Kənan Kərimzadə: Ətraf mühitin mühafizəsi həm təhsil, həm də gələcək nəsillərin rifahı məsələsidir

2 Noyabr, 2025 - 16:08
Kənan Kərimzadə: Ətraf mühitin mühafizəsi həm təhsil, həm də gələcək nəsillərin rifahı məsələsidir

“Elm və Təhsil Nazirliyi olaraq ekoloji təhsili və davamlı inkişafı milli strategiyamızın əsas prioritetlərindən biri hesab edirik. Məqsədimiz təkcə savadlı deyil, eyni zamanda innovativ, yaradıcı və qlobal düşüncəyə malik nəsil yetişdirməkdir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Kənan Kərimzadə EcoMind 2025: Təhsil və Ətraf Mühitin Birgə Yenidən Düşünülməsi konfransında söyləyib.

O bildirib ki, bu konfrans dəyərli müzakirələrə, yeni tərəfdaşlıqlara və praktik həllərə yol açacaq: “Eco-Mind: Təhsili və Ətraf Mühitin Birgə Yenidən Düşünülməsi” adlı konfrans məktəblərdə, ailələrdə və ümumilikdə cəmiyyətdə ekoloji düşüncəni formalaşdırmaq, ətraf mühitə dair maarifləndirməni artırmaq, bilik, təcrübə və məsuliyyət arasında mənalı dialoq yaratmaq məqsədi daşıyır. 

Hamınıza məlumdur ki, son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə üzrə genişmiqyaslı islahatlar həyata keçirilmişdir. Şübhəsiz ki, qlobal əhəmiyyət daşıyan və ekoloji davamlılığın önəmini vurğulayan COP29-un Azərbaycanda keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu geniş islahatlar elm və təhsil sahəsini də əhatə edir.

Son 20 ildə dövlət başçısının diqqət və qayğısı, milli proqramların və strategiyaların həyata keçirilməsi, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi nəticəsində ölkə üzrə 3600-dən çox məktəb yenidən inşa edilmiş və ya əsaslı şəkildə bərpa olunmuşdur. Nəticədə 1,3 milyondan çox şagird üçün tədris şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb”.

Nazir müavini bildirib ki, kurikulum və məzmun islahatları çərçivəsində dərsliklər müasir qlobal çağırışlara uyğun yenilənib: “Mövzular artıq təkcə nəzəri deyil, həm də praktiki və tətbiqi təlim yanaşmaları ilə təqdim olunur. Ətraf mühit və təbiətə əsaslanan təhsil sahəsində ölkə üzrə həyata keçirilən təşəbbüslər, o cümlədən “STEM Azərbaycan” layihəsi ekoloji və texnoloji mövzuları birləşdirərək 280 mindən çox şagirdi əhatə etmişdir.

Ölkənin bütün məktəbləri və STEM mərkəzləri müasir kompüterlər, rəqəmsal laboratoriyalar, qabaqcıl tədris vasitələri və yüksək sürətli internetlə təchiz olunmuşdur ki, bu da hər bir şagirdin innovativ və keyfiyyətli təhsilə çıxışını təmin edir. Ətraf mühitin mühafizəsi artıq yalnız təbiət məsələsi deyil, bu, həm təhsil, həm iqtisadiyyat, həm də gələcək nəsillərin rifahı məsələsidir. XXI əsrin çağırışları hər bir məktəbi, hər bir uşağı və hər bir valideyni həllin fəal iştirakçısına çevirir. Mən inanıram ki, “Eco-Mind” kimi təşəbbüslər məhz maarifləndirmənin əmələ çevrildiyi və təhsilin davamlı inkişafın mühərrikinə çevrildiyi vacib platformalardır”, – deyə Kənan Kərimzadə bildirib.