Kənd təsərrüfatı, balıqçılıq və meşə təsərrüfatı üzrə plan yerləri artırmağı planlaşdırırıq – Agentlik direktoru

18 Mart, 2026 - 10:36
Kənd təsərrüfatı, balıqçılıq və meşə təsərrüfatı üzrə plan yerləri artırmağı planlaşdırırıq

"Peşə təhsilinin inkişafı daim diqqətdədir. Bizim tələbə qəbulunun təxminən 60 faizi məhz regionlarda olan peşə təhsili müəssisələrinin payına düşür”. 

"Azərbaycan müəllimi" xəbər verir ki, bu fikirləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində keçirilən Aqrar biznes festivalında səsləndirib.

Agentlik direktoru qeyd edib ki, regionlardakı peşə mərkəzlərində kənd təsərrüfatı ixtisaslarına xüsusi diqqət yetirilir. Hazırda 47 peşə təhsili müəssisəsində 30-dan çox ixtisas üzrə təqribən 4000-dən çox tələbə kənd təsərrüfatı, balıqçılıq və meşə təsərrüfatı istiqaməti üzrə peşə təhsili alır: “Növbəti illərdə biz bu istiqamət üzrə olan ixtisasların və tələbə qəbulu yerlərinin sayını artırmağı planlaşdırırıq", - deyə PTDA-nın direktoru əlavə edib.