Kembricdə təhsil alan azərbaycanlı: Uğurun sirri qeyri-adi istedad deyil - MÜSAHİBƏ

6 İyul, 2026 - 17:03
Kembricdə təhsil alan azərbaycanlı: Uğurun sirri qeyri-adi istedad deyil

Kembric Universitetində magistratura təhsili alan Samin Hüseynov 2025-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Həmin ildən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Kembric Universitetində hüquq üzrə magistratura təhsilinə başlayıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, AZƏRTAC-ın müxbiri ilə söhbətində Samin Hüseynov bildirib ki, Kembric Universitetinin akademik nüfuzu haqqında hələ uşaqlıqdan məlumatlı olub. Bakalavriat təhsili dövründə universitetdə tədris olunan fənlər, təhsil mühiti və elmi heyətlə daha yaxından tanış olduqdan sonra magistratura təhsilini məhz burada davam etdirmək qərarına gəlib.

Hazırda kommersiya hüququ üzrə magistr təhsili alan Samin Hüseynov bildirib ki, bu sahəyə marağı bakalavriat təhsili zamanı yaranıb. Təhsil aldığı dövrdə kommersiya qurumlarında yarımştat hüquqşünas kimi çalışdığı üçün müəyyən praktiki biliklər əldə edib və magistratura təhsili ilə bu istiqamətdə özünü daha da təkmilləşdirmək istəyib. O hesab edir ki, bu sahədə təhsil almaq gələcəkdə əmək bazarında seçilən kommersiya hüquqşünaslarından biri olmasına kömək edəcək.

Kembric Universitetində hüquq təhsilinin əsas xüsusiyyətlərindən danışan müsahibimiz qeyd edib ki, burada tələbələrdən mühazirələrdən əvvəl bütün materiallarla tanış olmaları gözlənilir və əsas məsuliyyət onların üzərinə düşür. Bundan əlavə, materialların əzbərlənməsi deyil, onların mahiyyətinin dərk edilməsi tələb olunur ki, bu da analiz və məntiqi mühakimə bacarıqlarının inkişafına şərait yaradır.

O, Kembricin tələbə şəhəri olmasına da diqqət çəkib. Bildirib ki, tələbələrin sosiallaşması üçün çoxsaylı imkanlar və cəmiyyətlər fəaliyyət göstərir. Xüsusilə kollec sistemi onun diqqətini cəlb edib. Tədris fakültələrdə aparılsa da, tələbələr birlikdə yaşayırlar ki, bu da onların şəhərə daha tez uyğunlaşmasına kömək edir.

Samin Hüseynov hazırda Kembric Universiteti Azərbaycanlı Tələbələr Cəmiyyətinin vitse-prezidenti vəzifəsini də icra edir. O deyib ki, əsas fəaliyyətləri Azərbaycanın mədəniyyətini və tarixini universitetdə tanıtmaqdan ibarətdir. Bu məqsədlə xarici tələbələrin də iştirak etdiyi müxtəlif tədbirlər təşkil edirlər.

Sonuncu dəfə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçiriblər. Tədbirdə müxtəlif ölkələrdən və universitetlərdən tələbələr iştirak edib. Azərbaycanın tarixi və region reallıqları barədə təqdim olunan məlumatlar xarici tələbələrdə xüsusi maraq doğurub.

Gələcək planlarından danışan həmsöhbətimiz qeyd edib ki, magistratura təhsilini başa vurduqdan sonra kommersiya və bank hüququ sahəsində fəaliyyət göstərəcək. O, peşə fəaliyyətini Azərbaycanda davam etdirmək fikrindədir.

Xaricdə, xüsusilə dünyanın aparıcı universitetlərində təhsil almaq istəyən azərbaycanlı gənclərə tövsiyə verən müsahibimiz bildirib ki, tələbəlik illərini yalnız yüksək qiymətlər toplamaq üçün deyil, həm də hərtərəfli inkişaf etmək üçün fürsət kimi dəyərləndirmək lazımdır. Aparıcı universitetlər namizədlərin akademik göstəriciləri ilə yanaşı, təşəbbüskarlığına, liderlik bacarıqlarına, tədqiqat maraqlarına və praktiki təcrübəsinə də böyük önəm verirlər.

O əlavə edib ki, ingilis dilini, xüsusilə akademik yazı və ünsiyyət bacarıqlarını erkən mərhələdən inkişaf etdirmək vacibdir. Xarici universitetlərdə uğur qazanmaq üçün yalnız dili bilmək kifayət etmir, fikirləri məntiqi, dəqiq və inandırıcı şəkildə ifadə etməyi bacarmaq da böyük əhəmiyyət daşıyır.

Samin Hüseynov bildirib ki, Kembric Universitetində aldığı ən böyük həyat dərsi kənardan əlçatmaz görünən məqsədlərin ardıcıl və düzgün istiqamətdə çalışdıqda reallaşa bilməsidir. Onun sözlərinə görə, bəzən müəyyən uğurlar yalnız seçilmiş insanlar üçün nəzərdə tutulmuş kimi görünür. Lakin həmin mühitdə olduqda aydın olur ki, oradakı insanların əsas üstünlüyü qeyri-adi istedad deyil, sistemli zəhmət, intizam və özünəinamdır.

Müsahibimiz vurğulayıb ki, Kembricdə öyrəndiyi digər mühüm dərs isə öyrənmə prosesinin heç vaxt bitməməsidir. Professorlar da, tələbələr də daim yeni bilik axtarışındadırlar və bu mühit insana uğur əldə etdikdən sonra da inkişafını davam etdirməyin vacibliyini öyrədir.