunun üçün bir neçə prinsip tətbiq edirəm. Birincisi, yüksək zehni yük tələb edən fənləri – riyaziyyat, fizika, kimya, Azərbaycan dili və xarici dil kimi fənləri gün ərzində mümkün qədər optimal saatlarda yerləşdirirəm və onların ardıcıl şəkildə yığılmasına yol vermirəm. İkincisi, ağır və nisbətən yüngül fənləri növbələşdirirəm. Zehni gərginlik tələb edən dərslərdən sonra fiziki tərbiyə, texnologiya, incəsənət və digər fəaliyyət yönümlü dərslərin yerləşdirilməsi şagirdin diqqətinin yenilənməsinə kömək edir. Daha sonra 7 saatlıq dərs günlərində dərslərin çətinlik dərəcəsini günün saatlarına uyğun bölüşdürürəm. Eyni zamanda həftə ərzində bütün ağır fənlərin bir neçə günə toplanmasına imkan vermirəm. Xüsusilə aşağı yaş qruplarında gündəlik yükün onların fizioloji və psixoloji imkanlarına uyğun olmasına diqqət edirəm. Bundan əlavə, tənəffüzlərin səmərəli təşkilinə, dərslər arasında fiziki və psixoloji bərpa imkanlarının yaradılmasına diqqət yetirirəm. Mənim üçün əsas dərs saatlarının sayı qədər onların hansı ardıcıllıqla yerləşdirilməsi də vacibdir. Məqsəd şagirdin günün sonunda belə öyrənmə qabiliyyətini mümkün qədər qorumaqdır”.




